Rəşad Şirinin bloqu: vətəndaş cəmiyyəti anlaşılmazlığı

1989-cu il, 26 noyabr. Çexoslovakiyada müxalif Vətəndaş Forumunun aparıcı üzvü olan Vaclav Havel (sağda) Şiddətə Qarşı vətəndaş hərəkatından Marian Calfa ilə əl sıxışır

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, 1989-cu il, 26 noyabr. Çexoslovakiyada müxalif Vətəndaş Forumunun aparıcı üzvü olan Vaclav Havel (sağda) Şiddətə Qarşı vətəndaş hərəkatından Marian Calfa ilə əl sıxışır
    • Müəllif, Rəşad Şirin
    • Vəzifə, Siyasi təhlilçi, Bakı
  • Çap edildi

Bu ilin əvvəlində bir qrup tanınmış azərbaycanlı Sivil Toplum Platformasını təsis edib.

Platformanın manifestində deyilir:

"…Yaxın tariximizdə demokratik respublika quruculuğuna imza atan xalq kimi ədalətli və inkişaf etmiş cəmiyyət arzularımıza hələ də çata bilməməyimiz bizdə məyusluq hissi yaratmamalıdır. Unutmamalıyıq ki xalq və toplum olaraq, nə vaxt əl-ələ vermişiksə, ən çətin əngəlləri aşıb uğurlar qazanmışıq. Hər birimiz yaxşı bilirik ki, tarixin ən güclüləri sırasına yüksəlməyimiz də, yalnız bir toplum olaraq Azərbaycanın gələcəyinə inandığımız dövrlərdə mümkün olub. Biz mövcud potensialımıza, gücümüzə inandıqca, ölkəmizin uğurlu gələcəyə qovuşması qaçınılmazdır”.

Platformanı təsis edən insanları şəxsən tanıyıram və hər birinə ayrı-ayrılıqda yüksək dəyər verirəm. Onların çoxu 80-ci illərdən xalqımızın, insanımızın ədalətli, sağlam, demokratik dövlətdə yaşaması üçün olmazın fədakarlıqlar etmiş, mübarizə aparmış, əziyyətlərə qatlanmış, bəziləri həbsə düşmüş, təzyiqlər görmüş adamlardır.

Onlar həm də savadlı, dünya görüşlü, yerli və beynəlxalq təcrübəyə malik insanlardı. Mənəvi və əqidə baxımından möhkəmdirlər və gördükləri işə inanırlar və s.

İndi sizə elə gələ bilər ki, bu sadəcə bəsit təriflərdir və bunu zatən hamımız bilirik.

Lakin növbəti söyləyəcəyim fikir bəlkə də sizə qəribə gələcək.

Fikir bundan ibarətdir ki, savadlı, ağıllı, təcrübəli, erudisiyalı, maraqlı insanların bir araya toplanması sivil toplum deyil.

Qərbdən fərqli

Ən azından mənim bugünə qədər gördüyüm, bildiyim, bənzəmək istədiyimiz inkişaf etmiş Qərb demokratiyalarında bu belə deyil. Gördüyüm, çalışdığım postsovet ölkələrinin bəzilərində (və ya əksərində) bu belədir.

Yəni bu qədər tanınmış və təcrübəli insanın bir araya gəlməsinin özü problemdir. Səhv anlaşılmaq istəmirəm, sırf vətəndaş cəmiyyətinin mahiyyəti və məntiqi baxımından problemdir (və mənim üçün problem olmağı o demək deyil ki, hamı üçün problemdir).

Eyni zamanda, onu da deyim ki, bir elita hərəkatı və ya bir siyasi hərəkat və ifadə baxımından burada problem görmürəm. Mənim çətinliyim sırf sivil toplum anlayışı ilə bağlıdır bu kontekstdə.

Xüsusilə də bu insanlar ümummilli problemlərin həll edilməsini hədəf qoyurlarsa, bu, mənim fikrimcə, heç sivil toplum deyil. Manifest kimi gur səsli bir sənədlə ortaya çıxan təşkilatlanma siyasidir və ya siyasətə daha çox aiddir nəinki ayrı-ayrı sosial və ya sivil qrupların maraqlarının ifadə edilməsinə.

Manifestdə göstərilən “Demokratik respublika”, “ədalət”, “inkişaf etmiş cəmiyyət”, “ölkəmizin uğurlu gələcəyi” ilə bağlı hədəflər çox böyük, milli hədəflərdir və bunların təmin olunmasının yolu çox zaman böyük siyasi dəyişiklərdən keçır.

