Putin: "Rusiya sülhməramlı kontingentinin səylərinə son dərəcə tələbat var"

Çap edildi

Ermənistan-Azərbaycan sərhədindəki son hadisələr göstərir ki, regionda vəziyyət sakitləşməyib və Rusiya sülhməramlı kontingentinin səylərinə tələbat var.

Bu fikri Rusiya Prezidenti Vladimir Putin noyabrın 18-də Rusiya XİN kollegiyasının iclasında söyləyib.

Putin xatırladıb ki, Rusiyanın vasitəçiliyi ilə "Dağlıq Qarabağda münaqişə" bir il bundan əvvəl dayandırılıb.

"Lakin Ermənistan-Azərbaycan sərhədində baş vermiş atışmalar göstərib ki, regionda vəziyyət hələ tam sakitləşməyib. Stabilliyin təmin edilməsi üçün atəşkəs rejiminin və dinc əhalinin təhlükəsizliyinin qarantı kimi Rusiya sülhməramlı kontingentinin səylərinə son dərəcə tələbat var", - Putin qeyd edib.

Rusiya Prezidentinin sözlərinə görə, "şübhəsiz, Azərbaycanla Ermənistan arasında mübahisəli məsələlərin tənzimlənməsi üzrə səylərin davam etdirilməsində, Cənubi Qafqazda iqtisadi əlaqələrin bərpa olunmasında və həyati əhəmiyyətli nəqliyyat dəhlizlərinin açılmasında Rusiya diplomatiyasının rolu artır."

Vladimir Putin xatırladıb ki, Cənubi Qafqazda iqtisadi əlaqələrin bərpa olunması, həyati əhəmiyyətli nəqliyyat dəhlizlərinin açılması ilə bağlı Baş nazirlərin müavinləri səviyyəsində dövlətlərarası müvafiq komissiya yaradılıb.

"Bu komissiya işləyir. Fikrimcə, bu komissiyanın işinin perspektivləri pis deyil., Rusiya daxil olmaqla, regionun bütün ölkələri, bu problemlərin uzunmüddətli həllində maraqlıdırlar", - Rusiya Prezidenti deyib.

Paşinyan: "Sərhədlərin demarkasiyasına hazırlığa başlamaqla bağlı Rusiyanın təklifi ilə razıyıq"

Bu günün xəbərləri: Ermənistan Azərbaycanla sərhədlərin demarkasiyası üzrə hazırlıq mərhələsi ilə bağlı Rusiya Müdafiə Nazirliyinin təklifləri ilə razıdır. Azərbaycan və Ermənistan müdafiə nazirliklərinin açıqlamasında atışmaların bir neçə saat ərzində davam etdiyi bildirilir - ətraflı BBC News Azərbaycancanın icmalında.

Ermənistan Azərbaycanla sərhədlərin demarkasiyası üzrə hazırlıq mərhələsi ilə bağlı Rusiya Müdafiə Nazirliyinin təklifləri ilə razıdır, bu gün növbəti həftəlik hökumət iclasında Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Ötən ilin noyabr ayında İkinci Qarabağ müharibəsi bitdikdən sonra Azərbaycan və Ermənistan rəhbərliyi sərhədlərin delimitasiya və demarkasiyası haqqında danışsalar da, bu yöndə hələ irəliləyiş əldə edilməyib.

Noyabrın 17-də isə parlament üzvləri ilə sual-cavab saatı zamanı Nikol Paşinyan sərhədlərin demarkasiyası ilə bağlı iki təklif təqdim edildiyini və bunun Ermənistan tərəfindən müsbət qarşılandığını bildirib.

"Sərhədlərin demarkasiya və delimitasiyasına başlamaq bizim gündəliyimizdə olan məsələdir və biz bunu hökumət proqramında da qeyd etmişik. Belə ki, Azərbaycan da bu gündəmi qəbul edirsə, buna nəyin mane olduğunu anlamaq lazımdır", - o deyib.

Paşinyan xatırladıb ki, hələ may ayında o, masa üzərində imzalamağa hazır olduğu belə bir sənədin mövcudluğundan danışıb. Lakin həmin sənəd "imzalanma mərhələsinə çatmadığına görə" təsdiqlənməyib.

Paşinyan deyib ki, təklifləri reallaşdırmaq üçün Ermənistan müdafiə nazirinə rusiyalı həmkarı ilə təfərrüatları dəqiqləşdirməyi tapşırıb.

Azərbaycan Ermənistanı sərhədlərin delimitasiyası və demarkasiyası, o cümlədən biri-birinin sərhədini tanıyaraq sülh sazişi imzalamağa çağırıb.

Azərbaycan və Ermənistan bir-birini Tovuz istiqamətində atəşkəsi pozmaqda ittiham edib

Azərbaycan və Ermənistan bir-birini çərşənbə günü dövlət sərhədinin Tovuz istiqamətində atəşkəsi pozmaqda ittiham edib.

Bu, iki ölkə sərhədində bazar ertəsindən başlayan aramsız döyüşlərin noyabrın 16-da gecə saatlarında Rusiyanın vasitəçiliyi ilə dayandırılmasından sonrakı günə təsadüf edib.

Çərşənbə axşamı iki ölkə arasında baş vermiş döyüşlərdə Azərbaycandan 7, Ermənistandan 2 hərbçi ölüb. Hər iki tərəfdən yaralılar var. Ermənistan 24 hərbçisi ilə əlaqəsinin kəsildiyini bildirib.

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, çərşənbə günü Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini "fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub".

Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında deyilir ki, Azərbaycan silahlı qüvvələri Ermənistanın Tavuş vilayəti ərazisində, sərhədin bəzi istiqamətlərində "qeyri-müntəzəm atəş açılıb".

Tərəflər bu atışma nəticəsində xəsarət alan olub-olmadığı barədə məlumat verməyib.