You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.

Take me to the main website

Cəbhə bölgəsində döyüşlər - bazar günü nə baş verdi?

Azərbaycan Müdafiə Nazirliyi bazar günü səhər saatlarında bildirib ki, Ermənistan Tərtər, Cəbrayıl və Füzuli istiqamətlərindəki yaşayış məskənlərini atəşə tutub və Azərbaycan ordusu mülki əhalinin təhlükəsizliyini müdafiə etmək üçün bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayıb.

Canlı reportaj

  1. YouTube kanalımızda döyüşlər barədə bəzi videolarımız da var

  2. Azərbaycan və Rusiya nazirləri telefonla danışıblar

    Azərbaycan və Rusiya Xarici İşlər nazirlərinin telefon danışığı zamanı rusiyalı nazir bölgədə mövcud olan vəziyyət ilə əlaqədar narahatlığını ifadə edib və atəşkəsin bərpa olunmasının vacibliyini qeyd edib.

    Azərbaycan tərəfi bu danışığın qarşı tərəfinin təşəbbüsü əsasında baş tutduğunu bildirib.

  3. Təcili xəbər, Azərbaycanın bəzi şəhər və rayonlarında komendant saatı elan olundu

    Azərbaycan Parlamentinin bu gün keçirilmiş xüsusi plenar iclasında Konstitusiyasın müvafiq (109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsi) maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin fərmanı əsasında ölkənin bəzi şəhər və rayonlarında hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı qərar qəbul olunub.

  4. Ermənistan tərəfi Azərbaycanın "10 tankının, 4 helikopterinin və 15 dronunun vurulduğunu" iddia edib.

    Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü Vaqif Dərgahlı bu məsələyə şərh verməyəcəyini deyib.

    Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyan bir qədər əvvəl keçirdiyi brifinqdə deyib ki, Dağlıq Qarabağda hərbi hissələrə zərbə yetirilib, lakin cüzi zərər vurulub.

    “Müxtəlif ordu obyektlərinə raket və aviasiya zərbələri endirilib. Müəyyən, əsasən kiçik dağıntılar var”, - o deyib.

    Ermənistan tərəfi döyüşlərin bütün təmas xətti boyunca davam etdiyini bildirib.

  5. Təcili xəbər, Millət vəkili: "Komendant saatı tətbiq ediləcək"

    Azərbaycanda əsas şəhərlərdə komendant saatı tətbiq ediləcək. Milli Məclisin deputatı Aydın Mirzəzadə BBC News Azərbaycancaya bildirib.

    “Cənab Prezident hərbi vəziyyət elan edilməsi barədə sərəncam imzalayıb. Prezidentin hərbi vəziyyət haqqında sərəncamı təsdiq edildikdən sonra həmin o sərəncamda nəzərdə tutulduğu kimi əsas şəhərlərdə komendant saatı tətbiq ediləcək. Hal-hazırda parlamentdə onun müzakirəsi gedir.”

    Aydın Mirzəzadə deyib ki, çıxış edən deputatlar sərəncamın təsdiq edilməsinin tərəfdarıdırlar: “O cümlədən, mən də onun təsdiqinə tərəfdarlığım barədə çıxış etdim”.

    Millət vəkili tezliklə bu barədə geniş məlumat veriləcəyini bildirib.

    Milli Məclisin bu gün çağırılan təcili iclasında ölkədə hərbi vəziyyətin elan edilməsi məsələsi müzakirə olunub.

  6. Beynəlxalq Qırmızı Xaç Komitəsi: "Münaqişənin böyüməsinin humanitar təsirindən narahatıq"

    Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) təmas xətti boyunca sentyabrın 27-də başlayan münaqişənin böyüməsinin humanitar təsirindən narahatdır.

    Hər iki tərəfdən itkilər arasında mülki şəxslərin olduğu bildirilir, qurum açıqlayıb.

    BQXK tərəfləri mülki həyatın və infrastrukturun qorunması üçün bütün lazımi tədbirləri görməyə çağırıb.

    "Bu gərginlikdən təsirlənənlərə kömək etmək və dəstəkləməklə yanaşı, neytral vasitəçi kimi çıxış etmək öhdəliyimizi təkrar edirik", - BQXK-nın regional direktoru Martin Schüepp deyib.

    “Biz tərəfləri beynəlxalq humanitar hüququn prinsiplərinə riayət etmək üçün hər zaman mümkün olan bütün səyləri göstərməyə çağırırıq”.

    BQXK 1992-ci ildən bəri Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bölgədə humanitar iş aparır.

  7. Ağdərə istiqamətində Ermənistan hərbi komandanlığına "təslim olma çağırışı edilib"

    Azərbaycan dövlət televiziyasında Müdafiə Nazirliyi Ağdərə bölgəsində Ermənistanın hərbi komandanlığına təslim olma çağrışı edib.

