İranın azərbaycanlılar yaşayan ərazisində peyk antennaları sökülür

İran polisi Qərbi Azərbaycan əyalətinin Bukan şəhərində peyk antennalarını evlərin üzərindən sökməyə başlayıb, bu barədə APA xəbər verir.
Ramazan ayının başlanması ilə əlaqədar belə əməliyyatların sayı çoxalıb, xəbərdə deyilir.
Londonda yaşayan və əslən İrandan olan azərbaycanlı Məmməd Ənsari BBC Azərbaycancaya deyib ki, İran hökumətinin bir il əvvəl başladığı proqrama əsasən tez-tez evlərdə reyd keçirilir. "İran ordusunun əsgərləri başları üzərində bir zabitlə evlərə gedir və damların üzərindəki metal boşqabları sındırırlar, bəzən isə özlərilə götürürlər."
Onun sözlərinə görə, əvvəllər əsgərlər evlərə girib teleradioqəbulediciləri də müsadirə edirdi: "İndi isə artıq evlərə girmirlər, yalnız metal boşqabları sökürlər".
"Şeytan" boşqablar
İran hakimiyyəti peyk antennalarının müsadirəsi üzrə reydləri Tehranda və digər şəhərlərdə də həyata keçirib.
"İranın şeytan boşqablarla mübarizəsi azərbaycanlılar yaşayan əraziyə də gedib çatdı" - Eurasianet saytındakı bloqunda Giorgi Lomsadze yazır.
"Tehranın diliylə desək, peyk antennaları şeytan şüası buraxıb. Şeytan isə BBC, Amerikanın səsi, Nickelodeon (Amerika uşaq telekanalı) kimi formalarda zühur edə bilər" - bloqqer yazır.
"Peyk antennalarının yalnız bir məqsədi var - İslama, bizim İslam hökumətimizə və böyük İran xalqına hücum etmək" - bloqqer peyk antennaları əleyhinə danışan bir İran ruhanisindən sitat gətirir.
Azərbaycan və türk dilində kanallar
Bəzi müşahidəçilər hesab edir ki, peyk antennaları xüsusilə də İranın Azərbaycanla sərhəd əyalətlərində hökumət üçün "təhlükə" hesab olunur.
"İranda azərbaycanlılar peyk antennaları vasitəsilə əsasən Türkiyə və Azərbaycan telekanallarını izləyirlər" - bu sözləri BBC Azərbaycancaya İngiltərənin Leeds şəhərində Azərbaycan icmasının rəhbəri İsa Türkoğlu deyib.
"Onlar bu kanallara baxırlar ki, öz dərdlərini hiss etsinlər, dili rahat anlasınlar" - o deyib və iddia edib ki, fars dilində telekanallarda azərbaycanlılarla bağlı aşağılayıcı tondan istifadə olunur.
"Azərbaycanlılar öz dilində telekanalları izlədikcə, hakimiyyət narahat olur" - İsa Türkoğlu deyib.
























