Jirinovski: "Qafqaz haqqında dediklərim düz başa düşülməyib"

Rusiyada öz ifrat millətçi çıxışları ilə daim medianın diqqət mərkəzində olan LDPR Liberal Demokrat partiyasının lideri və Dövlət Duması deputatı Vladimir Jirinovski bu yaxınlarda Qafqaz barədə dediyi fikirlərin mediada təhrif olunduğunu bildirib.
Jirinovskinin təbirincə onun sözləri "düz başa düşülməyib".
"Qafqaz barədə dediklərim yalnız antiterror əməliyyatlarına aiddir", Vladimir Jirinovski Rusiya Dövlət Dumasında deputatlar qarşısında çıxış edərkən deyib.
Ötən həftə Rusiya televiziyası ilə yayımlanmış verilişdə iştirak edən Jirinovski Qafqazı Rusiyadan "tikanlı məftillə ayırmağı", Şimali Qafqaz sakinlərinin isə gediş-gəlişinə məhdudiyyət qoymağı təklif edib.
Jirinovskinin bu çıxışından sonra Rusiya Dövlət Dumasının etika komissiyasının LDPR liderini 1 aylıq müddətə çıxış etmək imkanından məhrum edəcəyi barədə mümkün təklifinə dair xəbərlər yayıldı.
Bu arada Dövlət Dumasının millətlər üzrə komitəsinin rəhbəri Hacıməd Səfərəliyev Rusiya Baş prokurorluğuna LDPR liderinin dediklərində ekstermizm əlamətlərinin olub-olmadığnın yoxlanması üçün Rusiya baş prokurorluğuna müraciət edib.
Bu gün Rusiya Dumasında deputatlar qarşısında danışan Jirinovski deyib ki, o, televiziya verilişindəki çıxışında "xalqların köçülüməsini" nəzərdə tutmayıbmış və onun dedikləri "yalnız antiterror əməliyyatına" şamil olunmalıdır.
"Tikanlı məftil deyəndə mən blok-postları nəzərdə tutmuşam", Jirinovski vurğulayıb.
LDPR lideri dəqiqləşdirib ki, Rusiyadan tikanlı məftillə yalnız "yaraqlıların gizləndiyi əraziləri ayılrmağı" təklif edibmiş.























