F-35 və F-16: Türkiyə ordusunun inventarında hansı döyüş təyyarələri var?

    • Müəllif, Ece Göksedef
    • Vəzifə, BBC Türkcə
  • Çap edildi

Türkiyə ABŞ-la ortaq istehsal prosesinə qoşulduğu F-35 proqramından çıxarılandan, iki ildən çox davam edən lobbiçilik fəaliyyətləri nəticəsiz qalandan sonra yeni F-16 döyüş təyyarələri almaq və mövcud olanları yeniləmək üçün ABŞ-a müraciət edib.

Çıxarılma qərarına görə ABŞ-a sərt reaksiya verən və "Öz döyüş təyyarəmizi hazırlayacağıq" deyən Ankara niyə F-35-lər və Milli Döyüş Təyyarəsiylə müqayisədə köhnə nəsil olan F-16-ları almağa cəhd edir?

Türkiyə Hərbi Hava Qüvvələrinin inventarında olan döyüş təyyarələrini, ordunun ehtiyaclarını və modernləşdirmə planının bu ehtiyacı ödəyib-ödəyə bilməcəyini araşdırdıq:

Türkiyədə hansı döyüş təyyarəsindən neçə ədəddir, onların hansı xüsusiyyətləri var?

Hazırda Türkiyə ordusunun inventarında F-4E və F-16 döyüş təyyarələri var.

F-4E

1955-1974-cü illərdəki ABŞ-Vyetnam müharibəsi zamanı məşhurlaşmış, Amerika istehsalı olan F-4 təyyarələri ilk dəfə 1970-ci illərdə, ümumilikdə 40 təyyarə olmaqla Türkiyə ordusunun inventarına daxil edildi. O dönəmdə 10-dan çox ölkənin istifadə etməyə başladığı F-4E qırıcı-bombardmançı təyyarələrinin sonralar (1980-ci ilə qədər) daha 32-si alındı.

1980-ci illərdə 70 ədəd ikinci əl; 1991-1992-ci illərdə isə (Körfəz müharibəsi zamanı) 40 ədəd F-4E "Phantom" təyyarəsi Türkiyəyə hədiyyə edildi.

Daha sonra açıqlandı ki, ağıllı bombalardan və idarə olunan "hava-yer" raketlərindən istifadə bu təyyarələrin hücum imkanlarını əhəmiyyətli dərəcədə artırıb.

Beləliklə, 1990-cı illərdə Türkiyə ordusunun inventarında 182 ədəd F-4E döyüş təyyarəsi vardı.

1997-ci ildə İsraillə bağlanmış müqaviləyə əsasən, 2003-cü ilə qədər bu təyyarələrdən 54-ü təkmilləşdirildi və "F-4E Terminator 2020" adlandırıldı.

Amma 2-ci və 3-cü nəsil döyüş təyyarələri olan F-4E-lərin tez-tez qəzaya uğraması, sınması və yeni texnologiyalara yetişə bilməməsi cəmiyyətdə onlar haqqında mənfi rəy formalaşdırdı.

Bütün F-4E-lərin 2020-ci ilə qədər F-35-lər istifadəyə veriləndə mərhələli şəkildə istismardan çıxarılması planlaşdırılmışdı. Ancaq 15 iyul 2016-cı ildəki dövlət çevrilişi cəhdindən sonra Gülen camaatıyla əlaqələrinə görə işdən çıxarılan pilotların çoxunun F-16 pilotu olması və F-35 layihəsindəki gecikmələr bu planı təxirə salmaq məcburiyyəti yaratdı.

Hazırda onların hamısı, yəni 30-a yaxın F-4E təyyarəsi aktiv istifadədir.

İstismarı dayandırılan təyyarələr üç ölçü üzrə qiymətləndirilir:

  • ehtiyat hissələrinin təmiri;
  • ölkənin müxtəlif yerlərində abidə kimi sərgilənməsi;
  • Mexaniki Kimya İnstitutu tərəfindən xammal üçün əridilməsi.

