You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.

Take me to the main website

Parlament seçkisi: Səsvermə necə keçdi?

Bu gün Azərbaycanda növbədənkənar parlament seçkisi keçirilib. Canlı səhifəmizdə seçki və səsvermə prosesi ilə bağlı xəbər və videolar paylaşmışıq.

Canlı reportaj

  1. "Bu günkü parlament seçkisinin göstəricisi ATƏT-in Müşahidəçi Missiyasının hesabatı olacaq"

    Bu günkü parlament seçkisinin göstəricisi ATƏT-in Müşahidəçi Missiyasının hesabatı olacaq, Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Philip Barclay səfirliyin rəsmi Facebook səhifəsində yerləşdirilmiş video müraciətində deyib.

    “Böyük Britaniya səfirliyinin komandası parlament seçkisi günü rəsmi müşahidəçi olaraq bir sıra seçki məntəqələrinə baş çəkir. Seçkilər azad və uğurlu bir ölkə üçün həyati əhəmiyyət daşıyır. Bütün seçkilər şəffaf, əhatəli olmalı və namizədlərin yarışında bərabər imkanlar təklif edilməlidir,”- səfirliyin rəsmi Facebook səhifəsində qeyd edilib.

    “Bu gün gördüklərimizi şərh etmək niyyətində deyilik, çünki bu seçkilərin ən mühüm və ciddi təhlili ATƏT Missiyasının hesabatı olacaqdır", - Philip Barclay bildirib.

  2. Başqasının yerinə bülleten doldurmaq?

    15 saylı Yasamal I Seçki Dairəsinin 16 saylı Seçki Məntəqəsində əvvəlcə bir kişi həyat yoldaşının olduğu kabinəyə girmək istəyir. Buna izn verilmir. Bu halda o bülletenini həyat yoldaşına verir. Kabinədən çıxan qadın kişiyə bülleteni geri verir.

    Məntəqə sədri belə hadisənin baş vermədiyini bildirir.

    Komissiya üzvlərindən biri kişinin görmə çətinliyi olduğunu qeyd edir.

  3. Bu məntəqədə kənar adam aşkarlanıb

    45 Saylı Abşeron Seçki Dairəsinin 26 saylı məntəqəsinin olduğu yerdə olan şəxslərdən birinin kənar adam olduğu məlum olub. Belə ki, məntəqənin girişində, bir komissiya üzvünün yanında dayanan adam nə özünü təqdim edib, nə də vəsiqəsini göstərə bilib. Əvəzində məntəqədən çıxıb.

    Komissiya üzvü bunun əvəzində müxbirimizə onun "kənar yox, kənd adamı olduğunu" deyib.

    Müxbirimiz deyir ki, bəzi müşahidəçilər vəsiqələrini "boyunlarına taxmamışdılar".

    Həmçinin müşahidəçilər komissiya üzvləri və məntəqə sədrinin hərəkətlərini görə bilmirlər, dəhlizdə oturmuş müşahidəçilər seçicilərin qeydiyyatını və bülletenlərin verilməsini görmək üçün boylanıb baxmalıdırlar.

    Bu məntəqə Digah qəsəbəsində yerləşir.

  4. Bu məntəqədə seçici fəallığı "elan olunmayıb"

    15 saylı Yasamal I Seçki Dairəsinin 16 saylı Seçki Məntəqəsində hələ saat 10:00 və 12:00 üçün seçici fəallığı elan olunmayıb.

    Məntəqə sədri Simuzər Hacıbalayeva seçici fəallığının "hələ elan edilməyini, soruşulanda deyiləcəyini" və ona bunun üçün zəng edilmədiyini qeyd edib.

  5. Topa bülleten?

    54 saylı Şabran-Siyəzən DSK-nın 62 saylı seçki məntəqəsində Müsavat partiyasını təmsil edən müşahidəçi topa bülletenlər tutduğunu iddia edib.

    Partiyanın başqanı Arif Hacılı BBC News Azərbaycancaya bildirib ki, müşahidəçi Malik Zeynal bir seçici seçki qutusuna topa bülleten salmaq istərkən ona mane olub və həmin bülletenləri onun əlindən alıb.

