Covid-19 haqqında bildiyimiz və bilmədiyimiz

Şəklin mənbəyi, Huw Evans picture agency
Son bir ildə pandemiyanın davam etdiyi müddətdə BBC Future bu məsələ ilə bağlı elmi araşdırmaları ətraflı nəzərdən keçirməyə çalışıb. Nələri öyrəndik və hələ də bilinməyən nədir?
Covid-19-un başa düşülməsini çətinləşdirən amillərdən biri də bu məsələ ilə bağlı elmin diqqət mərkəzində olmasıdır.
Adətən, BBC kimi xəbər saytlarında elmi araşdırmalar haqqında oxuduğunuz məqalələr araşdırma, inkişaf və qiymətləndirmə mərhələlərini keçmiş materiallar olur.
İstər xərçəngin müalicəsində irəliləyiş, istər beynin imkanlarına dair yeni bir anlayış ya da Marsda su ilə bağlı bir kəşf olsun, bunlar adətən aylar əvvəl elmi jurnallarda dərc olunmuş məqalələrə əsaslanır.
Və həmin məqalələrdəki elmi nəticələr illər əvvəl laboratoriyalarda, təcrübələrdə, cihazlarda, planetlərin səthində aparılmış tədqiqatlar nəticəsində əldə olunub.
Covid-19 məsələsində isə fərqli cəhət ondan ibarətdir ki, hamımız - ictimaiyyət, siyasətçilər, jurnalistlər - özümüzü sankı elmin ön xəttində durduğumuz kimi hiss edirik.
Həmin xətt bildiklərimizi bilmədiklərimizdən ayıran bir xətdir, aparılan araşdırmalardan yaranan mənzərə qarışıq və bəzən ziddiyyətli kimi görünür, çünki insan səhv və qeyri-obyektivliyə yol verə bilər.
Elmi kəşflər yoxlanılır və təkrar sınaqdan keçirilir, təkrarlanır və bu cür fəaliyyətin nəticəsində daha aydın bir mənzərə və anlayış ortaya çıxır. Bu cür anlayışa gəlib çıxmaq üçün müəyyən vaxt tələb olunur.
Pandemiyanın aktuallığı konsensus əldə etmək, fikir ayrılıqlarını və səhv nəticələri aradan qaldırmaq üçün vaxt imkanını təmin etmir və bu da bir sıra çətinliklər yaradır.
İlkin səciyyəli, elmi müzakirələrdən keçirilməyən nəticələrə güclü dəlillərin olmaması səbəbindən onlara adətən daha böyük əhəmiyyət verilir. Bəzi hallarda ayrı-ayrı mübahisəli rəylərə həddən artıq əhəmiyyət verilir.
Fərqli fikirlərə sahib olan alimlər bizim hamımız üçün öz rəylərini açıqlayırlar.
Bu arada isə bir il əvvəl bildiyimiz kimi qəbul etdiklərimizin bir hissəsi dəyişib, bəziləri inkişaf etdirilib, bəziləri isə hələ də aydınlaşmamış halda qalmaqdadır.
Son bir il ərzində BBC Future elmi məsələlərə daha dərindən nəzər salaraq bu cür qarışıqlıqda işıq ucu tapmağa çalışıb. Pandemiyanın başlamasından bir ilə yaxın vaxt keçdiyindən problemə bir daha nəzər yetirmək zamanı yetişib.
Nələri öyrəndik və məlum olmayan ya bilinməyən nə qalıb? Və hansı yeni suallar ortaya çıxır?
Bu heç də mövcud sualların tam siyahısı deyil və daha çox məlumat əldə etdikcə bilgilərimizi təzələyəcəyik.
Ancaq 2021-ci ilin əvvəlində nələri bilib-bilmədiklərimizə bir daha nəzər salaq:
NƏYİ BİLİRİK
Evin içində ventilyasiya vacibdir
Sübut bazası artdıqca, evin içərisində hava ilə yayılan virusla qarşılaşmaqdan qorunmağın əhəmiyyəti artıb. Əşyaların səthinin təmizlənməsi, maskaların taxılması və əllərin yuyulması əvvəlki kimi vacibdir, ancaq içəridə olan yerləri təmiz hava ilə ventilyasiya etmək da vacibdir.
Maskalar işləyir
Etibarlı məlumatların qıtlığı şəraitində, Britaniyada olduğu kimi bəzi hökumətlər ilk əvvəl maskaları tövsiyə etmək istəmirdilər, bəziləri isə bunu etdilər.
Ehtiyatlı yanaşma özünü doğrultdu. Sübut olundu ki, maska taxmaq infeksiyanın yayılması əleyhinə qarşı sadə və təsirli bir vasitədir. Üzü bağlayan şəffaf plastik örtüklər (ekranlar) isə daha az effektiv çıxıb.