Təqaüddə olan pilot, general-mayor Beyazıt Karakuş BBC Türkcəyə açıqlamasında deyib ki, F-4 parkının uçuş ömrü uzadılandan sonra heç bir problemlə üzləşməyiblər:

"Bu təyyarələr 2030-cu illərdən sonraya da yetəcək qədər modernləşdirilib. Hər bir təyyarə yenisi gələndə və ya ona qulluq xərcləri artanda istismardan çıxarılır. Amma hələlik F-4-lərdən istifadəyə davam ediləcək".

Bu təyyarələrin Cənubi Koreya, Yaponiya, Yunanıstan və İranda da (İslam İnqilabından əvvəl alınmış təyyarələrin təkmilləşdirilməsi yoluyla) istifadəsi davam edir.

F-16

1987-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına daxil edilən və Türk Təyyarə Sənayesi Anonim Şirkəti (TUSAŞ) tərəfindən böyük ölçüdə istehsal olunmağa başlayan F-16-ların müxtəlif modelləri var.

İlk modeli Blok 1 olan bu döyüş təyyarələrinin ən son modelləri Blok 70/72-lərdir.

Türkiyənin aldığı ilk F-16-lar Blok 30 modeli olub.

1987-1995-ci illərdə ordunun inventarına 160 ədəd F-16 daxil edilib. Onlardan 8-i ABŞ-dan alınmış, 152-si TUSAŞ tərəfindən yığılmışdı.

1999-cu ilə qədər inventara daha 80 F-16 əlavə olunub.

Beləliklə, 2000-ci illərin əvvəllərində Türkiyə Hərbi Hava Qüvvələrinin əsas gücünü 12 eskadrilyalıq F-16-lar təşkil edib.

ABŞ-ın razılığıyla istehsalında 5 ölkənin iştirak etdiyi F-16-ları TUSAŞ təkcə Türkiyə üçün deyil, başqa ölkələrə satmaq üçün də istehsal edib.

Ancaq 2000-ci illərdə F-16-lar qəza və xarab olma xəbərləriylə də gündəmə gəldi. Texnoloji inkişafa uyğunlaşdırmaq və gövdəsinin ömrünü uzatmaq üçün bu təyyarələrin modernləşdirilməsi prioritetə çevrildi.

"Lockheed Martin" şirkətiylə əldə olunan razılaşma çərçivəsində 2012-ci ildə Türkiyə 30 ədəd F-16 aldı.

Qəzaya uğramış və xarab olmuşlardan başqa, bu gün Türkiyə Hərbi Hava Qüvvələrinin istifadəsində 250-yə yaxın F-16 var. Mütəxəssislər deyirlər ki, istismar müddətləri və modernləşdirilmə səviyyələri dəyişdiyi üçün konkret say demək mümkün deyil.

Türkiyə Silahlı Qüvvələrinin açıqlamasına görə, ölkənin tez-tez hərbi əməliyyatlar keçirdiyi Şimali İraqda bəzən əməliyyat zamanı bir eskadrilyadan, yəni 20-dən çox F-16-dan istifadə olunur.

Ancaq 10 ildən artıqdır ki, inventara təzə təyyarələrin daxil edilməməsi mövcud F-16-ların yenilənməsi zərurətini doğurur.

F-16-ların modernləşdirilməsi

"Lockheed Martin" şirkətinin "Fighting Falcon", yəni, "Döyüşən şahin" adlandırdığı F-16-nın ən yeni konfiqurasiyası Blok 70/72-dir.

Türkiyə ordusunun inventarındakı ən qabaqcıl versiya Blok 50+-dır.

Təkmühərrikli qırıcılar kimi istehsal olunmağa başlayan F-16-ların Blok 40 versiyasında əvvəlcə gecəgörmə qabiliyyəti inkişaf etdirilib, daha sonra daşıya biləcəyi silah çeşidi artırılıb. Blok 50 isə qabaqcıl raketləri daşımaq qabiliyyətinə malikdir, radar xüsusiyyətləri yaxşılaşdırılıb, daşıya biləcəyi yanacaq miqdarı artırılıb və zirehlər əlavə edilib.

