You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Avropa Məhkəməsi Azərbaycanı iki Ermənistan vətəndaşına görə 80 min cərimələyib
AİHM Azərbaycanı 2014-cü ildə "əsirlərin yaşamaq hüquqları pozulduğuna görə" cərimələyib, Korrupsiya ittihamları ilə həbs olunmuş Vidadi Muradov onkoloji xəstəlikdən əziyyət çəkirmiş, Qazax əlahiddə sərhəd diviziyasının ərazisində keçirilən təlimlərdə hərbçi həlak olub, - daha ətraflı BBC News Azərbaycancanın icmalında
AİHM Azərbaycanı 2014-cü ildə "əsirlərin yaşamaq hüquqları pozulduğuna görə" cərimələyib
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ildə Azərbaycanda saxlanılmış Ermənistanın Tavuş vilayətinin iki sakinin - Mamikon Xocoyan və Karen Petrosyanın - işləri üzrə noyabrın 4-də Azərbaycanı ümumilikdə 80 min avro cərimələyib.
Azərbaycan hökuməti hələ buna şərh verməyib.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Avropa Məhkəməsinin bu qərarını qərəzli sayır, ancaq o güman edir ki, Azərbaycan hökuməti bu cəriməni ödəyəcək.
Avropa Məhkəməsi Mamikon Xocoyan və Karen Petrosyanın işlərində Azərbaycanın onların yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüquqlarını, eləcə də işgəncə və ayrı-seçkilik tətbiq etməmək öhdəliklərinin pozulduğunu tanıyıb.
AİHM-ın qərarına görə, Bakı bu işlərin hər biri üzrə "Azərbaycanda əsirlikdə olan Ermənistan vətəndaşlarının hüquqi varislərinə 40 min avro" ödəməlidir.
77 yaşlı Mamikon Xocoyanın 2014-cü ilin yanvarında Azərbaycan sərhədini təsadüfən keçdiyi, əsir götürülüb bir aydan çox əsirlikdə qaldığı iddia olunur. Xocoyan vətənə qayıdandan iki ay sonra vəfat edib.
Azərbaycan Müdafiə Nazirliyi onun "diversant bələdçi" olduğunu bildirib.
31 yaşlı Karen Petrosyanın isə 2014-cü ilin avqustunda azıb Azərbaycan sərhədini keçdiyi və əsir düşdüyü və bir gün sonra vəfat etdiyi bildirilir. Azərbaycan rəsmiləri onun kəskin ürək-ağciyər çatışmazlığı səbəbindən vəfat etdiyini deyib.
Azərbaycan Müdafiə Nazirliyi Karen Petrosyanın sərhəddən keçməyə cəhd edən erməni kəşfiyyat-təxribat qrupunun üzvü olduğunu, Ermənistan isə onun mülki şəxs olduğunu bildirib.
Avropa Məhkəməsinin cərimə qərarını qərəzli sayan deputat Zahid Oruc BBC News Azərbaycancaya deyib ki, Azərbaycan və Ermənistan arasında sülh razılaşması gözlənən bir ərəfəsə belə bir qərarın verilməsi şübhəli görünür:
"Həmin qərarı çıxararkən, onlar çox yaxşı fərqindədilər ki, bizim ölkəmizlə Ermənistan mühüm bir mərhələyə daşınma ərəfəsini yaşayırlar. Guya ədalət, beynəlxalq prinsiplər, qanunlar üzərində durduğunu elan edən qurumlar nəhayət indi, Azərbaycan regionda təhlüləsizlik, əlaqələr, dinc yaşama prinsipini ortaya qoyan kimi onlar prosesi daha ağır müstəviyə daşıyırlar".
O, həmçinin Avropa Məhkəməsinin Azərbaycandan Ermənistana qarşı olan işlərə Ermənistanla müqayisədə daha gec baxdığını iddia edib.
Zahid Oruc hesab edir ki, əlavə problemlər yaşamamaq üçün Azərbaycan hökuməti bu cəriməni ödəyəcək.
Ev dustaqlığına buraxılmış "Azərxalça"nın keçmiş rəhbəri vəfat edib
"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin keçmiş sədri Vidadi Muradov vəfat edib.
Bu barədə onun vəkili Vüqar Babayev BBC News Azərbaycancaya bildirib.
Vidadi Muradov onkoloji xəstəlikdən əziyyət çəkirmiş.
Ötən həftə Bakı Ağır Cinayətlər Məhkəməsində Vidadi Muradov səhhətinə görə ev dustaqlığına buraxılmışdı.
"Azərxalça" ASC-nin kemiş rəhbəri bu ilin əvvəlində korrupsiya ittihamları ilə həbs olunmuşdu.
İttihamlarda onun külli miqdarda dövlət vəsaitini mənimsədiyi göstərilib.
Baş Prokurorluq Vidadi Muradova qarşı mənimsəmə (xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda və vəzifə saxtakarlığı maddələrini irəli sürüb.
Vəkil Vüqar Babayev BBC News Azərbaycancaya Vidadi Muradovun bu ittihamlara münasibətini açıqlamaqdan imtina edib.
Vidadi Muradov Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun xalçaçılıq sektorunun müdiri, tarix elmləri doktoru, professor olub.
Azərbaycan hərbçisi təlim zamanı həlak olub
Cümə axşamı günü Azərbaycanın Sərhəd Qoşunlarının hərbçisi təlim zamanı həlak olub.
Sərhəd Qoşunlarının yaydığı məlumata görə, hərbçi Tural Əhmədov Qazax əlahiddə sərhəd diviziyasının ərazisində keçirilən təlimlərdə yaralanıb.
"Hərbi qulluqçunun təxliyəsi üzrə dərhal tədbirlər görülsə də, həyatını xilas etmək mümkün olmayıb", - Azərbaycan Sərhəd Qoşunlarından bildirilib.
Məlumata görə, səhra təlimləri zamanı çavuş Əhmədov "AQS-17" silahından atəş açarkən yaralanıb. Rəsmi məlumata görə, Tural Əhmədov müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) olub.
Hadisə ilə bağlı Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq tərəfindən birgə araşdırmalara başlanılıb.