Azərbaycan İkinci Qarabağ müharibəsində qalib gəlməsinin ikinci ilini bayram edir

Bakıda Zəfər Günü qeyd edilir
Çap edildi

Zəfər bayramı ilə bağlı Bakıda müxtəlif tədbirlərin keçirilməsi, hərbçilərin yürüşü, konsert proqramı və atəşfəşanlıq olacağı elan edilib.

2020-ci ilin 27 sentyabrda başlayan və 44 gün davam edən müharibə nəticəsində Azərbaycan Şuşa da daxil olmaqla, 30 ilə yaxın işğal altında olan ərazilərini yenidən nəzarət altına alıb. Müharibədən sonra Azərbaycanın Qarabağ bölgəsində erməni əhali yaşayır. Qarabağın ermənilər yaşayan hissəsinə və Laçın dəhlizinə rus sülhməramlıları nəzarət edir.

İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan və Ermənistan yeddi minə yaxın hərbçisini itirib.

Ötən gün ABŞ-ın paytaxtı Washingtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan görüşərək mümkün sülh müqaviləsinin elementləri ilə bağlı danışıblar.

Nazirlərin ABŞ dövlət katibi Antony Blinkenlə də birgə görüşü olub.

Azərbaycan və Ermənistan XİN bəyan edib ki, görüşdə "hələ də həll edilməli olan bir sıra məsələlər" olduğunu qeyd edilib: "Hər iki tərəf Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 6-da Praqada, oktyabrın 31-də isə Soçidə keçirdikləri görüşlərdə götürdükləri öhdəlikləri bir daha təsdiq edib", - tərəflərin bəyanatında deyilib.

XİN başçıları danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəlib.

Bu ilin oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Macron, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel arasında keçirilmiş görüşdən sonra verilən bəyanatda deyilir ki, Azərbaycan və Ermənistan BMT-nin nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini təsdiq edirlər.

Görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, ilin sonuna kimi Ermənistanla sülh sazişi imzalana bilər. Bundan sonra Azərbaycan və Ermənistan rəhbərləri Rusiyanın vasitəçiliyi ilə Soçi şəhərində görüşüblər, amma əvvəldən bu görüşdən əhəmiyyətli nəticə gözlənməyib.

Bu görüşdən qabaq Rusiya Prezidenti Vladimir Putin Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının "Moskva" və "Washington" varinatlarının olduğunu deyib. Vladimir Putin Ermənistanın bunlardan birini seçməkdə azad olduğunu deyib, amma bunun Azərbaycan üçün də məqbul olmasını vurğulayıb.

2020-ci il noyabrın 10-da müharibənin bitməsi Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında üçtərəfli bəyanatla elan olunub. Lakin ötən iki ildə 10 noyabr bəyannaməsinin nəzərdə tutduğu kommunikasiyaların açılması ilə bağlı məsələ hələ də mübahisələr mövzusu olaraq qalır.

Ötən iki il ərzində tərəflər arasındakı sərhədlərdə atışma və lokal döyüşlər ilə müşayiət olunan gərginlik müşahidə olunub. Buna baxmayaraq, bəzi təhlilçilər hesab edir ki, 44 günlük müharibədən sonra regionda qüvvələr nisbəti və status-kvo dəyişib və bu, yeni əməkdaşlıq perspektivlərini açır.

Bəzi siyasi şərhçilər isə, əksinə - ötən aylar ərzində heç bir ciddi irəliləmənin olmadığını deyirlər. Onlar qarşılıqlı etimad səviyyəsinin əvvəlki kimi aşağı səviyyədə qaldığını, cəmiyyətlərin sülhə hazırlanmadığını qeyd edirlər.

Bu ilin sentyabrın 12-14-də dövlət sərhədində baş verən son eskalasiyada Ermənistan hakimiyyət orqanlarının məlumatına görə, 207 nəfər (hərbçilər və üç mülki şəxs) həlak olub və ya itkin düşüb. Azərbaycan 80 hərbçisinin həlak olduğunu bildirir.

44 günlük İkinci Qarabağ Müharibəsində Azərbaycanın 3000-ə yaxın, Ermənistanın isə 3700-dən çox hərbçisi həlak olub, itkin düşənlər hələ də axtarılır. Hər iki tərəfdə mülki şəxslər də müharibənin qurbanı olub.