Iran Azərbaycan səfirindən ikinci dəfə izahat istəyib

Şəklin mənbəyi, bb

Çap edildi

Azərbaycanın İrandakı səfiri ikinci dəfə Xarici İşlər Nazirliyinə çağrılıb.

Bu dəfə Cavanşir Axundzadədən “İsrailin Azərbaycana 1,6 milyard dollar həcmində silah və hərbi sistemlər satması” barədə izahat istənilib.

Xəbəri APA İran mətbuatına əsasən yayır.

Frans-press agentliyi yazır ki, səfirə həm də “İsrailin Azərbaycan ərazisindən İrana qarşı “terror-aktlarında” istifadə edilməməsi” barədə xəbərdarlıq edilib.

İranın xəbər agentlikləri xəbər verir ki, Axundov İran tərəfinə “silahların Azərbaycanın işğal edilmiş ərazilərini azad etmək üçün alındığını” bildirib.

“Rəsmi Bakı silahların üçüncü ölkəyə, xüsusilə İran İslam Respublikasına qarşı işlədilməyəcəyinə icazə verməyəcək”, Axundov deyib.

Azərbaycan nə deyir?

Azərbaycanın XİN mətbuat katibi Elman Abdullayev Azərbaycan xarici siyasətini müstəqil və balanslaşdırılmış şəkildə həyata keçirdiyini bildirir.

Onun fikrincə, Azərbaycanın siyasəti “hörmətlə qarşılanmalıdır”.

“Azərbaycanın 20 faiz torpağı işğal altındadır. Bu günlərdə biz Xocalı soyqırımının 20 illiyini qeyd etdik. Bu faciə dünyanın gözü önündə törədilib. Ona görə də Azərbaycanın haqqı var ki, öz torpaqlarını geri qaytarsın və bunun üçün əlindən gələni edəcək. Bizim mövqeyimi hər zaman beynəlxalq hüquqa əsaslanıb”

Bazar ertəsi İsrailin müdafiə nazirliyi rəsmiləri Azərbaycanın bu ölkədən 1.6 milyard dollar məbləğində hava hücumundan müdafiə sistemləri aldığını təsdiqləyib.

Fevralın 12-də səfir İranın Xarici İşlər Nazirliyinə çağrılaraq ona "Azərbaycanın İsrailin Mossad kəşfiyyat orqanı ilə əməkdaşlıq etməsi" iddiasını əks etdirən sənəd verilib.