    Məlumatda deyilib ki, “Ağdərədəki hərbi qarnizonun tam məhv edilməməsinə və itkilərin sayının çox olmaması üçün onlar silahı yerə qoymalıdırlar”.

    “Hərbi əsir və mülki girovlarla Cenevrə Konvensiyasının tələblərinə və beynəlxalq hüquqa uyğun rəftar olunacaq”, - dövlət televiziyasında yayılan məlumatda deyilib.

  8. Ermənistan: "Vardenis şəhəri atəşə tutulub"

    Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyan deyib ki, bazar günü səhər saatlarında Azərbaycan Silahlı Qüvvələri "həmçinin Ermənistan istiqamətində də atəş açıblar".

    Onun sözlərinə görə, "Azərbaycan tərəfindən Ermənistanın Vardenis şəhəri atəşə tutulub. İtkilər və dağıntılar olmayıb. Bundan başqa, gün ərzində Ermənistan ərazisi atəşə məruz qalmayıb."

  9. Roma Papası Francis: "Qafqazdan narahatedici xəbərlər gəlir"

    Roma Papası Francis Dağlıq Qarabağdakı vəziyyət fonunda Qafqazda sülhə və hər hansı fikir ayrılıqlarının həllində güc üsullarından imtina etməyə çağırıb.

    Pontifik bunu bazar günü Müqəddəs Peter meydanında dindarlara ənənəvi messası ilə müraciət edərkən bildirib.

    "Qafqazdan narahatedici xəbərlər gəlir. Bu regionda sülh üçün dua edirəm və münaqişə tərəflərinə müraciət edərək qardaşlığa doğru və bütün problemlərin gücdən istifadə etmədən həll olunması üçün konkret addımlar atmağa çağırıram", - Roma Papası deyib.

  10. Rabitə Nazirliyi: "İnterneti ölkə üzrə Ermənistanın törədə biləcəyi təxribatların qarşısını almaq üçün məhdudlaşdırmışıq"

  11. Yerevanda səfərbərliyə dair görüntülər yayılıb

    Bu görüntülər Ermənistan Baş naziri Nikol Paşinyanın ölkədə səfərbərlik elan etməsindən sonra yayılıb.

  12. Ermənistan Səhiyyə Nazirliyi vətəndaşları könüllü qan verməyə çağırıb

    “Qan ehtiyatlarını tamamlamaq üçün könüllü donorluğa qoşulmağa çağırırıq. Hamımızın anlaması gərəkdir ki, yalnız verdiyimiz qan sayəsində insanların həyatını xilas etmək olar”, - nazirliyin məlumatında deyilir.

    Səhiyyə Nazirliyində qeyd ediblər ki, Qarabağ hadisələri ilə bağlı məlumat yayılandan sonra könüllü donorlar tibb müəssisələrinə gəlməyə başlayıb.

  13. Təcili xəbər, Daha bir kənd azad edilib - Media yazır

    Yerli agentliklər Müdafiə Nazirliyinə istinadən Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyini yazır. Ermənistandan bununla bağlı hələ ki, şərh yoxdur.

    Müdafiə Nazirliyinin sözçüsü Vaqif Dərgahlı BBC News Azərbaycancaya deyib ki, mühairbə gedir və strateji nöqtələr atəşə tutulur.

    O bildirdi ki, müharibə Azərbaycanın işğal altında olan ərazilərdə, o cümlədən Dağlıq Qarabağda gedir.

  14. Almaniya: "Bu münaqişəni yalnız danışıqlar yolu ilə həll etmək olar"

    Almaniyanın Xarici İşlər Naziri Ermənistan və Azərbaycanı deeskalasiyaya və danışıqlara çağırıb.

    Heiko Maas-ın sözlərinə görə, bu münaqişəni ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə "yalnız danışıqlar yolu ilə" həll etmək olar.

    Ermənistan və Azərbaycan döyüş əməliyyatlarını dərhal dayandırmalıdır, Dağlıq Qarabağ ətrafındakı böhran dinc diplomatik yolla həll olunmalıdır.

    "Münaqişənin hər iki tərəfini bütün hərbi əməliyyatları dərhal dayandırmağa çağırıram. Xüsusilə kənd və şəhərlərin atəşə tutulmasını", - Maas bildirib.

    "Ermənistan və Azərbaycan geniş danışıqların xeyrinə güc üsullarından dərhal imtina etməlidirlər", - Maas əlavə edib.

  15. Richard Giragosian cəbhədə döyüşləri şərh edir

    Regional Araşdırmalar Mərkəzinin (RSC) direktoru Richard Giragosian Facebook səhifəsində yazır ki, “Azərbaycanla Ermənistan arasındakı söz müharibəsini daha da diqqət yayındırıcı və dağıdıcı edən odur ki, hərbi gerçəklik Ermənistan və Qarabağ tərəfləri üçün qüvvələrin tamamilə müdafiə mövqeyində dayanmasını, bu səbəbdən də Ermənistanın hücum etməsi barədə Azərbaycanın iddialarında az məntiq və hətta daha az etibarlılığı diktə edir.

