You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Zəfər Günü ilə bağlı Bakıda hərəkət məhdudiyyətləri, ABŞ-dan minalardan təmizlənməyə yardım, Azərbaycanda orta pensiyanın məbləği proqnozlaşdırılıb
Zəfər Günü ilə bağlı Bakıda nəqliyyat üçün məhdudiyyətlər tətbiq olunacaq, ABŞ ötən ilki 44 günlük müharibədən zərər çəkmiş ərazilərdə minalardan təmizlənməyə maliyyə yardımı ayıracağını bəyan edib, Azərbaycanda gələn il üçün orta aylıq pensiyanın məbləği proqnozlaşdırılıb, daha ətraflı BBC News Azərbaycancanın icmalında.
8 Noyabr - Zəfər Günü ilə bağlı Bakının bəzi küçə və prospektlərində bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi bildirib.
Məlumata əsasən, noyabrın 8-də Zəfər Günü ilə əlaqədar keçiriləcək yürüş Bayraq Meydanından başlayaraq şəhərin mərkəzinə doğru - Hərbi Qənimətlər Parkına qədər nəzərdə tutulub. Bununla bağlı saat 07:00-dan tədbir başa çatana qədər məhdudiyyətlər tətbiq olunacaq.
Tədbirlə əlaqədar "Azneft" dairəsi, Neftçilər, Kövkəb Səfərəliyeva, Azadlıq, Bülbül, Rəsul Rza, Yusif Səfərov, İstiqlaliyyət prospekt və küçələri istiqamətində Ağ Şəhər Bulvarı olmaqla avtomobillərin hərəkət istiqamətləri dəyişdirilir, məlumatda deyilir.
Bundan başqa, avtomobillərin 20-ci Sahə dairəsində şəhər istiqamətinə gəlişi, Bayıl qəsəbəsindəki daxili küçələrlə hərəkət edərək Mehdi Hüseyn, Teymur Elçin küçələri ilə Parlament prospektinə çıxışı nəzərdə tutulub. Qeyd olunan istiqamətlərə, paralel və bitişik küçələrdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.
Dövlət Yol Polis İdarəsi həmin gün şəxsi minik vasitələrindən istifadə etməməyə səsləyib.
ABŞ-dan minalardan təmizlənməyə yardım
ABŞ ötən ilki 44 günlük müharibədən zərər çəkmiş ərazilərdə minalardan təmizlənmə əməliyyatlarına maliyyə yardımı ayıracağını bəyan edib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada deyilir.
"Birləşmiş Ştatlar bölgədə sülhün və əməkdaşlığın inkişafı məqsədilə 2020-ci ilin payızında Cənub Qafqazda Ermənistan və Azərbaycan arasında yer alan intensiv atışma nəticəsində zərər çəkmiş ərazilərdə humanitar mina təmizləmə əməliyyatlarının həyata keçirilməsi üçün 500 min ABŞ dolları məbləğində yardımın ayrılmasını bəyan etməkdən məmnundur".
Açıqlamaya əsasən, ABŞ-ın maliyyə yardımı mina və partlamamış sursatların zərərsizləşdirilməsi ilə məşğul olan təşkilatların "texniki bacarıqlarının inkişafına" təkan verəcək.
Səfirliyin yaydığı bəyanat ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavininin bölgəyə səfərinə təsadüf edir. Bu həftə ərzində Erika Olson Ermənistan, Gürcüstan və Azərbaycana baş çəkib.
ABŞ rəsmisi ötən gün Azərbaycan Prezidenti və şənbə günü Azərbaycan XİN rəhbəriylə görüşüb. Bakıdakı danışıqların gündəmində, o cümlədən "regional əməkdaşlığın inkişafı" ilə bağlı məsələlərin olduğu bildirilir.
Azərbaycanda orta aylıq pensiyanın məbləği proqnozlaşdırılıb
2022-ci ildə orta aylıq pensiyanın üzərinə 14 manat gəlməklə onun ümumu məbləğinin 340 manatdan bir qədər artıq olacağı proqnozlaşdırılır. Bu barədə "Dövlət sosial müdafiə fondunun (DSMF) 2022-ci il büdcəsi layihəsinə Azərbaycan Respublikasının Hesablama Palatasının rəyi"ndə deyilir.
Əmək pensiyalarına dair hazırlanan statistik hesabata əsasən, cari ilin əvvəli ilə müqayisə ilin I yarısında yaşa görə pensiya növü üzrə orta aylıq pensiya məbləği 26,9 manat (8,1%), əlilliyə görə pensiya növü üzrə orta aylıq pensiya məbləği 26,0 manat (10%) və ailə başçısını itirməyə görə pensiya növü üzrə isə 23,1 manat (8,8%) artmışdır.
2017-ci ilin 1 iyul tarixindən əmək pensiyasının minimum məbləği 110 manat məbləğində müəyyən edilmiş, sonrakı illərdə bu məbləğ artırılmışdır.
Pensiyaçıların sayı üzrə tərtib edilmiş göstəricilərə görə, "əvvəlki illərdə olduğu kimi" növbəti ildə də pensiyaçıların sayında azalma baş verəcək.
Belə ki, cari ilin sonunda pensiyaçıların sayı (1 mln 228 min) ilin əvvəli ilə müqayisədə 26,5 min nəfər azalacaqdır, sənəddə deyilir.