Türkiyədə TANAP-ın Avropa ilə birləşəcək hissəsinin açılış mərasimi keçirilib

Çap edildi

Şənbə günü Türkiyənin Ədirnə vilayətinin İpsala bölgəsində Trans-Anadolu Təbii qaz Boru Kəməri Layihəsinin (TANAP) Avropa ilə birləşəcək hissəsinin açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Recep Tayyip Erdoğan və digər rəsmilər iştirak ediblər.

İlham Əliyev TANAP layihəsinin "ömrünün uzun olacağına və Türkiyə-Azərbaycan və digər qonşu xalqlara fayda verəcəyinə ümid etdiyini" bildirib, Anadolu Agentliyi yazır.

"Bu layihə ölkələr arasında körpülər quracaq, əməkdaşlıq, məşğulluq və uzunmüddətli müqavilələr gətirəcək", - İlham Əliyev deyib.

Recep Tayyip Erdoğan deyib ki, "TANAP ölkəmizin sülhməramlı baxışının konkret işarəsidir".

Erdoğan bu layihənin Türkiyə və Azərbaycan arasında "dərin dostluğun simvolu" olduğunu söyləyib.

Cənab Erdoğan-ın sözlərinə görə, TANAP Azərbaycandan Avropaya uzanan 3500 km-lik enerji koridorunun ən əhəmiyyətli hissəsidir.

Türkiyə Prezidenti TANAP vasitəsilə 16 milyard kubmetr Azərbaycan qazının Türkiyə və Avropanın istifadəsinə verilməsinin "xəyaldan həqiqətə çevrildiyini" deyib.

TANAP nədir?

40 il ərzində istifadədə olması gözlənən TANAP-la bağlı saziş 2012-ci ildə Azərbaycan prezidenti İlham Əliyevlə o zaman Türkiyənin baş naziri olan Recep Tayyip Erdoğan arasında imzalanıb.

Beş il ərzində reallaşdırılması planlaşdırılan kəmərin tikintisi əvvəlcə 7,5 milyard dollar olaraq nəzərdə tutlub, sonradan qiyməti 12 milyard dollara qalxıb.

Layihənin ilk mərhələsi 2018-ci ildə bitib. 2020-ci ildə kəmərin buraxılış qabiliyyətinin ildə 16 milyard kubmetr, 2023-cü ildə 23, 2026-cı ildə isə 31 milyard kubmetr olması gözlənir.

2020-ci il üçün nəzərdə tutulan qazın on milyard kubmetri Avropaya, qalanı isə Türkiyəyə satılacaq.

Layihədə Azərbaycan 58 faiz paya malikdir.

Yeni qaz kəməri Azərbaycanı böyük regional təchizatçıya çevirəcək. Bu, xüsusilə 2020-ci ildən sonrakı dövrdə tədricən azalacaq neft gəlirlərini kompensasiya edəcək, ancaq bəzi tənqidçilər hesab edirlər ki, qaz ixracatı neft ixracatının son onillikdə gətirdiyi gəlir qədər mənfəət verməyəcək.

Layihəyə görə 2020-ci ilin əvvəlindən TANAP Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) birləşdirilməli və Azərbaycan qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdırılmalıdır.

Cənub Qaz Dəhlizinin ümumilikdə dəyəri 40 milyard dollar civarındadır.

2018-ci il mayın 29-da Cənub Qaz Dəhlizinin Azərbaycan hissəsində ilk qaz vurulub.