Mənim fikrimcə, bu hadisə uzun zamandır davam edən vətəndaş cəmiyyəti (sivil toplum) məfhumu və fenomeni üzərində hökm sürən anlaşılmazlığı biraz da dərinləşdirir.

Daha əvvəllər də bu haqda yazmışam, bir daha vurğulamaq istəyirəm. Postsovet dönəmində bizə təklif olunan vətəndaş cəmiyyəti anlayışı Şərqi Avropada formalaşmış (Çexiya və Polşa) kommunist diktaturalarına qarşı mübarizə aparan hərəkatların özlərinə verdikləri addır.

Sonradan bu anlayış və yanaşma postsovet ölkələrinə köçür və burada da eyni məntiqlə işlənməyə başlayır.

Bu yanaşmanın mənə görə böyük qüsuru ondadır ki, Qərbi Avropa və Amerikadakından fərqli olaraq, bu yanaşmada məsələlər və hərəkətlər mərkəzləşir, mürəkkəbləşir, siyasi hədəflər qoyulur və çox zaman bu hədəflərə nail olmaq imkansız olur.

Dediyim kimi, bu yanaşma mərkəzləşdirir, halbuki Qərbi Avropa və Amerikadakı sivil toplumun məntiqi əks-mərkəziyyətçidir, lokaldır, bəsitdir.

Əsasən sivil toplum deyəndə iki cür birləşmələr ağıla gəlir: peşəkar birliklər və icma üzərindən formalaşan birliklər. Bunlar milli hədəflər qoymur, konkret icmanın problemi ilə məşğul olurlar.

Yəni postsovet sivil toplumu ilə inkişaf etmiş Qərb sivil toplumu arasında fundamental bir fərq var.

Və bu fərq də ondan ibarətdir ki, orada sivil toplum haradasa aşağılardadı, görünməyəndi, köklərdədir, amma nəbadə o sivil toplumun marağına dövlət toxuna.

O zaman işçilər, vəkillər, müəllimlər, dülgərlər, dəmir yolçular, aşbazlar, tələbələr, həkimlər, dindarlar, jurnalistlər, ateistlər və daha kimlərin birlikləri töküləcək küçələrə.

Bizdə sivil toplum yuxarıdadır, mərkəzdədir, üzdədir, savadlıdır, ziyalıdır amma hüquq-mühafizə orqanlarının bir əməliyyatı ilə tamamən sıradan çıxarıla bilər.

Nə təklif edirsən?

Adətən mənimki kimi bir yanaşma ortaya qoyulanda, gözəl bir sual yaranır. Yaxşı, bəs neyləməlidir insanlar, nə təklif edirsən. Heç bir şey. Bilmirəm, açığı.

Ölkəni güclü edən sivil toplumdur, vətəndaş cəmiyyətidir deyirlər. Amma hansı sivil toplum. Əgər ağıllı, savadlı sivil toplumdursa, o zaman gərək Ukrayna ən azından normal dövlət, bir az da babat ölkə olardı, çünki orada çox güclü sivil toplum var, sözün postsovet anlamında.

Burada mənim üçün əsas sual odur ki, biz Qərbdəki kimi, təbiət və mahiyyətcə, sivil toplumu yarada bilərikmi. Biz, öz savadlı, ziyalı mövqeyimizdən, kənardan bunu edə bilərikmi. Yoxsa bu aşağılarda təbii olaraq formalaşmalıdı, maraqların birliyindən, ehtiyacdan, zamanla.

Bu o deməkdirmi, ki, indi Sivil Toplum Platforması kimi qurumlar olmamalıdı. Bilmirəm. Yəni hədəf klassik mənada yuxarıda danışdığım ideal sivil toplumdursa, bu cür qurumlar o hədəfi nə qədər yaxınlaşdırır və ya nə qədər uzaqlaşdırır.

Bəlkə də bu sadəcə uğursuz sözlərin seçimi idi, mən də çox dərinə getdim.

Amma digər bir tərəfdən də sözlər məfhumları, məfhumlar fikirlərimizi, fikirlərimiz isə gerçəklərimizi yaradır.

Hərhalda daha çox tənqidi düşünməliyik, bunun üçün də nəzəri əsaslar güclü olmalıdır. Eyni zamanda dünya təcrübəsinə də daha tənqidi baxa bilməliyik. Kənardan gələn fikirlərə emosional yox, refleksiv baxmalıyıq.

Və sonunda ümid edirəm ki, bu yazdıqlarım həm geniş oxucu üçün həm də Sivil Toplum Platformasındakı dostlarımız üçün faydalı olacaq.