Britaniya mətbuatı: Yeni prezident Özbəkistanı daha azad ölkə edəcəkmi?

Mirziyoyev

Şəklin mənbəyi, Getty Images

Çap edildi

Yeni prezident Özbəkistanı daha azad ölkə edəcəkmi?

"The Guardian" yazır ki, bu günlər Özbəkistanda hamının dodağında bircə kəlmə var: dəyişiklik.

"Dəyişikliklər baş verir, həyat yaxşılaşır" - Daşkəndin 20 yaşlı sakini Akrom Abdurahimov deyir.

"Hər gün yuxudan oyanırıq və nə isə fərqli bir şey eşidirik" - bunu da dəbdəbəli kafedə çay içən Nadira İlhamova deyir.

"Dodaqlarda bir ad da var: Şavkat Mirziyoyev" - yazır qəzet, - İndi Özbəkistanda onun adını çəksəniz, hamı dərhal baş barmağını dik tutmaqla cavab verəcək.

Məqalədə deyilir ki, ötən il Özbəkistanın avtoritar lideri İslam Karimovun ölümündən sonra Mirziyoyev hakimiyyətə gələndən bəri dünyanın ən qaranlıq diktatorluqlarından biri işıqlanmağa başlayıb. Əlbəttə, hələlik bunu tam açıqlıq adlandırmaq olmaz.

"The Guardian" yazır ki, 60 yaşlı, saçları çallaşan Mirziyoyev 13 il Karimovun baş naziri olub və onu dinamik dəyişiklik rəmzi saymaq olmur. Lakin bununla belə, o artıq bir neçə nəzərəçarpacaq islahatlara başlayıb.

O bir neçə siyasi məhbusu azad edib, uzun illər ölkədə non grata elan edilmiş beynəlxalq insan haqları təşkilatlarının nümayəndələrini salamlayıb, medianı sıxan məngənəni boşaldıb və öz işlərini qoyub zorla pambıq yığmağa göndərilən minlərlə insanı məcburi əməkdan qurtarıb.

"The Guardian" yazır ki, Karimovun 27 illik hakimiyyəti dövründə siyasi repressiya və iqtisadi durğunluq altında inləyən 34 milyonluq bu ölkədə indi hamı "siyasi istiləşmədən" söz açır. Bu nədir? "Özbək baharımı?" Həqiqətəndəmi Mirziyoyev totalitar Özbəksitana demokratiya gətirir?

Mirziyoyevin özü bu sullara müsbət cavab verir. O ədalətli və demokratik bir cəmiyyət qurmaq niyyətində olduğunu deyir.

Bunlar doğrudan da həyəcanverici bəyanatlardır. Karimovun hakimiyyəti altında Özbəkistan despotizmin sinoniminə çevrilmişdi. Burada media boğulur, dissidentlər həbsxanalara atılır, adamlar zorla pambıq yığmağa məcbur edilirdi. Bütün bunlara qarşı çıxanlarla isə 2005-ci ildə Əndicanda gülləbaran edilmiş nümayişçilər kimi rəftar edilə bilərdi.

"Bu Özbəkistan xalqı üçün ümid çağıdır, - yazırlar Human Rights Watch təşkilatından Steve Swerdlow və Hugh Williamson, - Lakin bu həm də sözlərin əmələ çevrilməsinin başlanğıcı olmalıdır". Onlar Özbəkistana səfərdən yenicə qayıdıblar.

Bu ölkədə indi yeni prezident Mirziyoyevə ümidlər doğrudan da böyükdür.

"O göstərmək istəyir ki, onun gəlişi ilə hər şey başqa cür olacaq, - deyir biznesmen Pulat İbrahimov, - O bir çox şeyləri dəyişir, çünki bu dəyişikliyi adamlar istəyirlər. Biznesə daha çox azadlıq verilməlidir ki, daha çox iş yerləri yaradılsın".

İndi Daşkənddə qara bazardan, daha doğrusu onun yoxa çıxmasından danışrılar. Bu bazarda dollarları qalaq-qalaq özbək puluna dəyişən valyutaçıları görə bilməzsiniz. Onlar prezident milli valyutanın islahatına başlayandan bəri yoxa çşıxıblar.

Adamlar ümid edirlər ki, prezidentin niyyət və sözləri əmələ çevriləndə həyat daha da firavan olacaq və bu ailəsini dolandırmaq üçün Rusiyaya yollananların axınının qarşısını kəsəcək.

Lakin İbrahimov deyir ki, adətən siyasi liberallaşma iqtisadi liberallaşmadan daha uzun müddət tələb edir. İbrahimov qarşıdan gələn 5-10 ilə ümid bağlayır.

Biznesmen deyir ki, Mirziyoyevin Karimov əsgəri olduğunu və saxta seçkidə 89 faiz səslə qalib gəldiyini unutmaq olmaz.

"Bunu yaxşı bilin: Mirziyoyev demokrat deyil. O təpədən dırnağa avtokratdır" - deyir Washington-dakı Respublikaçılar İnstitutunun təhlilçisi Baxtiyor Nişanov.

Ekspertin fikrincə, Mirziyoyevin əsas məqsədi ölkəni iqtisadi durğunluqdan çıxarmaqdır və bunun naminə o yalnız cüzi demokratik dəyişikliklərə gedə bilər.

