Vladimir Putin: “Rusiya üçtərəfli razılaşmaların yerinə yetirilməsi üçün addımlar atacaq”

Şəklin mənbəyi, kremlin.ru
Bazar ertəsi günü Vladimr Putin deyib ki, Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyətin sabitləşməsinə kömək etmək üçün addımlar atmağa davam edəcək.
Kremlin yaydığı məlumata görə, Rusiya və Fransa prezidentləri telefonla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vəziyyəti müzakirə ediblər.
"Vladimir Putinin qeyd etdiyi kimi, Rusiya vəziyyətin sabitləşməsinə kömək edəcək və Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş üçtərəfli razılaşmaların ardıcıl həyata keçirilməsinə töhfə verəcək addımlar atmağa davam edəcək", - Kremlin məlumatında deyilib.
Ötən il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalanıb.
Rəsmi Bakını narahat edən məsələlərdən biri 10 noyabr razılaşmasının 4-cü bəndində nəzərdə tutulan erməni silahlı qüvvələrinin hələ də bölgədən çıxarılmamasıdır. Razılaşmaya görə, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi.
Bir müddət əvvəl Azərbaycan Müdafiə Nazirliyi bu maddənin yerinə yetirilməsi üçün Rusiyaya müraciət edib.
Ermənistan isə hesab edir ki, bu bənd azad olunmuş yeddi rayona aiddir.
10 noyabr bəyanatında Naxçıvan və Azərbaycan arasında quru yol açılması və Ermənistanın bu yolda hərəkətin təhlükəsizliyi ilə bağlı öhdəlik götürdüyü əks olunub. Tərəflər hələ də nəqliyyat kommunikasiyalarının açılması barədə razılığa gələ bilməyib.
Ermənistanın narazıl qaldığı məsələ razılaşmanın hərbi əsir, girovlar və digər saxlanılan şəxslərin və cəsədlərin mübadiləsinə aid 8-ci bəndi ilə bağlıdır. Azərbaycan ötən ilki müharibədən sonra saxlanılıb mühakimə edilən bir qrup şəxsdən başqa bütün erməni hərbçilərin qaytarıldığını bildirir.
İkinci Qarabağ müharibəsi bitəndən sonra Azərbaycan ölkə ərazisinə girən 62 erməni hərbçini saxlamış, onları Azərbaycan Cinayət Məcəlləsi əsasında mühakimə etmişdi, sonradan onların bəziləri ölkələrinə geri qaytarılıb.
Ermənistan isə onları hərbi əsir sayaraq Azərbaycanı 10 noyabr razılaşmasına əməl etməməkdə ittiham edir.
Son günlər Azərbaycan və Ermənistan bir-birini dövlət sərhədində vəziyyəti gərginləşdirməkdə ittiham edir.
Tərəflər atəşkəsi pozmaqda, ötən ilin 10 noyabrında Rusiyanın vasitəçiliyi ilə imzalanmış üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməməkdə də bir-birini ittiham edir.






