Əl yuma hələ də vacib ola bilər
Lokal karantinlər və sosial məsafə kimi təcili tədbirlər görülərkən, əl yuma kimi koronavirusla mübarizədə digər vacib tədbir az qala unudulmaq həddinə çatmışdı.
İndi əşyaların səthindən yoluxma ehtimalının nisbətən aşağı olduğu düşünülsə də, əldə olan virusun toxunma yolu ilə başqalarına ötürülmə ehtimalı qalmaqdadır.
İnsanlar həm də özləri də bilmədən vaxtaşırı üzlərinə toxunmağa meyllidirlər.

Şəklin mənbəyi, Getty Images
Virus insanlara fərqli şəkildə təsir edir
Yaş fərqləri ilə yanaşı, virusun kişilərə qadınlardan daha ciddi təsir göstərdiyi və bəzi irqi qrupların digərlərinə nisbətən daha həssas olduğu məlum olub.
Bəzi insanlar pandemiya başlamazdan çox əvvəl əldə etdikləri təəccüblü və əvvəl özünü bildirməyən immunitetə sahibdirlər.
Virus daxili orqanları zədələyə bilər
Covid-19 respirator virus olsa da, yalnız ağciyərləri zədələmir.
İndi alimlərə məlumdur ki, koronavirus qan damarlarını örtən hüceyrələrə və ürək, beyin, böyrək, qaraciyər, mədəaltı vəzi və dalaq kimi bir sıra digər vacib orqanlara keçə bilər.
Bu effekt hətta gənc, az riskli insanlarda belə aşkar edilmişdir. Bu cür pozuntuların nə qədər davam edəcəyini və ya nə vaxtsa həll ediləcəyini heç kim bilmir.
Virus eksponensial şəkildə yayılır
... lakin insanların çoxu bunu anlamır. Bir sıra tədqiqatlar göstərir ki, bu cür "eksponent artım qərəzinə" həssas olan insanlar Covid-19-un yayılmasından daha az narahatdırlar və sosial məsafə, əl yuma və ya maska taxma kimi tədbirlərə əməl etməyə daha az meyillidirlər.
Koronavirus vaksinləri təhlükəsiz və effektivdir
Peyvənd alimləri fövqəladə bir təzyiq altında fövqəladə sürətlə iş gördülər.
Bütün dünyanın onlardan nəticə gözlədiyi şəraitin təzyiqi altında alimlər ciddi sınaqlardan keçirilmiş təhlükəsiz, effektiv vaksinlər hazırlaya biliblər.
Jurnalistlərimizdən biri Oxford-AstraZeneca vaksinin sınağında könüllü olaraq iştirak edib və beləliklə BBC Future birinci əldən olan təcrübə qazanıb (həmin jurnalist indiyədək testlərdə iştirak etməkdə davam edir).
Vaksinin bir dozası mötədil mühafizəni təmin edir
Ancaq bu halda bəzi vacib xəbərdarlıqlar olmalıdır.
Qoruma dərəcəsi vaksindən asılıdır - kifayət qədər məlumat bazası olmadığından bəzi hallarda hələ heç birinə tam əmin olmaq mümkün deyil. Vaksinin gücləndirici dozası vurulana qədər və daha çox insanın vaksinasiyadan keçəcəyi vaxtadək, sosial məsafəni gözləmək, maska taxmaq və digər ictimai sağlamlıq tövsiyələrinə əməl etmək vacibdir.
Kollektiv immunitetə vaksinasiya ilə nail olunur
Kollektiv immunitet fərdlərdə immunitetin əmələ gəlməsi nəticəsində populyasiya daxilində meydana gəlir. Ancaq pandemiya zamanı yaranan təəssüratın əksinə olaraq, normal hallarda virusun yayılmasına bilərəkdən imkan verməklə bunun əldə edilməməsinin bir çox səbəbi olur.
Artıq bir çox alimlər hesab edir ki, bu cür cəhdlər qəbuledilməz dərəcədə yüksək sayda ölüm hallarına gətirib çıxarır.
Ancaq kollektiv immunitet peyvəndlər vasitəsi ilə də əldə edilə bilər. Bu isə zərərin miqyasını əhəmiyyətli dərəcədə azaldır və təbii infeksiyalara qarşı daha etibarlı müqavimət yaradır.
Ola bilsin ki, əksər vaksinlər virusun yayılmasının qarşısını almayacaq
Mövcud Covid-19 peyvəndlərinin dəyərləndirilməsində başlıca amil kimi virusun yayılmasının qarşısını almaq qabiliyyəti yox, xəstəlik simptomlarının inkişafına yol verməmək və xəstələnməmək prinsipi olub.
