Qrossmeyster Şəhriyar Məmmədyarov "Superbet Chess Classic"ın qalibidir

Şəklin mənbəyi, AZERTAG
Qrossmeyster Şəhriyar Məmmədyarov "Superbet Chess Classic"in qalibidir, Naftali Bennett İsrailin yeni Baş Naziri seçilib, Azərbaycana qarşı muzdla döyüşməkdə ittiham olunan "livanlı döyüçşüyə" 20 il həbs verilib, Azərbaycanda 84 mindən çox şagird üçün "Son zəng" çalınır, ABŞ və Türkiyə prezidentlərinin Brüsseldə ikitərəfli və heyətlərarası görüşlər keçirəcəyi gözlənilir, - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Qrossmeyster Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Superbet Chess Classic" turnirinin qalibi olub.
Azərtac xəbər verir ki, 36 yaşlı şahmatçı yarışın sonuncu turunda fransalı Maksim Vaşye-Laqrav ilə heç-heçə edib. Bununla da xal ehtiyatını 6-ya çatdıran Şəhriyar Məmmədyarov bütün rəqiblərini geridə qoyaraq turnirin qalibi adını qazanıb.
Azərbaycanın digər təmsilçisi Teymur Rəcəbov isə sonuncu turda Ermənistan şahmatçısı Levon Aronyan ilə heç-heçə edib. Teymur Rəcəbov turniri 4,5 xalla başa vurub.
Turnirin mükafat fondu 325 min dollardır. Turnirdə 10 şahmatçı yarışıb.
İsrailin yeni Baş naziri "…başqalarının dərdinə rəqs etməyin"

Şəklin mənbəyi, Reuters
12 ildir İsrailin Baş Naziri olan Benjamin Netanyahu vəzifəsini sağçı-millətçi Naftali Bennett-ə ötürməli olub.
Ölkənin yeni Baş naziri kimi Naftali Bennett çıxışında illərlə davam edən, "siyasi dalana dirənmiş milləti" birləşdirəcəyini vəd edib.
O, hökümətinin "bütün xalq naminə çalışacağını" söyləyib. Yeni Baş nazir deyib ki, təhsil, səhiyyə və bürokratiyada islahatlar onun üçün prioritetdir.
Naftali Bennett parlamentdə yalnız bir kürsü üstünlüyü ilə etimad qazanan partiyaların koalisiyasına rəhbərlik edəcək.
"Yamina" partiyasının lideri olan cənab Bennet 2023-cü ilin sentyabrına qədər baş nazir olacaq.
Benjamin Natenyahu isə artıq müxalifətin lideridir. O, bazar günü parlamentdə "geri dönəcəklərini" bildirib.
Parlamentdə yeni koalisiya 60 səslə, 59 lehinə, bir bitərəf səslə təsdiqlənib.
Səsvermədən sonra cənab Netanyahu cənab Bennett-in yanına gedib və əlini sıxıb.
"Bu gün matəm günü deyil. Demokratiyada hakimiyyət dəyişikliyi var. Budur. Heç kimin qorxmaması üçün əlimizdən gələni edəcəyik... Və bu gecəni qeyd etmək istəyənlərə deyirəm, başqalarının dərdinə rəqs etməyin. Biz düşmən deyilik; biz bir xalqıq,"- 49 yaşlı cənab Bennett çıxışında deyib.
Fələstinlilərin nümayəndələri İsrailin yeni hökumətinə laqeyd yanaşıb.
"Bu, İsrailin daxili işidir. Bizim mövqeyimiz həmişə açıqdır, istədiyimiz paytaxtı Qüds olan, 1967-ci il sərhədlərindəki Fələstin dövlətidir,"- Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasın sözçüsü belə deyib.

Şəklin mənbəyi, Azertag
Azərbaycana qarşı muzdla döyüşməkdə ittiham olunan "livanlı döyüşçüyə" 20 il həbs
İkinci Qarabağ müharibəsində Ermənistan ordusunun tərkibində döyüşdüyü iddia olunan Viken Eulcekcian 20 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə Yasamal Rayon Məhkəməsi iyunun 14-də qərar çıxarıb.
Hökmə əsasən, o, cəzasının ilk beş ilini həbsxanada, digər hissəni isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək, Azərtac yazır.
Ona verilən ittihama görə, Livan vətəndaşı Viken Eulcekcian Ermənistan ordusunun tərkibində "muzdla Azərbaycana qarşı terrorçuluq fəaliyyəti" göstərib.
Beyrut sakini, 1979-cu il təvəllüdlü olduğu bildirilən Viken Eulcekcian Azərbaycan Cinayət Məcəlləsinin muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı və digər maddələri ilə ittiham olunub. Bu ittihama görə, o, "2500 ABŞ dolları məbləğində maddi mükafat müqabilində muzdlu kimi Azərbaycanın işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmək təklifini qəbul edib," - Azərtac yazıb.
BBC News Azərbaycanca Viken Eulcekcian-ın bu ittihamlara münasibətini öyrənə bilməyib.
Ermənistan mediası Viken Eulcekcian-ın artıq uzun müddətdir ki, Ermənistan vətəndaşlığını aldığını vurğulayır.
Sputnik Armenii yazır ki, 42 yaşlı Vigen Eulcekçyan Beyrutda doğulub, 2015-ci ildə Ermənistan vətəndaşlığını alıb, 2019-cu ilin noyabrında Yerevana köçüb və "kiçik biznesini açıb - 7 yerlik miniven avtomobil alıb və xarici turistləri Ermənistanın və Qarabağın görməli yerlərinə səyahətə aparmaqla məşğul olub".
Ermənistan mətbuatına görə, Vigen Eulcekçyan Yerevandan sonra Şuşada məskunlaşıb.
"O, Beyrutdan oğlunu və qızını da gətirməyi planlaşdırırdı, lakin müharibə mane oldu," - Sputnik Armenii yazır.
Ermənistan mediası iddia edir ki, 2020-ci il noyabrın 10-da Vigen Eulcekcian Livandan olan Maral Nacaryan adında qadınla öz ev əşyalarını götürmək üçün Şuşaya getmək istəyəndə Azərbaycan hərbçiləri tərəfindən Laçında "əsir götürülüblər".
Daha sonra Maral Nacaryan buraxılıb və Bakıdan birbaşa Livana göndərilib, Sputnik Armenii bildirir.
Azərbaycan Xarici İşlər Nazirliyi bu ilin martında yaydığı məlumatda bildirmişdi ki, həm Ermənistan, həm də Livan vətəndaşı olan Maral Nacaryan (Maralle Najarian) adlı qadın Azərbaycan ərazisinə "qanunsuz daxil olmuş və Azərbaycan qanunvericiliyini pozan digər hərəkətlərə yol verməsi barədə ifadələr" vermişdi. Azərbaycan XİN həmin qadının "özünün istəyi" ilə Livana Türkiyə üzərindən geri göndərildiyini açıqlamışdı.

