You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Ermənistan: oliqarx Tsarukyanın malikanələrində axtarışlar, karantin şəraitində etiraz aksiyası, həbslər və məhkəmə
Ermənistanda ümumi yurisdiksiya məhkəməsi Ermənistan parlamentinin sayca ikinci Firavan Ermənistan fraksiyası və eyni adlı partiyanın lideri Qaqik Tsarukyanın həbs edilməsi haqqında Ermənistan Baş Prokurorluğunun vəsatətini təmin etməyib.
Baş prokuror Artur Davtyan parlamentə müraciətində "Milli Təhlükəsizlik Xidməti tərəfindən Firavan Ermənistan Partiyasının rəhbər heyəti və bir sıra üzvlərinin "mütəşəkkil rüşvət paylama aksiyalarına" cəlb edilməsi faktlarının aşkar edildiyini bildirib.
Prokurorluq məhkəmə qərarının mübahisələndiriləcəyini bildirib.
Iyunun 14-də, Ermənistan Milli TəhlükəsizlikXidməti (MTX) Qaqik Tsarukyanın malikanələri və bir sıra tərəfdarlarının mənzillərində axtarışlar aparıb.
Axtarışlardan sonra Tsarukyan ifadə vermək üçün MTX-yə çağırılıb. Ölkədə koronavirus epidemiyası ilə bağlı karantin rejimi şəraitində kütləvi tədbirlərin qadağan olunmasına baxmayaraq, yüzlərlə Tsarukyanın həmpartiyası və tərəfdarları MTX binasının önündə etiraz aksiyasına toplaşıb.
Bina çoxsaylı polis qüvvələri ilə əhatə olunub. Polis maşınlarından karantin rejiminin pozulması haqqında vaxtaşırı xəbərdarlıqlardan sonra aksiya iştirakçıları həbs olunur.
Axşam saat 10 radələrində Ermənistan Polisi mətbuat xidməti "polisin qanuni tələblərinə tabe olmayan" 252 şəxsin tutulub saxlandığını, bəzilərinə qarşı cinayət işləri açıldığını bildirib.
Saxlanılanlar 3-4 saatdan sonra buraxılıblar. Bəziləri yenidən MTX binası yanındakı aksiyaya qoşulublar.
Qaqik Tsarukyan və tərəfdarları hüquq-mühafizə orqanlarının hərəkətlərini Firavan Ermənistan Partiyası rəhbərinin mövcud hökumətin dəyişdirilməsi labüdlüyünə dair çağırışları ilə bağlı siyasi təqib hesab edirlər.
İyunun 5-də Firavan Ermənistan Partiyası (FEP) siyasi şurasının iclasında partiyanın lideri Qaqik Tsarukyan 2018-ci ildə "məxməri inqilab" nəticəsində yaradılmış Paşinyan hökumətini öz vədlərini yerinə yetirmədiyi, xalqın etimadını doğrultmadığına görə sərt tənqid edib.
Tsarukyan bəyan edib ki, mövcud hökumət tam tərkibdə dəyişdirilməlidir.
Tsarukyan faktiki olaraq Paşinyan hakimiyyətinə qarşı mübarizə elan edib və bu məsələ üzrə digər siyasi partiya və ictimai təşkilatlarla konsultasiyalara başlayacağını deyib.
Baş nazir Paşinyan Tsarukyanın bəyanatlarını şərh etməyib, lakin baş nazirin mətbuat katibi Mane Gevorqyan öz Facebook səhifəsində qeyd edib ki, Qaqik Tsarukyan öz adı ilə bağlı bir sıra cinayət işləri üzrə gedən araşdırmalar prosesindən narahatdır.
İyunun 16-da Ermənistan Milli Məclisi Firavan Ermənistan fraksiyasının rəhbəri Qaqik Tsarukyanın deputat toxunulmazlığından məhrum edilməsi və cinayət məsuliyyətinə cəlb edilməsinə icazə vermək məsələsini müzakirə edib. Səsvermədə yalnız hakim Mənim Addımım fraksiyası və müstəqil millət vəkili Arman Babacanyan iştirak edib və yekdilliklə təklifin lehinə səs veriblər. Onıarın sayı (87) qərar qəbul edilməsinə kifayət edib.
Digər iki fraksiya - Firavan Ermənistan və Zəkalı Ermənistan - səsvermədə iştirak etməyiblər.
Tsarukyan nədə ittiham olunur?
MTX-nin rəsmi bəyanatına görə, bazar günü, iyunun 14-də, keçirilən operativ tədbirlər Tsarukyana məxsus bir sıra şirkətlərin qeyri-qanuni fəaliyyəti nəticəsində dövlətə on milyonlarla dollar ziyan vurulması və 2007-ci il parlament seçkiləri zamanı "Qaqik Tsarukyan" seçki bloku üçün seçici səslərinin rüşətlə alınması ilə bağlıdır.
Daha bir cinayət işi Qaqik Tsarukyana məxsus "Shangri-La" kazinosunun illər boyu lisenziyasız işləməsi nəticəsində dövlətə böyük miqdarda (təxminən 60 milyon dollar), həmçinin, 83 milyon məbləğində investisiya yatırılmadığına görə ziyan vurulması ilə bağlıdır. Bundan başqa, 7,5 hektar torpaq sahələrinin qeyri-qanuni icarəyə verilməsi və Tsarukyana məxsus şirkətə ötürülməsi nəticəsizndə dövlətə ziyan vurulub, MTX-nin rəsmi bəyanatında deyilir.