Yerevan və Bakı: Əliyev və Paşinyan Brüsseldə görüşməyə razılaşıblar

İlham Əliyev, Nikol Paşinyan, Qarabağ, bu gün

Şəklin mənbəyi, president.az/primeminister.am

Çap edildi

Bakı və Yerevan Brüsseldə Şərq Tərəfdaşlığı sammiti çərçivəsində İlham Əliyevlə Nikol Paşinyan arasında görüşün keçirilməsinə dair razılıq verildiyini təsdiqləyiblər, Zəngilan və Goranboyda üç nəfər "minaya düşüb", Azərbaycan və Ermənistan sərhədindəki son döyüşlərlə bağlı "qeyri-rəsmi" görüntülər paylaşan hərbçilərin işləri "hüquq-mühafizə orqanlarına göndərilib", daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Yerevan və Bakı bildirirlər ki, Şərq Tərəfdaşlığının Brüsseldə keçiriləcək sammitində Azərbaycan və Ermənistan liderlərinin görüşünün təşkili barədə Avropa İttifaqı Şurası Prezidentinin təklifini qəbul ediblər.

Bu barədə şənbə günü Azərbaycan və Ermənistanın rəsmi açıqlamalarında deyilir.

"Erməni tərəfi görüşə hazırdır", - RİA novosti agentliyinə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan deyib. Bundan əvvəl isə görüş barədə təklifin müsbət qarsılandığını Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

"Azərbaycan tərəfi hər zaman siyasi dialoqa açıqdır və bu kimi təmasları müsbət qarşılayır. Bu xüsusda, Aİ Şurasının Prezidentinin Brüssel Zirvəsi çərçivəsində Aİ-nin vasitəçiliyi ilə iki ölkə liderinin görüşünün təşkili təklifinə Azərbaycan tərəfindən razılıq verilib".

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Charles Michel ilə telefon danışığından sonra dekabrın 15-də Brüsseldə Aİ-nin Şərq Tərəfdaşlığı zirvəsi çərçivəsində görüşün keçirilməsi barədə razılığa gəliblər, cümə günü Avropa İttifaqı Şurasının yaydığı bəyanatda deyilir.

Açıqlamaya əsasən, liderlər Aİ-nin dəstəklədiyi "çiçəklənən və sabit" Cənubi Qafqaz naminə regional vəziyyəti və "gərginliyin aradan qaldırılması" yollarını müzakirə etmək üçün Brüsseldə görüşməyə razılıq veriblər.

İki ölkə həmçinin insidentlərin qarşısını almaq üçün müdafiə nazirləri səviyyəsində birbaşa rabitə xəttinin yaradılması barədə də razılığa gəliblər.

Ötən ilki 44 günlük müharibədən sonra Azərbaycan və Ermənistan liderləri arasında Rusiyanın vasitəçiliyilə iki görüş keçirilib.

Şərq Tərəfdaşlığı proqramı 2009-cu ildə Aİ-nin Praqadakı sammitində qüvvəyə minib. Avropa ilə daha yaxın inteqrasiyanı nəzərdə tutan proqramda Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna iştirak edir.

mina

Şəklin mənbəyi, ANAMA

Zəngilan və Goranboyda üç nəfər "minaya düşüb"

Zəngilan rayonunda tank əleyhinə minanın partlayışı nəticəsində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Vaqif Babayev və Dövlət Sərhəd Xidmətinin giziri Renat Ağababayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Bu barədə şənbə günü Baş prokurorluğun yaydığı açıqlamada deyilir. Məlumata görə, hadisə cümə günü baş verib.

Prokurorluq daha bir partlayışın Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında baş verdiyini bildirir.

Həmin ərazidə piyada əleyhinə minaya düşən 1972-ci il təvəllüdlü Şahin Qarayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu hadisə ilə bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən "araşdırma aparılır".

Azərbaycan və Ermənistan bayraqları

Şəklin mənbəyi, AFP/Getty Images

Sərhəddəki döyüşlər barədə paylaşıma görə hərbçilər "tərxis olunub" - MN

Azərbaycan Müdafiə Nazirliyi sərhəddə baş verən son döyüşlərlə bağlı "qeyri-rəsmi" foto və videolar paylaşan bir qrup hərbçinin ordu sıralarından tərxis edilməsi barədə qərar qəbul edib.

Bu barədə məlumat müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə keçirilən xidməti müşavirənin gedişatında açıqlanıb.

"Son günlər dövlət sərhədində gedən döyüş əməliyyatları ilə bağlı bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən qeyri-rəsmi foto və video materialların paylaşılması Müdafiə Nazirliyinin rəhbərliyinin ciddi narahatlığına səbəb olub", - şənbə günü Müdafiə Nazirliyinin saytında yayılan açıqlamada deyilir.

Rəsmi məlumata əsasən, komandanlıq tərəfindən həyata keçirilən tədbirlər nəticəsində məxfilik rejimini "kobud şəkildə" pozaraq "bu kimi paylaşımları" edən bir qrup hərbi qulluqçu müəyyən edilib.

Onlarla bağlı toplanılan materiallar hüquqi qiymətin verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib, açıqlamada qeyd olunur.

Məlumata əsasən, müşavirədə o cümlədən sərhədin "Kəlbəcər və Laçın" sahələrində baş verən döyüşlər təhlil edilib.

Bu həftənin əvvəlində Azərbaycan və Ermənistan arasında ötən ilki 44 günlük müharibədən sonra ən çox insan itiksi ilə nəticələnən döyüşlər olub. Tərəflər sərhəddə döyüşlərin getdiyini desələr də toqquşmaların konkret hansı ərazidə olduğunu deməyib və coğrafi nöqtələri nişan verməyiblər.