ABŞ sanksiyaları cavabsız qalmayacaq - Rusiya, Eurovison müğənniləri Rotterdama dəvət edir, İranda Qarabağa dair bəyanat

Peskov - Navalnı

Şəklin mənbəyi, TASS/EPA

Çap edildi

ABŞ sanksiyaları cavabsız qalmayacaq - Rusiya, Eurovison müğənniləri Rotterdama dəvət edir, Qarabağın azad olunması qanunidir - İranda konfrans iştirakçıları bəyan ediblər, Yerevan Moskva ilə xarici vətəndaşların Dağlıq Qarabağın ermənilərin nəzarətində olan rayonlara buraxılış rejiminin yenidən nəzərdən keçirilməsi məsələni müzakirə edir, COVAX platforması Azərbaycanı yaxın zamanda vaksinlə təmin edə bilməyəcəyini bildirib, Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur, - daha ətraflı BBC News Azərbaycancanın icmalında.

ABŞ sanksiyaları cavabsız qalmayacaq - Rusiya

Rusiya Aleksey Navalnının zəhərlənməsiylə bağlı elan olunmuş ABŞ sanksiyalarının cavabsız qalmayacağını bildirir. Bu məsələyə Rusiya prezidentinin mətbuat katibi münasibət bildirib.

"Bizdə sanksiyalar razılaşdırılacaq, rəhbərliyə müvafiq qurumlar tərəfindən təkliflər təqdim ediləcək, onlar təsdiqlənəcək, sonra elan edilərək, opponentlərimizin diqqətinə çatdırılacaq".

Dmitri Peskova əsasən, ABŞ sanksiyaları Rusiya rəsmiləri üçün onsuz da tətbiq olunan məhdudiyyətləri nəzərdə tutur.

"Bu, əslində Rusiya qanunları ilə bu insanlara qarşı qoyulmuş məhdudiyyətlərin təkrarlanmasıdır. Başqa bir şey deyil. Bu insanlar onsuzda xaricə getmir, bu insanların xarici banklarda hesab açmaq hüququ yoxdur, xaricdə əmlak sahibi olmaq hüququ yoxdur. Və sair və ilaxır."

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova "Russia 1" telekanalına cavab sanksiyaların hazırlandığını deyib.

"Cavab olacaq, o, artıq işlənib hazırlanır. Narahat olmayın".

Ötən gün Aleksey Navalnının zəhərlənməsi ilə bağlı elan olunan ABŞ sanksiyaları yüksək rütbəli Rusiya rəsmiləri və bəzi tədqiqat institutlarına qarşı məhdudiyyətləri nəzərdə tutur. Bu, ABŞ prezidenti Joe Biden administrasiyasının Rusiyaya qarşı tətbiq etdiyi ilk sanksiyalardı.

Eurovison müğənniləri Rotterdama dəvət edir

Hollandiyada keçiriləcək Eurovision Mahnı Müsabiqəsində 41 ölkəni təmsil edən sənətçilər canlıda çıxış edəcəklər, təşkilatçılar bildirir.

İştirakçıların Rotterdama getməsi "zərüridir", tədbirin icraçı direktoru Martin Osterdahl BBC-yə bildirib.

Məlumata əsasən, auditoriyanın zalda olması barədə qərar hələ ki, qəbul olunmayıb.

Ötən il koronavirus pandemiyasına görə, mahnı yarışması təxirə salınmışdır.

Azərbaycanı müsabiqədə "Cleopatra" mahnısı ilə Samirə Əfəndi təmsil etməli idi.

Lakin bu il bütün müğənnilərdən yeni bir mahnı ilə çıxış etmək tələb olunur.

May ayına təyin olunan müsabiqə Rotterdam şəhərindəki "Ahoy Arena" kompleksində keçiriləcək.

Qumda konfrans

Şəklin mənbəyi, FARS

Qarabağın azad olunması qanunidir - İranda keçirilən konfransın bəyanatı

Beynəlxalq qaydalara və dini prinsiplərə görə, Azərbaycan Respublikasının xalqı və hökuməti öz ərazilərini azad etmək üçün tamamilə qanuni bir addım atıb, İranda Qarabağ üzrə keçirilən konfransın yekun açıqlamasında deyilir.

Qum şəhərində yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə keçirilən tədbirdə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu vurğulanıb, İranın Fars agentliyi xəbər verir.

Məlumata əsasən, hazırda "bəzi ölkələr" bölgədə İran ilə Azərbaycan Respublikası arasında "nifaq salmağa" və nəticədə İran xalqına və hökumətinə qarşı pis münasibət yaratmaqla bölgədə "sabitliyi pozmağa çalışırlar".

Konfrans iştirakçıları Azərbaycan Respublikasının alimlərini, dini qurumlarını və elitalarını iki ölkə arasındakı "dərin tarixi, mədəni və dini" əlaqələrin pozulmasına imkan verməməyə çağırıblar.

icazə, Qarabağ

Şəklin mənbəyi, Valery Sharifulin\TASS/Getty Images

"Diaspor nümayəndələrimiz yay aylarında Dağlıq Qarabağa baş çəkməyi xoşlayırlar"

Yerevan Moskva ilə xarici vətəndaşların Dağlıq Qarabağın ermənilərin nəzarətində olan rayonlara buraxılış rejiminin yenidən nəzərdən keçirilməsi məsələni müzakirə edir, Ermənistan diasporla işləri üzrə baş müvəkkili Zare Sinanyan RİA Novosti agentliyinə deyib.

Sianyanın sözügedən məsələni Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşü zamanı müzakirə etdiyini Yerevan müxbirimizlə telefon söhbətində Ermənistan Diaspor İşləri üzrə Baş Müvəkkili Ofisinin nümayəndəsi Amaliya Karapetyan da təsdiq edib.