F-35-lər alınandan sonra Blok 30 F-16-ların 2035-ci ilə qədər mərhələli şəkildə ləğv edilməsi nəzərdə tutulurdu. Çünki kifayət sayda yeni təyyarə alındıqda köhnə modellərin təkmilləşdirilməsi və istifadəsi baha başa gəlir.

Ancaq Türkiyənin F-35 proqramından çıxarılması modernləşdirmə məsələsini bir daha önə çıxardı.

2005-ci ildə ABŞ administrasiyasıyla rəsmi Ankara arasında əldə olunan razılaşmaya əsasən, "Lockheed Martin"lə 1,1 milyard dollarlıq müqavilə imzalandı. Bu razılaşmaya əsasən, Türk Aerokosmik Sənayesi A.Ş. (Turkish Aerospace Industries Inc - TAİ) adlandırılmağa başlamış TUSAŞ və ASELSAN F-16-ların həm qabiliyyətinin artırılması, həm də modernləşdirilməsi üzərində işləməyə başladılar.

İlk sınaq 2010-cu ildə - təyyarədəki cihazların və silah sistemlərinin təkmilləşdirildiyi modernləşdirmə çərçivəsində 10 ədət F-16 üzərində həyata keçirildi. Nəticə uğurlu olduğu üçün yenilənmə daha 165 təyyarəyə tətbiq olundu.

Yəni, Türkiyənin inventarındakı F-16-ların yarıdan çoxu yerli imkanlarla modernləşdirilərək Blok 50+ səviyyəsinə çatdırıldı.

30-a yaxın F-16 Blok 30 döyüş təyyarəsi 8 min saatlıq uçuş planını yerinə yetirməyə yaxınlaşdıqca, bu müddəti 12 min saata çatdıracaq və onun ömrünü ən azı 2030-cu ilə qədər uzada biləcək təkmilləşdirməyə ehtiyac yarandı.

2016-cı ildə başlamış bu layihənin 2023-cü ildə başa çatdırılması planlaşdırılır.

Modernləşdirmə ehtiyacı ödəyə biləcəkmi?

İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr 2-ci və 3-cü nəsil döyüş təyyarələrindən də istifadə edirlər, amma 4 və 4+ nəsillərinə aid təyyarələri daha çoxdur.

Türkiyə ordusunun inventarındakı F-4E-lər 2-ci və 3-cü nəsil, F-16-larsa təkmilləşdirilmiş 3-cü nəsil kimi qiymətləndirilir.

F-16-ların ən qabaqcıl versiyaları 4 və 4+ nəsillərinə aid olanlardır.

Türkiyənin hazırda almaq istədiyi 4-cü nəsil F-16 Blok 70 təyyarələrində sürət xeyli artırılıb və hər cür hava şəraitində izləmə qabiliyyəti təkmilləşdirilib.

"Viper" F-16-larsa radarlarına görə 4+ kateqoriyasında qiymətləndirilə bilər.

"Viper" radarının F-35-dəkilərlə eyni olması texniki baxımdan onu bir pillə yüksəldir. Ancaq F-35-lərin radarlarında görünməzlik və sensor xüsusiyyətləri olduğu üçün onlar 5-ci nəsil sayılır.

Bu təyyarələr idarə olunan "hava-yer" və "hava-hava" raketləriylə yanaşı, dənizdən hücumların qarşısını almaq qabiliyyətinə də malikdir.

"Viper" modelinin əsas xüsusiyyəti yeni hazırlanmış 5-ci nəsil döyüş təyyarələri ilə koordinasiyada işləyə bilməsidir.

"F-16 V-lər [F-16 Viper-red.] yeni F-16-ların əsasını təşkil edəcək" - "Lockheed Martin" şirkətinin biznesin inkişafı üzrə vitse-prezidenti George Standrige belə deyib.

