Erdoğan Əliyevlə Şuşada “hərtərəfli müqavilə imzalayacaq”, Ermənistan və Azərbaycan sərhədində vəziyyət gərginləşib

Şəklin mənbəyi, tccb.gov.tr
Bu günün xəbərlər: Erdoğan Əliyevlə Şuşada "hərtərəfli müqavilə imzalayacaq", Ermənistan və Azərbaycan dövlət sərhəddinin Kəlbəcər istiqamətində gərginlik olub, - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada "iri miqyaslı" müqavilə imzalayacaqlarını bildirib.
"Bu, Türkiyə ilə Azərbaycan arasında hərtərəfli müqavilə olacaq,"- deyən Erdoğan daha sonra birlikdə Türkiyənin oynayacağı futbol oyununu izləyəcəklərini qeyd edib.
Türkiyə Prezidenti Recep Tayyib Erdoğan, bunları İstanbuldakı Burhaniye Şehriban Hatun Camisində keçən cümə namazından sonra jurnalistlərin suallarına cavab verərkən deyib.
Cümə günü jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Recep Tayyip Erdoğan NATO sammitində ABŞ Prezidenti Joe Biden-lə görüşdükdən sonra Azərbaycana səfər edəcəyini açıqlayıb.
ABŞ Prezidenti Joe Bidenlə Erdoğan iyunun 14-də görüşəcək.
Erdoğan Azərbaycana səfəri zamanı əvvəlcə Füzuliyə, sonra Şuşaya gedəcəyini bildirib.
O, Azərbaycanda ikitərəfli görüşlər zamanı Ermənistanın Qarabağdakı minaların xəritələrini Azərbaycana verməməsi məsələsini də müzakirə ediləcəyini deyib.
Türkiyə Prezidenti Recep Tayyip Erdoğan-ın Şuşaya səfər edəcəyi ilə bağlı xəbər bu ilin mart ayında yayılmışdı.
Səfərin iyunun 15-i və 16-sı üçün nəzərdə tutulduğu bildirilir.
Recep Tayyip Erdoğan sonuncu dəfə Azərbaycana 2020-ci ilin dekabrında səfər edib və 44 gün davam etmiş İkinci Qarabağ Müharibəsindən sonra keçirilən Zəfər paradında iştirak edib.

Şəklin mənbəyi, MOD.gov.az
Ermənistan və Azərbaycan dövlət sərhədində vəziyyət gərginləşib
Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində Azərbaycanın "mövqelərini atəşə tutub." Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Qurum bildirir ki, iyunun 11-də saat 13:45-dən başlayaraq "Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan mütəmadi atəşə tutulub".
"Hazırda bu istiqamətində vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır,"- Azərbaycan Müdafiə Nazirliyi bildirir.
Ermənistan Müdafiə Nazirliyi bu açıqlamanı "həqiqətə uyğun olmayan növbəti dezinformasiya" adlandırıb.
"Erməni bölmələri Azərbaycan ərazisində yerləşən hərbi mövqeləri atəşə tutmayıb, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın sərhəd zonasında texniki işlər görülməsinin dayandırılması üçün tədbirlər görüb. Xüsusən, iyunun 11-də Azərbaycan Silahlı Qüvvələri növbəti dəfə Geğarkunik vilayəti Kut kəndi sərhəd zonasında texniki işlər icra etməyə cəhd ediblər. Erməni bölmələrinin cavab hərəkətlərindən sonra texniki işlər dayandırılıb", - Ermənistan Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Ermənistan və Azərbaycan dövlət sərhəddinin Kəlbəcər istiqamətində gərginlik olub və tərəflər atəş açmaqda bir-birini ittiham edib.
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan silahlı qüvvələrinin cümə axşamı günü Ermənistanın Geğarkunik vilayəti ərazisindəki sərhədyanı sahəsində texniki işlər görməyə cəhd etdiyini bildirib.
"Ermənistan silahlı qüvvələri cavab tədbirləriylə qarşı tərəfi işləri dayandırmağa məcbur edib. Bunun cavabında Azərbaycan tərəfi erməni mövqelərini atəşə tutub", - Ermənistan Müdafiə Nazirliyi bəyan edib.
Ermənistanın Geğarkunik vilayəti Azərbaycanın Kəlbəcər rayonu ərazisi ilə sərhəddə yerləşir.
Hər iki tərəf atəş nəticəsində ölən və yaralanan olmadığını bildirib.
Ermənistan ombudsmanı Arman Tatoyan öz Facebook hesabında yerli sakinlərə istinadən yazıb ki, Geğarkunik vilayətinin Kut və Yuxarı Şorja kəndləri Azərbaycan ordusu tərəfindən üç saata yaxın atəşə tutulub və Ermənistanın "cavab atəşindən sonra" atəş kəsilib.
Azərbaycan Müdafiə Nazirliyi hadisəni Ermənistanın seçki öncəsi "vəziyyəti gərginləşdirmək və təxribat törətmək" addımı hesab etdiyini bildirib.



























