You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Boeing 777X: Dünyanın ən böyük ikimühərrikli təyyarəsi ilk sınaq uçuşunu başa vurub
Boeing şirkəti dünyanın ən böyük ikimühərrikli təyyarəsi olan 777X markalı təyyarənin ilk sınaq uçuşunu uğurla başa vurub.
Keçən il ABŞ şirkətinin Boeing 737 Max təyyarələri iki dəfə qəzaya uğrayıb və həmin qəza hadisələrinin nəticəsində 346 nəfər həlak olub.
Qeyd olunmuş qəza hadisələrinin ardınca Boeing şirkəti 737 Max təyyarələrinin uçuşunu dayandıraraq gözdən düşmüş imicini yaxşılaşdırmaq istiqamətində səylər göstərərməyə başlayıb.
777X-in ilk sınaq uçuşu Seattle şəhəri yaxınlığından başlayaraq 4 saat ərzində davam edib.
Gələn il Emirates hava yolları şirkətində 777X-in istismarı başlayanadək bu təyyarə daha bir neçə sınaq uçuşu yerinə yetirməlidir.
Təxminən 77 metr uzunluğu olan sərnişin təyyarəsinin istismara bu il verilməsi nəzərdə tutulmuşdu, lakin texniki səbəblər üzündən bu məsələdə gecikmə yaranıb.
777X təyyarəsi Boeing şirkətinin uğur qazanmış 777 "mini-jumbo" modelinin daha təkmilləşdirilmiş modelidir.
Bu təyyarəni digərlərindən fərqləndirən qanadlarının ucunun yığılıb-açıla bilməsi və dünyada ən böyük kommersiya mühərrikinə malik olmasıdır.
Boeing dünya bazarına hər biri $442 milliondan da çox qiymətə çıxardığı bu təyyarələrdən 309-nun artıq satıldığını bildirib.
777X təyyarəsi 360 sərnişin daşıyan Airbus A350-1000 təyyarəsiylə sərnişin hava daşımaları bazarında rəqabətə girəcək.
2018-ci ilin oktyabrında İndoneziyada və beş aydan sonra, ötən ilin martında Efiopiyada Boeing737 Max təyyarələrinin qəzaya uğraması şirkəti böhran vəziyyətinə saldı.
Boeing çoxsaylı araşdırmalar və təyyarənin təhlükəsizliyinin onun tələsik bazara çıxarılması məqsədinə qurban verildiyi barədə ittihamlarla üzləşib.
Şirkət həmin modelin uçuşlara buraxılması üçün icazənin bərpasına səy göstərməkdədir.
737 Max modelinin uçuşlarına tətbiq olunmuş qadağa Boeing şirkətinə $9 milyarddan çox ziyan vurub.