Ermənistan Prezidenti xəstəxanadan buraxılıb, Xırdalanda partlayışla bağlı cinayət işi açıldı

Şəklin mənbəyi, NEWSARMENIA.AM
Covid 19-dan müalicə kursu keçən Ermənistan Prezidenti xəstəxanadan buraxılıb, Baş Prokurorluq partlayışın "evdə qaz sızması" nəticəsində baş verdiyini bildirib. İlham Əliyev Ramin Quluzadəni nazir vəzifəsindən azad edib və başqa vəzifəyə təyin edib - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Ermənistan Prezidenti xəstəxanadan buraxılıb
Londonda müalicə kursu keçən Ermənistan Prezidenti Armen Sarkisyan xəstəxanadan buraxılıb, Prezidentin köməkçisi Asmik Petrosyan Ermənistan mediasına bildirib.
"Prezident hələ tam sağalmayıb, evdə müalicə olunur. O, özünü yaxşı hiss edir, həkimlərin nəzarəti altındadır ", - Petrosyan bildirib.
Petrosyan qeyd edib ki, həkim icazəsi verildikdən sonra Armen Sarkisyan Ermənistana dönəcək.
Ermənistan Prezidenti Yeni İli Londonda ailəsilə birlikdə qeyd edəndən sonra yanvarın 5-də onun COVID-19-a qarşı testi pozitiv çıxıb və yanvarın 13-də o, koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Xırdalanda partlayışla bağlı cinayət işi açılıb

Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evinin dağıntıları altından çərşənbə axşamı günü daha bir nəfərin cəsədi çıxarılıb.
Bu barədə BBC News Azərbaycancanın hadisə yerində olan müxbiri bildirir.
Fövqəladə Hallar Nazirliyi cəsədi tapılan 2012-ci il təvəllüdlü qızın qalıqlar altında axtarılan sonuncu şəxs olduğu bildirilir.
Qurum indiyədək dağıntılar altından 6 nəfərin çıxarıldığını, 2 nəfərin isə cəsədinin tapıldığını açıqlayıb.
Baş Prokurorluq yanvarın 25-də baş vermiş partlayışın səbəbinin "evdə qaz sızması" olduğunu bildirib.
Qurum açıqlayıb ki, hadisə ilə bağlı cinayət işi açılıb.
Ramin Quluzadə Prezidentin İşlər müdiri vəzifəsinə təyin edilib

Şəklin mənbəyi, APA
Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib və Prezidentin İşlər müdiri vəzifəsinə təyin edilib.
Bu barədə Prezident İlham Əliyev çərşənbə axşamı günü sərəncam imzalayıb.
Prezidentin İşlər müdiri vəzifəsini daha öncə Oqtay Şahbazov icra edib.
İlham Əliyev digər bir sərəncamla Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyin edib.
Rəşad Nəbiyev indiyədək "Azərkosmos" ASC-nin sədri vəzifəsində çalışıb.
Rəşad Nəbiyev kimdir? - bu məqalədə oxuyun.
Azərbaycanda müəllimlərin vaksinasiyası "məcburi" olmayacaq

Şəklin mənbəyi, Təhsil Nazirliyi
Azərbaycanda müəllimlər məcburi qaydada peyvənd edilməyəcək.
Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov çərşənbə axşamı günü bildirib ki, müəllimlərin peyvəndlənməsi könüllülük prinsipinə əsaslanacaq.
"İlkin olaraq yaşı 50-dən yuxarı olan müəllimlərin vaksinasiya olunması tövsiyə edilir. Bakı, Abşeron və Sumqayıtda 16 min 698, bölgələrdə isə 32 min 657 müəllimin yaşı 50-dən yuxarıdır", - o deyib.
Prezident İlham Əliyev ölkədə peyvəndlənmənin könüllü və dövlət hesabına aparılacağını qeyd edib.
Təhsil naziri Emin Əmrullayev yanvarın 22-də keçirilən brifinqdə vaksinasiya olunacaq müəllimlərin siyahısının da hazır olduğunu bildirmişdi.
Cənab Əmrullayev təhsil müəssisələrində Covid-19 virusuna daha çox müəllimlərin yoluxma hallarının qeydə alındığını söyləmişdi.
Baş nazir Əli Əsədovun qərarına əsasən, Azərbaycanda fevralın 1-dən bütün təhsil müəssislərində əyani dərslər mərhələli şəkildə bərpa ediləcək.
Sergey Lavrov və Cavad Zərif Qarabağı müzakirə edirlər

Şəklin mənbəyi, Sefa Karacan/Anadolu Agency/Getty Images
Rusiyanın xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı günü Moskvada iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb.
Görüşün jurnalistlər üçün açıq olan hissəsində İranın xarici işlər naziri Cavad Zərif Qarabağ münaqişəsinin Rusiyanın vasitəçiliyi ilə başa çatması ilə əlaqədar həmkarı Lavrovu və Rusiya prezidenti Putini təbrik edərək İranın bu münaqişənin bitməsinə "çox şad olduğunu" qeyd edib.
"Düşünürəm ki, bu münaqişənin bitməsi bölgədə yeni əməkdaşlıq imkanları üçün fürsət yaradır," - Zərif deyib.
Cavad Zərifin sözlərinə görə, "Dağlıq Qarabağ böhranı Tehranın və Moskvanın ortaq narahatlığı idi, Rusiyanın vasitəçiliyi ilə həll edildi və indi bölgədə sülh və dostluq üçün bir fürsətə çevrilib."
"Bizim ümumi narahatlığımız bu münaqişənin qonşuluğumuzda baş verməsi idi. Vəziyyəti gərginləşdirirdi. İnsanlar ölürdü," - İranın xarici işlər naziri xatırladıb.
O qeyd edib ki, indiki səfərinin məqsədlərindən biri də Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli razılaşmalardan yaranan imkanları araşdırmaqdan ibarətdir.
Ötən gün Bakıda keçirdiyi görüşlərdən sonra Moskvaya gələn Məhəmməd Cavad Zərif öz Tvitter səhifəsində Azərbaynda apardığı danışıqların "məhsuldar" olduğunu qeyd edib. Cavad Zərifin təbirincə bölgədə davamlı sülhə yol qarşılıqlı regional əməkdaşlıqdan keçir.
Görüş ərəfəsi Rusiyanın TASS xəbər agentliyi Moskvada Lavrov-Zərif danışıqlarının əsas müzakirə mövzularından birinin Qarabağ məsələsinin olacağını qeyd edib.
Cavad Zərif bazar ertəsi günü Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə ölkəsinin Qarabağdakı yenidənqurma işlərində iştirak etmək, oradakı vəziyyətin normallaşmasına "yardımçı olmaq arzusunda olduğunu" qeyd edib.
İlham Əliyev İran şirkətlərinin Azərbaycana "yaxın yerləşməsi, logistika və böyük təcrübə" kimi üstünlükləri olduğunu söyləyib.
Cavad Zərifin Moskva səfərində İranın nüvə proqramı, Suriyadakı vəziyyət kimi mövzuların da müzakirə ediləcəyi gözlənilir.






