    Arif Hacılının sosial mediada paylaşdığı vidoe görüntülərdə müşahidəçi əlində bir topa bülleten nümayiş etdirir və deyir ki, o bu bülletenlərin qutuya atılmasına mane olub.

    54 saylı Şabran-Siyəzən DSK-nın sədri Saleh Təhməzov BBC News Azərbaycancaya məsələdən xəbərsiz olduğunu və bununla bağlı şikayət almadıqlarını bildirib.

  6. Seçki qutuları ilə müşahidəçilər arasında məsafə nə qədər olmalıdır?

    45 Saylı Abşeron Seçki Dairəsinin 27 saylı məntəqəsində seçki qutuları ilə müşahidəçiləri bir otaq ayırır.

    Məntəqə sədri Fərrux Dəniyarov deyir ki, müşahidəçilər "görmədiyi üçün" qutunu otağın bir yerindən digər yerinə keçirib. Onun sözlərinə görə, seçki qutuları ilə müşahidəçilər arasında məsafənin fərqi yoxdur, əsas görünən yerdə olmasıdır.

  7. Eyni kabinədə səs verən cütlük

    15 saylı Yasamal I Seçki Dairəsinin 16 saylı Seçki Məntəqəsində bir cütlük səs vermək üçün eyni kabinəyə giriblər.

    Buna etiraz ediləndə, məntəqə sədri onları kabinədən çıxarmağa çalışır.

  8. Bəs seçki gününədək vəziyyət necə olub?, (Ümumi məlumat)

    Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib, 1600-dən çox şəxsin namizədliyi qeydə alınıb.

    Amma sonradan onlardan 320-yə yaxını namizədliyini geri götürüb.

    Azərbaycanda parlamentə seçkilər majoritar qaydada keçirilsə də, bəzi müxalif partiyalar öz nümayəndələri ilə seçkiyə qatılıb.

    Hakim Yeni Azərbaycan Partiyası, demək olar ki, bütün dairələr üzrə öz namizədini irəli sürüb.

    AXCP və bəzi müxalif qüvvələrin birləşdiyi Milli Şura seçkini boykot edib.

  9. Komissiya üzvü müşahidəçiyə: "Mən səndən də dəliyəm"

    15 saylı Yasamal I Seçki Dairəsinin 16 saylı Seçki Məntəqəsində bir müşahidəçi ilə komissiya üzvü arasında mübahisə düşüb.

    Müxbirimizin çəkdiyi videoda seçki komissiyasının üzvü olan kişi müşahidəçiyə "seçki qurtarsın, Yasamalın hansı tini-bucağı deyirsən, gedək görüşək" deyir.

    Müşahidəçi də videoda məntəqə sədrinin Ələkbər adlandırdığı komissiya üzvünə "səninlə dəqiq söhbət edəcəyik" deyə cavab verir.

    Məntəqə sədri komissiya üzvünə sakitləşməyi təklif edib.

    Komissiya üzvü müşahidəçiyə sonuncu xəbərdarlıq etdiyini, növbəti dəfə isə aktlaşdıracağını deyir.

  10. Müşahidəçilərə akt tərtib olunub

    16 Saylı Yasamal İkinci Seçki Dairəsinin 14 saylı məntəqəsində məntəqə sədri müşahidəçilərə qarşı akt tərtib edib, müşahidəçilər bundan narazılıq ediblər.

    Bu məntəqədə də müşahidəçilərin bəziləri seçki qutularını və seçki prosesini görə bilmədiklərini deyiblər.

    Bundan başqa, bura İordaniya və Livandan xarici müşahidəçilər gəlib, onlar seçki prosesinə nəzərdə tutaraq "hər şey yaxşıdır" deyiblər. Onların sözlərinə görə, onları bura Azərbaycan səfirliyi dəvət edib.

  11. Yenidən 15 saylı Yasamal I Seçki Dairəsinin 16 saylı Seçki Məntəqəsinə qayıdaq:

    Müxbirimiz deyir ki, dairə seçki komissiyasının sədri Cumar İsayev məntəqəyə gələrək müşahidəçiləri danışmaq üçün başqa otağa aparıb.

