Omicron Türkiyədə də aşkarlanıb. Putin növbəti dəfə "SSRİ-nin dağılmasını faciə" adlandırıb

Omicron

Şəklin mənbəyi, Getty Images

Çap edildi

Türkiyə səhiyyə naziri omicron variantının Türkiyədə də aşkarlandığını açıqlayıb. Rusiya Prezidenti hesab edir ki, Sovet İttifaqının dağılması "tarixi Rusiyanın dağılması" demək idi. Ərazinin mina çirklənməsi dərəcəsinə görə Azərbaycan dünyada ilk üçlükdədir. Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə FHN-in yeni minaaxtaran alayı yaradılıb - daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Omicron Türkiyədə də qeydə alınıb

Türkiyə səhiyyə naziri Fahrettin Koca omicron variantının Türkiyədə də aşkarlandığını açıqlayıb.

Koca Türkiyə Böyük Millət Məclisinin 2022-ci ilin büdcə müzakirələrinə həsr olunmuş iclasında deputatların suallarını cavablandırarkən bunu bildirib.

Nazirin sözlərinə görə, omicron variantı Türkiyədə 6 nəfərdə aşkar edilib.

"Bizdə omicron variantı var, indiyədək 6 hadisə aşkarlanıb, 5-i İzmirdə, biri İstanbulda. Bu 6 hadisə aşkar edilmiş insanların xəstəxanaya yerləşdirilməsi ehtiyacı yoxdur", - Fahrettin Koca deyib.

Onun sözlərinə görə, omicron variantı aşkar edilmiş xəstələrdə yalnız yüngül dərəcədə ambulator müayinəsinə ehtiyac var.

O deyib ki, omicron-un yoluxuculuq əmsalı "digər varintlara nisbətən daha yüksək olduğu güman edilir, təsir gücü isə ilkin əlamətlərə görə daha azdır."

Türkiyə səhiyə naziri vətəndaşlara "indiyə qədər gördükləri tədbirləri davam etdirməyi" məsləhət görüb.

Bir neçə gün əvvə Rusiya rəsmiləri də Rusiya ərazisində ilk omicron-a yoluxma hallarının qeydə alındığını bildiriblər.

Dekabrın 3-də Cənubi Afrika Respublikasından qayıtmış və Covid-19 testi pozitiv çıxan 9 nəfərdən ikisində omicron variantını aşkar olunub.

Rospotrebnadzor bununla Rusiyada omicron ştammının ilk dəfə qeydə alındığını bəyan edib.

İndiyədək dünyanın 40-dan çox ölkəsində Omicron ştammı aşkar olunub.

Putin növbəti dəfə "SSRİ-nin dağılmasını faciə" adlandırıb

Putin

Şəklin mənbəyi, TASS

Rusiya Prezident vurğulayıb ki, SSRİ-nin dağılması nəticəsində "müstəqillik, suverenlik əldə edən keçmiş SSRİ respublikalarındakı 25 milyon rus insan bir gecədə Rusiaynın xaricində qalıblar."

Vladimir Putin bu fikri bazar günü "Rossiya-1" telekanalında nümayiş etdirilmiş "Rusiya. Ən yeni tarix" adlı filmdə söyləyib.

"Axı Sovet İttifaqının dağılması nə idi? Bu, Sovet İttifaqı adlanan tarixi Rusiyanın dağılması idi", - Rusiya Prezidenti deyib.

Onun sözlərinə görə, "ölkə öz ərazisinin təxminən 40 faizini, bir o qədər də istehsal gücünü və əhalisini itirib.

"Biz tamamilə fərqli bir ölkəyə çevrildik. Min il ərzində qazanılanların xeyli hissəsi itirildi", - Putin əlavə edib.

SSRİ-nin dağılmasının "faciə" olduğunu Rusiya Prezidenti Vladimir Putin bundan əvvəlki illərdə də dəfələrlə söyləyib.

""Sovet İttifaqının dağılmasına təəssüf etməyənin ürəyi yoxdur, onu əvvəlki şəkildə yenidən bərpa etmək istəyənin isə ağlı yoxdur", - Putin deyib.

Ərazinin mina çirklənməsi dərəcəsinə görə Azərbaycan dünyada ilk üçlükdədir

ANAMA bu gün

Şəklin mənbəyi, ANAMA

Ərazisinin minalarla çirklənmə dərəcəsinə görə Azərbaycan dünya ölkələri arasında ilk üçlüyə daxildir.

"Ötən ilin noyabrından bu günədək 20 min hektara yaxın ərazi mina və partlamamış sursatdan təmizlənib. Mina ilə ən çox çirkləndirilən sahələr Füzuli, Ağdam və Tərtər, keçmiş təmas xətti boyunca yerləşən ərazilərdir", - Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) idarə heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə deyib.

Süleymanov qeyd edib ki, "Azərbaycan ərazisinin minalarla çirklənmə səviyyəsinə görə dünyada ilk üçlükdə yer alır."

"Ermənilər işğal dövründə sıx və ikiqat minalar, tələ məftillərindən istifadə etməklə minalar basdırıblar. Qoyulan müxtəlif minaların altına partlayıcı qurğular yerləşdirilib", - ANAMA sədri qeyd edib.

İşğaldan azad edilmiş ərazilərdə minaaxtaran alay yaradılıb

Mina

Şəklin mənbəyi, Azertag

İşğaldan azad edilmiş ərazilərdə Fövqəladə Hallar Nazirliyinin yeni minaaxtaran alayı yaradılıb, bunu bü gün Bakıda Fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, minaaxtaran alayda "indiyə qədər 74 nəfər yeni minaaxtaran mütəxəssis yetişdirilib."

"Xaricdən alınmış 120 ədəd yeni minaaxtaran cihazlar da həmin mütəxəssislərə təhvil verilib", - Heydərov qeyd edib.

Nazir bildirib ki, yeni alay Türkiyədən gələn mütəxəssislər, eləcə də Azərbaycanın Minatəmizləmə Agentliyinin əməkdaşları ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işlərini davam etdirirlər.

Heydərov qeyd edib ki, minaaxtaran cihazlarla yanaşı "robotların da alınması üçün" işlər aparılır.