Azərbaycanda "Son Zəng"dir
Bu gün Azərbaycanda 84 mindən çox şagird üçün "Son zəng" çalınır.
Ötən il Azərbaycanda koronavirus pandemiyası ilə bağlı elan edilmiş xüsusi karantin rejiminə görə "Son zəng" keçirilməmişdi.
Pandemiya səbəbi ilə 2020-2021-ci tədris ilində Azərbaycanın bir çox bölgələrində tədris əsasən distant formaya keçirilmişdi.
Təhsil naziri Emin Əmrullayev Goranboyun illərlə cəbhə xətti sayılan Tapqaraqoyunlu kəndindəki məktəbin "Son Zəng" mərasimidə iştirak edib.
Müharibə zamanı atəşə məruz qalmış bu kənd məktəbindən bu il 21 şagird məzun olur.
Təhsil Nazirliyi bildirir ki, 2020-2021-ci tədris ilində ümumilikdə məktəbi 84 mindən çox şagird bitirir. Onlardan 38 500 minə yaxını qız, 45 mindən çoxu oğlandır.
Növbəti tədris ilində isə ölkədə 158 mindən çox uşağın 1-ci sinifdə təhsil alacağı proqnozlaşdırılır.

Şəklin mənbəyi, Getty Images
Biden və Erdoğan görüşü: iki lider nəyi müzakirə edəcək?
Bu gün Brüsseldə ABŞ Prezidenti Joe Biden və Türkiyə Prezidenti Recep Tayyip Erdoğan görüşür.
Hər iki prezident NATO sammitində iştirak etmək üçün Brüsselə gedib. Onların ikitərəfli və heyətlərarası görüşlər keçirəcəyi gözlənilir.
ABŞ Prezidentinin Milli Təhlükəsizlik müşaviri Jake Sullivan deyib ki, cənab Biden-lə cənab Erdoğan Suriya və Liviyadakı hadisələri, həmçinin Türkiyənin Əfqanıstandakı Kabil Hava Limanını təhlükəsizləşdirmək təklifini müzakirə edəcəklər.
Lakin liderlərin görüşünün gündəliyi bunlarla məhdudlaşmır.
Brüsselə getməzdən əvvəl mətbuata açıqlamasındaTürkiyə Prezidenti Biden-in 1915 hadisələrini "soyqırım" kimi tanımasını gündəmə gətirəcəyini söyləmişdi.
"Bu yanaşma bizi ciddi mənada üzdü. Bunu gündəmə gətirməmək doğru deyil. Türkiyə təsadüfi bir ölkə deyil,"- Erdoğan deyib.
Mətbuata açqılamasında Recep Tayyip Erdoğan, həmçinin müdafiə sənayesi ilə bağlı müzakirəyə ehtiyac olan məsələlərdən də danışıb.
Ötən həftə ABŞ Dövlət Katibi Antony Blinken Senat Xarici Əlaqələr Komitəsi üzvlərinin Türkiyə ilə bağlı suallarını cavablandırarkən "Türkiyə bəzən bir NATO müttəfiqi kimi lazımi davranış göstərmir" demişdi.
O bildirmişdi ki, Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemi alması, ölkənin Cənubi Qafqaz, Şərqi Aralıq dənizi və Kiprdəki "beynəlxalq hüquqa zidd davranışlarını" problem yaradır və bu məsələlər prezidentlərin görüşündə müzakirə ediləcək.
Bundan başqa ABŞ və Türkiyə liderlərinin görüşündə həm də insan hüquqları və demokratiya məsələləri müzakirə ediləcək.
Joe Biden çərşənbə günü Cenevrəyə gedəcək və Rusiya Preizdenti Vladimir Putin-lə görüşəcək.
Recep Tayyip Erdoğan isə Azərbaycana səfər edəcək və ötən il işğaldan azad olunmuş Şuşaya səfər edəcək.


