Peyvəndlərin virusun yayılmasının qarşısının alınması ilə bağlı araşdırmalar hələ də davam edir, lakin həm Pfizer-BioNTech, həm də Oxford-AstraZeneca peyvəndinin yoluxmanı azalda biləcəyinə dair bəzi erkən işarələr var.
Digər peyvəndlərin onu tamamilə dayandıra biləcəyinə dair ilkin nəticələr mövcuddur.
Ölüm göstəriciləri ölkədən ölkəyə dəyişir
... və bunun niyə belə olmasının ölüm hallarının sayılma üsulu ilə əlaqəli bir çox səbəbləri var.
Bu cür vəziyyətin nəticələrindən biri odur ki, müxtəlif ölkələrdə ölüm göstəricilərini müqayisə etmək çətin ola bilər. Ölümlərin hesablanması üsulunda bu cür fərqlər Covid-19 üçün unikal hal deyil, lakin epidemiyanın baş verdiyi zaman ölüm statistikasının müəyyən edilməsində belə fərqlər tez-tez baş verir.

Şəklin mənbəyi, Getty Images
TARİXDƏN BİLDİYİMİZ
Əvvəllər pandemiyaların qarşısı necə alınıb
Kanada və Tayvan kimi ölkələrin 2003-cü ildəki Sars pandemiyası ilə mübarizə üsulu mövcud koronavirus pandemiyası üçün də özündə bir çox örnək ehtiva edir, o cümlədən, yoluxmuş şəxslərin təmaslarının izlənməsi və xəstələrin təcrid olunmuş yerlərdə müalicə edilməsinin vacibliyini.
Sosial məsafə qaydasının 400 ildən çox yaşı var
16-cı əsrdə Sardiniyada bir həkim, sanki koronavirus üçün xüsusi olaraq hazırlanmış sosial məsafənin gözlənməsinə dair bir təlimat dərc edib. Həmin təlimat o dövrdə vəba xəstəliyi ilə əlaqədar hazırlanıb. Sözügedən təlimatda hətta o da qeyd olunub ki, pandemiya şəraitində bazarlıq etmək üçün hər ailədən yalnız bir nəfər bayıra çıxıb bunu edə bilər.
1976-cı ildə ABŞ peyvənd kampaniyasını uğursuz keçirdi və cəmiyyətin etimadını itirdi. Həmin hadisə indiki vaksinasiya kampaniyası üçün dərs oldu.

Şəklin mənbəyi, Getty Images
NƏYİ BİLMİRİK
Elmi araşdırmalar davam edir və bu virus hələ də öyrənilir.
Tədqiqatçıların tezliklə daha yaxşı başa düşəcəyinə ümid bəslənilən bir neçə bilmədiymiz məsələ:
Xəstəliyin uzunmüddətli təsiri
Covid-19 virusuna yoluxma nəticəsində xəstəlik keçirmiş insanların bu virusun təsiri altında qalması müddətinin uzunluğu nə qədər olacaq?
Virusun epigenetik təsiri necə olacaq? (Başqa sözlə, virusun təsiri nəsillikcə ötürüləcəkmi?) Virusun sosial/iqtisadi fəsadlarını hələlik qoyaq kənara ...
Koronavirus necə dəyişir
Koronavirus hər dəfə insandan insana keçəndə onun genetik kodunda xırda dəyişikliklər baş verir, lakin alimlər virusun necə mutasiya etməsində müəyyən qanunauyğunluq sezməyə başlayıblar.
Növbəti pandemiya nəcə ola bilər
Hansı xəstəliklərin növbəti qlobal pandemiyaya səbəb olması ehtimalı daha yüksəkdir?
Son həftələrdə BBC Future növbəti pandemiyaya səbəb olması güman edilən altı xəstəliyi araşdırır və bunların qarşısını almaq üçün aparılan işləri öyrənir.
Pandemiya ətraf mühitə necə təsir edir
Qlobal miqyasda karantin rejimi tətbiq olunmağa başlayanda istixana qazlar və havanı çirkləndirən tullantıların həcmi qısa müddət ərzində nəzərəçarpan dərəcədə azaldı, lakin sonradan, ilin qalan müddətində sürətlə yenidən atrdı. Ümumilikdə, CO2 emissiyası 2020-ci ildə 6 faizdən də çox azalıb.
Ancaq Covid 19-un ətraf mühitə uzun müddət ərzində təsir göstərəcəyi ehtimalı da var, çünki ətraf mühit ekspertləri Covid-19 böhranına verilən cavabın iqlim dəyişikliyi ilə bağlı görüləcək tədbirlər üçün bir model rolunu oynaya biləcəyi ilə maraqlanırlar.
























