Müxbirimizin müşahidələri, Müxbirimiz Günel Səfərova seçki dairələrindən müşahidələrini paylaşır.
- Müəllif, Günel Səfər
- Vəzifə, BBC Azərbaycanca müxbiri
Referenduma start veriləndə 18 saylı Nərimanov- Nizami seçki dairəsinin 5 saylı seçki məntəqəsində idim. Məntəqədə komissiya üzvləri yerindədir, müşahidəçi sayı isə 3-4 nəfərdir. Komissiya sədri boş qutuları müşahidəçilərə göstərir və bir müddət sonra səsvermə başlayır. Seçici sayı azdır. Səs verməyə gələn bir xanım və bir bəy yanaşı kabinlərə daxil olurlar.
Bəyin “Gözlərim görmür, eynəyimi unutmuşam, oxuya bilmirəm. Nə yazacağıq?” sözləri eşidilir.
Xanım belə cavab verir: “Hamısına hə yazacağıq.”
Eyni binada yerləşən 4 saylı seçki məntəqəsində də seçici sayı azdır.
Balaxanı ərazisində yerləşən 27 saylı Sabunçu 2-ci seçki dairəsinin 13 və 34 saylı seçki məntəqələri eyni məktəbdədir. Məntəqəyə seçkilərin başlanmasından 50 dəqiqə sonra daxil olmağıma baxmayaraq bülleten qutuları demək olar ki yarıya qədər dolduğunu müşahidə edirəm.
Məntəqələrin sədrləri səhər tezdən işə gedən insanların səs verdiyini deyirlər.
Növbəti dayanacağımız Nardaran qəsəbəsində yerləşən 28 saylı Sabunçu 3-cü seçki dairəsinin 14 və 27-ci seçki məntəqələri olur.
“Məntəqədə çox seçici gözə dəymir. İmişlidən olan bir nəfər səsvermə üçün yaxınlaşır, onun adını seçici siyahisinda olmur. “İmişlidənəm amma özüm burda yaşayıram” deyən vətəndaşın adını əlavə seçki siyahısına salırlar.
Səs verənlərin çoxu ya 2-2 ya da 3-3 məntəqəyə gəlir. Bəzi vətəndaşlar səs verərkən bir-biri ilə məsləhətləşir. Müşahidəçi və komissiya üzvlərinə kömək üçün müraciət edənlər də var.”
Qəsəbədə rastlaşdığım xanımlardan "referendumda səs verəcəksinizmi?" sualına yox cavabı alıram. Qadınlardan biri səbəbi belə izah edir ki, referendum barədə məlumatlı deyil, kimə və nəyə səs verəcəyini bilmir.