Türkiyənin inventarındakı F-16-ları yeniləməklə, ya da yeni məhsullar almaqla F-16 Blok 70 "Viper"ləri əldə etmək olar.

Türkiyənin öz təyyarələrini modernləşdirmək istəyi hazırda NATO ölkələrinin bu sahədəki çalışmalarıyla üst-üstə düşür.

5-ci nəsil döyüş təyyarələrini - F-35-ləri aktiv istifadəyə hazırlaşan ABŞ tərəfindən bu layihədən çıxarılan Türkiyə təyyarələrini həmin səviyyəyə uyğunlaşdırmaq prosesinə start verib.

Təqaüddə olan pilot Karakuşun sözlərinə görə, modernləşdirmə prosesi davam etdiyi müddətcə təyyarələrin yaşının əhəmiyyətli yoxdur və Türkiyənin F-16 parkı bir çox ölkədəkindən daha yenidir.

Türkiyənin qüsursuz F-16-lar istehsal etdiyini, ABŞ-dan sonra ən az xətalı istehsala malik qurumun TUSAŞ olduğunu xatırladan Karakuş deyir ki, Türkiyənin Yunanıstan və ya başqa bir ölkəylə silahlanma yarışına girməsinə ehtiyac yoxdur: "Heç əlavə təyyarələrə də ehtiyac yoxdur. Amma modernləşdirmə məqsədəuyğun olardı. Bunun üçün dəstlər ABŞ-dan alınsa da, iş Türkiyədə görüləcək. Modernləşmə həmişə vacibdir, amma əlavə təyyarələr olsa da olar, olmasa da. Mövcud say yeni təyyarə almağı tələb etmir".

Milli Döyüş Təyyarələri tədqiqatı yeni nəsil texnologiyaya yetişmək üçün kifayət edəcəkmi?

Ankara hələ F-35 layihəsinə daxil olduğu 2010-cu ildə və 2020-ci illərdə F-35-lərlə inteqrasiyada işləyə biləcək 5-ci nəsil yerli döyüş təyyarəsi üzərində işləməyə başladığını açıqlamışdı.

2011-ci ildə Müdafiə Sənayesi Müşavirliyi ilə TUSAŞ arasında müqavilə imzalanıb; 2015-ci ildə ilk dizaynlar ortaya çıxıb; 2017-ci ildə yeni təyyarənin iki mühərrikli olacağı açıqlanıb; 2018-ci ilin sonunda Milli Döyüş Təyyarəsi (Milli Muharip Uçak - MMU) adlanan TF-X təyyarələrinin istehsalına rəsmi olaraq start verilib.

Ankaranın Rusiyadan NATO sistemlərinə uyğun gəlməyən uzunmənzilli hava hücumundan müdafiə raketləri (S-400-lər) almaq qərarı onun F-35 proqramından çıxarılmasıyla nəticələnəndən sonra MMU layihəsi Türkiyənin gələcəkdə 5-ci nəsil döyüş təyyarələrinə sahib olması üçün yeganə plan olaraq qaldı.

TX-F-lərin anqardan 2023-cü ildə çıxarılması nəzərdə tutulur. TUSAŞ-ın baş direktoru Temel Kotil 4000 mühəndisdən 1000-inin, yəni komandanın dörddə birinin bu layihədə çalışdığını açıqladı. Kotilin sözlərinə görə, ilk sınaq uçuşu 2025-ci ildə həyata keçiriləcək; kütləvi istehsala isə 2030-cu ildə başlanılmaq planlaşdırılır.

İşlər plana uyğun gedərsə, hər il orta hesabla 24 təyyarə istehsal ediləcək və 2040-cı ildə Türkiyə Hərbi Hava Qüvvələrinin parkı 5-ci nəsil döyüş təyyarələrindən ibarət olacaq.

Bəzi ekspertlər deyirlər ki, bir çox şirkət ABŞ, İsveç, İngiltərə, Fransa və Almaniya ilə əməkdaşlıq edərək 6-cı nəsil üzərində işləməyə başlayıb, həmin tarixdə digər NATO ölkələri artıq 6-cı nəsil təyyarələrdən istifadə edəcək və Türkiyə bu baxımdan geri qalacaq.