    Möhkəmlənmiş müdafiə mövqelərinin müdafiəçiləri taktiki üstünlüklərini azaldan və ya heçə endirən riskli bir hücuma keçərək niyə bu üstünlüklərini əldən verməlidilər?

    Aydınlıq üçün qeyd olunmalıdır ki, siyasi-diplomatik kontekstdən fərqli olaraq, sırf hərbi baxımdan, döyüşə birinci kimin başlaması az əhəmiyyətli və ümumən götürəndə, işə dəxli yoxdur, çünki döyüşlər başladıqdan sonra, hərbi əməliyyatlar öz məntiqinə və əməliyyat tempinə uyğun inkişaf edir.”

  16. ATƏT-in Minsk qrupu: "Hərbi əməliyyatları narahatlıqla müşahidə edirik"

    ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca irimiqyaslı hərbi əməliyyatları narahatlıqla müşahidə edirlər, ATƏT-in Minsk Qrupu həmsədrlərinin açıqlamasında deyilir:

    “Zor tətbiq edilməsini şiddətlə qınayırıq və mülki insanlar da daxil olmaqla, mənasız insan itkisinə təəssüf edirik. Həmsədrlər tərəflərə hərbi əməliyyatları dərhal dayandırmağa və münaqişənin davamlı həll yollarını tapmaq üçün danışıqları bərpa etməyə çağırırlar”.

    Həmsədrlər tərəfləri vəziyyəti yerində sabitləşdirmək üçün “bütün lazımi tədbirləri görməyə çağırır və münaqişənin sülh-danışıqlar yolu ilə həllinə alternativ olmadığını təkrar” bəyan ediblər.

  17. Avropa İttifaqı döyüşlərin "dərhal dayandırılmasına çağırır"

    Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Josep Borrell Fontelles Twitter-də bildirib ki, "Dağlıq Qarabağda narahatlıq yaradan gərginliyin artması regional sabitliyə xələl gətirir."

    "Avropa İttifaqı döyüş əməliyyatlarının dərhal dayandırılmasına, gərginliyin azaldılmasına və atəşkəsə ciddi əməl edilməsinə çağırır. ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəçiliyi ilə olan danışıqlara qayıdın. Minsk qrupu həmsədrlərinə təcili ehtiyac var," tvitdə qeyd edilib.

  18. Erdoğan: "Beynəlxalq ictimaiyyət bir daha öz ikili standartlarını sərgiləyir"

    Türkiyə Prezidenti Recep Tayyip Erdoğan cəbhədə döyüşlərlə bağlı Twitter-də bir necə şərh paylaşıb:

    "Erməni xalqını, onları fəlakətə sürükləyən rəhbərliyinə və bir oyuncaq kimi istifadə edənlərə qarşı gələcəklərinə sahib çıxmağa dəvət edərkən, bütün dünyanı işğala və zülmə qarşı apardıqları mübarizədə Azərbaycanın yanında olmağa çağırırıq.

    Ermənistanın təxribatçı təcavüzünə lazımi və kifayət qədər cavab verə bilməyən beynəlxalq ictimaiyyət bir daha öz ikili standartlarını sərgiləyir. Təxminən 30 ildir səhlənkar münasibətini qoruyan Minsk üçlüyü, təəssüf ki, həll yönümlü yanaşmadan çox uzaqdır.

    Azərbaycana qarşı hücumlarına yenisini əlavə edən Ermənistan bir daha bölgədəki sülh və əmin-amanlığa ən böyük təhdid olduğunu göstərdi. Türk Milləti hər zaman olduğu kimi bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanındadır."

  19. Baş Prokurorluq: 9 nəfər mülki yaralı var

    Baş Prokurorluq cəbhə xəttində döyüşlərin başlamasından sonra mülki əhalidən 9 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirildiyini qeyd edib.

    "Mülki əhali arasında həlak olanlar və yaralananlar var, o cümlədən çoxsaylı ev və mülki obyektlərə külli miqdarda ziyan dəyib. O cümlədən xırda və iri buynuzlu heyvan və ot tayaları məhv edilib",

    Prokurorluq istintaq əməliyyat tədbirləri həyata keçirildiyini bildiir.

  20. Ermənistan kəndlərin alınması xəbərini təkzib edib

    "Azərbaycan Müdafiə Nazirliyi tərəfindən guya 6 yaşayış məntəqəsinin ələ keçirilməsinə dair yayılan məlumatlar həqiqətə uyğun deyil", Ermənistanın Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan Facebook səhifəsində yazıb.