    Müşahidəçilərdən biri Cumar İsayevə müşahidə edə bilməməsindən şikayətlənib.

    "3-4 nəfər gəlib-getdilər. Başqa şey idilər. Biz burada müdaxilə etməsəydik, onlar gəlib işlərini görüb gedəcəkdilər", müşahidəçi bildirib.

    Bundan əvvəl müşahidəçilər şəxsiyyət vəsiqəsi olmayan, bu məntəqədə qeydiyyatda olmayan şəxslərin səs vermək istəməsinə etiraz ediblər.

    Cumar İsayev ona "oturun və müşahidənizi aparın" deyib.

  12. 10:00-da seçici fəallığı belə olub

    Saat 10.00-a olan məlumata görə, seçicilərin 12,57 faizi (670 min 86) səs verib.

    Bu məlumatı Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov verib.

  13. Müşahidəçilərin "qarşısını divar kəsir"

    9 Saylı Binəqədi İkinci Seçki Dairəsinin 1 saylı seçki məntəqələrində olan müxbirimizin sözlərinə görə, bu məntəqə müşahidəçilər otağın dar olduğundan şikayətləniblər.

    Bəzi müşahidəçilər deyiblər ki, qarşılarını divar kəsdiyi üçün qutunu görə bilmirlər.

    Müşahidəçi, eləcə də məntəqələrin yerləşdiyi məktəbin direktoru olan Ofeliya Məmmədova BBC News Azərbaycancaya bildirib ki, "qoyulan generatorun yeri dəyişilsə və müşahidəçilər həmin yerdə otursalar, o zaman qutunu görə biləcəklər".

    Otağın dar olmasına gəldikdə isə, məntəqə sədri buranın MSK ilə razılaşdırıldığını bildirib. Burada üç məntəqə yerləşir.

    Eləcə də müşahidəçilərdən biri müxbirimizlə video müsahibəsində qeyd edib ki, bu məntəqədə seçki gec başlayıb.

    "Biz yalnız 9-a 20 dəqiqə işləmiş, 25 dəqiqə işləmiş biz etiraz edirdik ki, biz bülletenləri görməmişik. Bu seçki prosesi başlaya bilməz. Bu etirazlardan sonra bizə bülletenlərin şəklini çəkmək icazəsi verildi. Amma sayım və möhürlənmə hadisəsi qarşımızda baş verməyib".

  14. Bu adam özünü "yüzbaşı adlandırıb

    Jurnalistlərimizdən biri 8 saylı Binəqədi birinci seçki dairəsinin 9 saylı seçki məntəqəsində özünün "yüzbaşı" olduğunu bildirən adamla tanış olub.

  15. Müşahidəçi başqa otaqda otura bilərmi?

    15 saylı Yasamal I Seçki Dairəsinin 16 saylı Seçki Məntəqəsində olan müxbirimiz deyir ki, müşahidəçilərin sayı çoxdur və onların bəzilərinə əyləşməyə yer yoxdur.

    Bu səbəbdən onlara digər otaqlarda əyləşmək təklif olunub.

  16. Bir seçici səs verdikdən sonra qeydiyyata alınır

    16 saylı Yasamal II Seçki Dairəsinin 29 saylı məntəqəsində olan müxbirimizin müşahidəsinə görə, seçki komissiyası bir seçiciyə şəxsiyyət vəsiqəsi olmadan bülleten verib. Seçici şəxsiyyət vəsiqəsini yalnız səs verdikdən sonra komissiya üzvlərinə göstərərək qeydiyyatdan keçib.

  17. 2 nəfər bir kabinədə

    15 saylı Yasamal I Seçki Dairəsinin 16 saylı Seçki Məntəqəsində olan müxbirimiz deyir ki, seçicilərdən biri "latınca oxuya bilmədiyini" dedikdən sonra məntəqə sədri birinin o şəxsə kömək etməsinə razılıq verib.

  18. Salam, canlı səhifədə xoş gördük. Burada səsvermə günü ilə bağlı xəbər və videolar paylaşacağıq.