
Azərbaycanın ilk süni rabitə peyki "Azərspace/Afrikasat-1A" cümə axşamı gecəsi Fransız Qvianasında Kuru kosmodromundan kosmosa buraxılıb.
Azərtac xəbər verir ki, bu münasibətlə Azərbaycan prezidenti İlham Əliyev xalqı təbrik edib.
"Müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük", Əliyev deyib.
Əliyev gələcək də yeni peyklərin orbitə çıxarılması istiqamətində fəal iş aparılacağını bildiirb.
Onun sözlərinə görə, 2015 və 2016-cı illərdə əlavə iki peykin orbitə buraxılması gözlənilir.
Bu peyklər əsasən Yer səthinin müşahidəsi üçün nəzərdə tutulub və aşağı Yer orbitinə çıxarılacaq.
"Azərspace/Afrikasat-1A" peyki Malayziyanın "MEASAT Satellite Systems" şirkətilə əldə edilmiş razılığa əsasən, bu ölkənin kosmik orbitindən gecə saat 01.36 və 02.20 arasında uçurulub.
Malayziyaya Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən ayrılmış kosmik orbitdən Azərbaycan icarə razılaşması əsasında istifadə edir.
"Azərspace/Afrikasat-1A" telekommunikasiya peykinin işlənib hazırlanması 2 il bundan əvvəl bağlanmış müqaviləyə əsasən rəsmi Bakı tərəfindən ABŞ-ın "Orbital Sciences Corporation" şirkətinə həvalə edilib.
Peykin geostasionar orbitə çıxarılmasına isə "Ariane -5" raketdaşıyıcısını istehsal edən Fransanın "Arianespace" şirkəti cavabdehdir.
"Azərspace/Afrikasat-1A" peykinin kosmik orbitə çıxarılması şərtlərinə dair müvafiq ikitərəfli müqavilə 2010-cu il noyabrın 5-də imzalanıb.
Azərbaycan rəsmiləri deyir ki, peyk vasitəsilə Bakı Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionuna yüksək keyfiyyətli telekommunikasiya və yayım xidmətləri təklif etmək imkanı qazanacaq.
Layihənin ümumi dəyəri təxminən 250 milyon ABŞ dollar təşkil edir.
Azərbaycanın ilk rabitə peykinin ümumi çəkisi 3 250 kq təşkil edir və onun istifadə müddəti 15 ildir.
Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun yerli mediaya verdiyi açıqlamalara əsasən, "peykin imkanlarının 20 faizi Azərbaycanın tələbatını ödəmək üçün, qalan 80 faizi isə kommersiya məqsədilə istifadə ediləcək".
Peykin resurslarının 40 faizinin istifadəsi üçün isə nazirin təbirincə, artq müvafiq müqavilələr razılaşdırılıb.
Azərbaycanda peyklərin idarə olunması üçün regional idarəetmə mərkəzləri yaradılıb. Əsas mərkəz Güzdək qəsəbəsində, ehtiyat idarəetmə mərkəzi isə Naxçıvanın Culfa rayonunda fəaliyyət göstərəcək.

