Karakuşsa hava qüvvələrində Türkiyənin hazırda 90% ABŞ-dan asılı olduğunu bildirirır və ölkənin F-35 proqramından çıxmasını belə şərh edir:

"Başqasının boyunduruğu altında girməkdən xilas olduq".

Sentyabrın 23-də F-35 proqramından qəti şəkildə çıxarılan Türkiyə yeni F-16-lar üçün müraciət edib

Rusiyadan alınan S-400 sisteminin hissələri 2019-cu ilin iyunundan etibarən Türkiyəyə gətirilməyə başlayıb. Onların NATO sistemlərinə uyğun gəlmədiyini və gizli hərbi məlumatların Rusiyanın əlinə keçə biləcəyini əsas gətirən ABŞ buna sərt reaksiya vermiş və bir ay sonra Türkiyədən olan tərəfdaşlarını F-35-in istehsalından uzaqlaşdırmışdı.

Prezident Recep Tayyip Erdoğan isə həmin qərara belə münasibət bildirmişdi: "F-35-lə bağlı baş verənlər qətiliyimizi artırdı, inşallah, öz döyüş təyyarəmiz olacaq".

Daha sonra F-35 proqramında qalmaq və ya həmin tarixə qədər ödənilmiş olan 1,4 milyard dolları geri almaq üçün Ankara Vaşinqtonla danışıqlar başladı, bu prosesdə lobbiçilik etməsi üçün "Arnold & Porter Kaye Scholer" şirkətiylə müqavilə bağladı.

23 sentyabr 2021-ci ildə Türkiyə rəsmən proqramdan çıxarıldı. Bu xəbər ictimaiyyətə oktyabrın 27-də - ABŞ-ın Müdafiə Nazirliyinin nümayəndələriylə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmiləri arasında görüş keçirilən gün açıqlandı. Türkiyə xəbəri görüş bitəndən sonra, Pentaqonun açıqlamasından öyrəndi.

Bu tarix Ankara və "Arnold & Porter Kaye Scholer" şirkəti arasındakı müqavilənin də son günüydü. Türkiyə şirkətlə imzaladığı 1,5 milyon dollarlıq "strateji və hüquqi məsləhət xidmətləri" müqaviləsini 2022-ci ilin avqust ayına qədər uzatdı.

Oktyabrın əvvəlində Türkiyə "Lockheed Martin" şirkətinin 40 ədəd F-16-sını və 80-ə yaxın modernizasiya dəstini almaq üçün ABŞ-a müraciət edib. Ankaradan verilən açıqlamalara görə, bu yeni təklif F-35 proqramı üçün ödənilmiş 1,4 milyard dollar çərçivəsində edilib.

Türkiyə proqramdan çıxarılmazdan əvvəl 100 ədəd F-35 almağı planlaşdırırdı.

"Bizdə olan F-16-lar yenilənməlidir. Strateji müttəfiqimiz, dostumuz olan ABŞ-dan həm Block 70 "Viper" F-16-ların tədarükü, həm də bəzi təyyarələrimizin modernləşdirilməsi üçün texniki işlərə başladılıb" - milli müdafiə naziri Hulusi Akar jurnalistlərə F-16-ların satışı tələbini açıqlayarkən belə deyib.

Ancaq bunun üçün yeni hüquqi prosedur başladılmalıdır - tələb ABŞ Konqresində qəbul edilsə və hətta ABŞ Prezidenti Joe Biden tərəfindən təsdiq edilsə belə. Daha əvvəl ödənilmiş 1,4 milyard dollar birbaşa F-16-ların satışına yönəldilə bilməz. Yəni, siyasi razılaşma nəticəsində həmin məbləğ sonda ABŞ-da qalacaqsa belə, əvvəlcə bu pullar texniki olaraq Türkiyəyə qaytarılmalı, sonra isə yeni razılaşmaya əsasən yenidən ABŞ-a ödənilməlidir.