Bu dəyişikliklərdən bəziləri baş verir: Həkimlər, müəllim və tələbələr pambıq tarlalarına göndərilmirlər. BBC Özbək xidmətinə onun çoxdan qapadılmış ofisini yenidən açmaq icazəsi verilib. Minlərlə siyasi məhbusdan beş-altısı azad olunub.

Lakin eyni zamanda ötən həftə Özbəkistanın dissident yazıçısı Nurullo Otahonov Türkiyə sürgünündən qayıdarkən Daşkənd hava limanında həbs edilib. O da Özbəkistanda siyasi istiləşmənin baş verdiyini güman etmişdi. Onu yalnız dörd gündən sonra azad ediblər.

"Yuxarılardakı vəziyyət dəyişir. Bu dəyişikliyin aşağılara çatmasına 5-10 il, bəlkə də 50 il lazım gələ bilər" - deyir İlhamova.

şahmat

Şəklin mənbəyi, Getty Images

İran şahmatçısı hicaba görə ABŞ komandasına keçib

"The Telegraph" yazır ki, hicablanmadığına görə İran milli komandasından çıxarılan qadın şahmatçı ABŞ komandasına qoşulub.

Dorsa Deraxşani ötən fevralda keçirilən Tradewise Gibraltar şahmat turnirində hicabdan imtina etdiyinə görə İran komandasından xaric olunduqdan sonra ABŞ milli komandasına qəbul edilib.

Dünya şahmat təşkilatı FIDE-nin internet saytında Dorsanın qeydiyyatı dəyişdirilib və onun Birləşmiş Ştatların komandasına keçməsi İran Şahmat Federasiyasının prezidenti Mehrdad Pəhləvanzadə tərəfindən təsdiq edilib.

Pəhləvanzadə deyib ki, Deraxşani əslində İran komandasının üzvü deyildi və İran üçün cəmi bir dəfə, 2014-cü ildə yarışıb.

Dorsa 2015-ci ildə bir şahmat klubu tərəfindən dəvət aldıqdan sonra Tehranı tərk edərək Barselonaya köçmüşdü. Həmin klub həm də onun təhsil haqqını ödəməyi öz üzərinə götürmüşdü.

Deraxşani Dünya Şahmat Federasiyası tərəfindən 2016-cı ildə qadın qrossmeyster və beynəlxalq qrossmeyster titullarına layiq görülüb.

Fevral ayında Cəbəllütariqdə keçirilən şahmat turnirində Dorsanın qardaşı Borna Deraxşani kompütrelə tandemdə İsrail qrossmeysteri Alexander Huzmana qarşı oynayıb.

Pəhləvanzadə daha sonra deyib ki, Bornaya da İranı təmsil etmək qadağan olunub.

Lakin əgər Dorsa İran komandasından hicab geyinmədiyinə görə xaric edilmişdisə, onun qardaşı İsrail şahmatçısına qarşı çıxış etdiyinə görə cəzalandırılıb. İran İsraili tanımır və İran idmançılarının bu ölkənin idmançıları ilə eyni matçlarda yarışması qadağan olunub.

İran Şahmat Federasiyasının baş katibi Şohre Bayat isə bir qədər dolaşıq bəyanat verərək deyib ki, "Dorsa indi ABŞ-da təhsil alır və o ABŞ komandasının üzvü deyil, amma sadəcə olaraq Birləşmiş Ştatların federasiyasına keçib".

Bundan əvvəl, fevral ayında keçmiş ABŞ çempionu Nazi Paikidze-Barnes ölkədəki məcburi hicab qanununa eturaz olaraq Tehranda keçirilən şahmat çempionatında iştirakdan imtina etmişdi.

O demişdi ki, qadınların təməl insan haqlarını pozan bir ölkənin Dünya Qadın Şahmat Çempionatı keçirməsi qeyrui-məqbuldur.

yahoo logo

Şəklin mənbəyi, KAREN BLEIER

Yahoo heç kimdə sirr qoymayıb

"The Independent" yazır ki, Yahoo şirkəti ondan istifadə edən bir nəfərin də sirlərini faş edilməmiş qoymayıb.

2013-cü ildə baş vermiş haker hücumunda 3 milyard istifadəçinin şəxsi məlumatları faş olub. Bu bütün Yer planeti əhalisinin yarısı deməkdir.

Başqa sözlərlə, Yahoo istifadəçilərindən bir nəfərin də sirləri hücumdam qorunmayıb.

Yahoo bundan əvvəl ona böyük haker hücumu olduğunu etiraf edərkən söhbətin 1 milyard istifadəçidən getdiyini bəyan etmişdi, lakin indi sirləri açılmış istifadəçilərin bundan üç dəfə çox olduğunu boynuna alıb.

Faş edilən sirlər adamların ən mühüm şəxsi məlumatları olub. Söhbət istifadəçi adlarından, parollardan, telefon nömrələrindən və doğum tarixlərindən gedir.

Ekspertlər istifadəçilərə məsləhət görürlər ki, onlar arxayın olub oturmasınlar və elə hesab etsinlər ki, onlara aid həssas informasiya bədxah adamların əlinə keçib.

Yahoo-nun sahibi olan Verizon qrupu bildirib ki, 3 milyard istifadəçinin sirlərinin açıldığı barədə məlumat şirkətin xaricindəki mənbələrdən alınıb.

"The Independent" xatırladır ki, bu ilin əvvəllərində ABŞ Ədliyyə Nazirliyi Yahoo-ya kiberhücum təşkil etmiş Rusiya hakerləri barəsində cinayət işi qaldırıb.