"Xüsusilə Ermənistan, ya Rusiya vətəndaşlığı olmayanlar bununla bağlı (Dağlıq Qarabağ ərazisinə daxil olmaq - red.) problemlərlə üzləşməyə başlayıb. Bizim böyük diasporumuz var, onlar (diaspor nümayəndələri - red.) yay aylarında Ermənistana gəlməyə vərdiş edib, Dağlıq Qarabağa baş çəkməyi də xoşlayırlar. Odur ki, bu yay elə vəziyyət yarana bilər ki, Qarabağa baş çəkmək istəyən çox adam yeni buraxılış rejimi ucbatından bunu edə bilməz," - Sinanyan deyib.

O əlavə edib ki, söhbət "Stepanakertə, Martakertə və ya erməni tərəfi ilə Rusiya sülhməramlıların nəzarəti altında olan ərazilərdə yerləşən başqa rayonlardan" gedir.

"Hazırda yeni rejimə əsasən, səfərdən yeddi gün əvvəl Ermənistanda Dağlıq Qarabağ nümayəndəliyinə sifariş vermək lazımdır, ondan sonra siyahı Rusiya sülhməramlılarına təqdim olunur və sonra həll olunur: kim gedə bilər, kim - yox," - Sinanyan izah edib.

Ermənistan diaspor işləri üzrə baş müvəkkili qeyd edib ki, koronavirus pandemiyasından əvvəl, 2019-cu ildə Dağlıq Qarabağa, müxtəlif məlumatlara görə, 50 minə qədər xarici vətəndaş səfər edib.

"İndi hələ sifariş azdır, çünki pandemiya keçməyib və turist mövsümü başlamayıb. Lakin yenə də getmək istəyənlər var. Bizdə girişləri (DağlıqQarabağ ərazisinə -red.) qadağan olunmuş təşkilat və şəxslərin siyahısı var," - Sinanyan deyib.

Azərbaycanın bununla bağlı hələ rəsmi şərhi yoxdur. Ancaq Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bəyan edib ki, Azərbaycanın icazəsi olmadan heç bir xarici vətəndaş ölkə ərazisinə girə bilməz.

"Heç kim bizim icazəmiz olmadan o əraziyə gedə bilməz. Heç bir beynəlxalq təşkilat, - ancaq Qırmızı Xaç istisna olmaqla, - oraya gedə bilməz. Bu, bizim ərazimizdir. Bütün dünya bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır," - İlham Əliyev qeyd edib.

Covax

Şəklin mənbəyi, STR/NurPhoto/Getty Images

COVAX-dan Azərbaycanı yaxın zamanda vaksin olmayacaq

COVAX platforması Azərbaycanı yaxın zamanda vaksinlə təmin edə bilməyəcəyini açıqlayıb, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sözçüsü Aynurə Əhmədova deyib.

COVAX platforması bütün ölkələr üçün effektli peyvənd axtarışını sürətləndirən, dünyada COVID-19-a qarşı hazırlanmış peyvəndlərə ədalətli əlçatanlığı təmin etmək məqsədilə yaradılmış mexanizmdir. Azərbaycan ötən il 21 milyon ABŞ dolları məbləğində töhfə ilə COVAX-a qoşulduğunu açıqlamışdı.

Aynurə Əhmədova Azərtaca bildirib ki, COVAX təşəbbüsü çərçivəsində ölkələrin müvafiq peyvəndlə təmin olunmasına dair verilən vədə hazırkı dövrədək əməl olunmayıb.

"Bu günlərdə COVAX tətəfindən daxil olmuş məktubda Azərbaycanı yaxın zamanda müvafiq vaksinlə təmin edə bilməyəcəkləri bir daha qeyd olunub," - Aynurə Əhmədova bildirib.

Qurum sözçüsü Azərbaycanda vaksinasiya prosesi ilə əlaqədar tələb olunan bütün infrastruktur yaradıldığı halda ölkəyə qarşı bu münasibəti "yanlış hesab etdiklərini", bunun platformanın "məram və məqsədinə zidd olduğunu" qeyd edib.

Azərbaycan Çin istehsalı olan "CoronaVac" vaksinlərinin alışını davam etdirir.

Azərbaycanda indiyədək 314 minə yaxın şəxsə vaksin vurulub.

Ümumdünya Səhiyyə Təşkilatı COVAX vasitəsilə Oxford-AstraZeneca vaksininin paylanılmasını təsdiqləyib.

GAVİ Peyvəndlər və İmmunizasiya Qlobal İttifaqı deyir ki, platformanın 340 milyon doza Oxford-AstraZeneca və 1.2 milyon doza Pfizer-BioNTech vaksini barədə razılaşması var. İttifaq bu vaksinlərin mart ayında paylanılacağına ümid edir.

hərbçi

Şəklin mənbəyi, KAREN MINASYAN/AFP/Getty Images

Azərbaycanın erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur

Çərşənbə axşamı günü Azərbaycan Qarabağ müharibəsindən sonra nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verib, erməni mətbuatı yazır.

Bakı axtarışların keçirilməsini iki həftə əvvəl dayandırmışdı.

Erməni saytları yazır ki, hazırda axtarışlar Hadrutda və "Kaşadağ rayonunun" (seperatçı Dağlıq Qarabağ Respublikasının Laçın, Zəngilan və Qubadlının bir hissəsinin birləşməsindən yaratdığı inzibati ərazini belə adlandırmışdı) cənub istiqamətində aparılır.

Axtarışlar nəticəsində 13 noyabrdan etibarən, 1486 nəfərin meyitinin tapıldığı bildirilir.

Azərbaycan tərəfi bu barədə hər hansı rəsmi açıqlama verməyib.

BBC News Azərbaycancanın Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb.