Bolqarıstanda avtobusun yanması nəticəsində azı 45 nəfər həlak olub

Çap edildi

Bolqarıstanın qərbində avtobusun qəzaya uğraması və yanması nəticəsində ən azı 45 nəfər ölüb, yerli rəsmilər bildirib.

Hadisə çərşənbə axşamı günü yerli vaxtla saat 02:00 radələrində paytaxt Sofiyanın cənub-qərbində, Bosnek kəndi yaxınlığında avtomobil yolunda baş verib.

Bolqarıstanın Daxili İşlər Nazirliyinin rəsmisi Nikolay Nikolov BTV televiziyasına bildirib ki, qurbanlar arasında uşaqlar da var. 7 nəfərin xilas edildiyi bildirilir.

Avtobusun Türkiyədən Şimali Makedoniyaya getdiyi güman edilir.

Onun Şimali Makedoniyaya aid nömrə nişanı olduğu bildirilib.

Struma şossesindəki qəza yerinin ətrafı möhürlənib.

Qəza və yanğının səbəbləri araşdırılır. Yerli media xəbər verir ki, avtobus səkiyə və ya dirəyə dəyib.

Yerli BTV-nin xəbərinə görə, hadisə yerinə gələn Bolqarıstanın daxili işlər naziri Boyko Raşkov qurbanların cəsədlərinin "tamamilə yandığını" bildirib.

Şimali Makedoniyanın baş naziri Zoran Zaev artıq Baş vermiş hadisəni müzakirə etmək üçün bolqar həmkarı ilə əlaqə saxlayıb.