İran naziri Bakıda İlham Əliyevlə nə danışıb?

Çap edildi

İranın Xarici İşlər Naziri (XİN) Əmir Abdullahian bu gün Bakıda Prezident İlham Əliyevlə görüşüb. Rəsmi məlumata əsasən, görüş zamanı ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin "davam etdirilməsinin vacibliyi" vurğulanıb.

"Görüşdə ikitərəfli əməkdaşlığımızın gündəliyinin geniş olduğu bildirildi və yaxşı nəticələrin əldə ediləcəyinə ümidvarlıq ifadə olundu", - president.az saytında qeyd olunur.

Məlumata görə, Prezident İlham Əliyevlə Əmir Abdullahian, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar məsələləri müzakirə ediblər.

Bu gün İran Xarici İşlər Naziri ilə onun azərbaycanlı həmkarı Ceyhun Bayramovun birgə mətbuat konfransında İran və Azərbaycan arasında əməkdaşlıq istiqamətləri barədə daha konkret məlumat verilib.

Ceyhun Bayramov nümunə olaraq, Araz çayı üzərində, sərhəddə yerləşən Xudafərin və Qız Qalası hidroqovşağı layihəsinin birgə istifadəsi perspektivini misal çəkib.

Tərəflər İranın minalardan təmizləmə sahəsində təcrübəsini də nəzərə alaraq, bu istiqamətdə potensial əməkdaşlıq imkanlarını qeyd ediblər.

Bu barədə danışan Ceyhun Bayramov işğaldan azad olunmuş ərazilərdəki bərpa işlərinə dair imtiyazların tətbiqini xatırladıb.

Əmir Abdullahian işğaldan azad olunmuş ərazilərdəki yenidənqurma layihələrinin maraq doğurduğunu deyib.

Bununla yanaşı, bölgə əməkdaşlığına toxunan nazir deyib ki, regionun ölkələri yerli məsələləri özləri, kənar müdaxilə olmadan həll etməlidirlər.

Onun sözlərinə görə, İran, Azərbaycan, Rusiya və 3+3 kimi "bir sıra əməkdaşlıq platformaları" regiona xarici müdaxilə imkanlarını azaldır, onu "minimuma endirir".

Azərbaycanla İran arasında bir neçə ay öncə gərginlik yaşanıb.

Azərbaycan tərəfi ən yüksək səviyyədə İranın Azərbaycan sərhədləri yaxınlığında hərbi təlimlər keçirməsindən narahatlığını ifadə etmişdi. İran tərəfi də hərbi əməliyyatları sərhədlərinə yaxın "sionist rejim əleyhinə keçirdiyini" demişdi.