İranda Qarabağa gedən yük maşınlarına "qadağa"

Şəklin mənbəyi, Armenpress
İranda Qarabağa gedən yük maşınlarına "qadağa", DTX-nın əməliyyat keçirdiyi, bir neçə ilahiyyatçını saxladığı iddia edilir, DTX Beynəlxalq Qırmızı Xaç Komitəsinə Qarabağa Ermənistandan getməməyi deyib.
İran yük maşınlarının Ermənistandan Qarabağa getməsinə "qadağa qoyub".
Bunu İranın Beynəlxalq Daşımalar və Avtomobil Yollarının Tranziti və Nəqliyyat Təşkilatı rəhbəri Məhəmməd Cavad Hidayəti qəbul edib, İran mediası bildirir.
Azərbaycan uzun müddət İran maşınlarının Qarabağa yük daşımasına etiraz edib. Ötən ay Bakı İran maşınlarının hərəkət etdiyi Gorus-Qafan yoluna nəzarət etməyə başlayıb və İrana məxsus yük maşınlarına gömrük rüsumu tətbiq etməyə başlayıb.
İran rəsmisinin ünvanladığı deyilən məktuba görə, Yol və Nəqliyyat Təşkilatının nəqliyyat şirkətlərinə göndərdiyi sənədində İran vətəndaşlarının və sürücülərin Azərbaycan Respublikasının Dağlıq Qarabağ və Laçın bölgələrinə girməsi qadağan edilir və Azərbaycan ərazisinə rəsmi sərhədləri xaricində hər hansı bir giriş Azərbaycanın ərazi bütövlüyünün pozulması hesab olunur.
Məlumata əsasən, qadağa barədə beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına məktub ünvanlayan Məhəmməd Cavad Hidayəti İran Xarici İşlər Nazirliyinin 9 oktyabr tarixli qərarına istinad edir.
Bakı ilə Tehran arasında əlaqələr məhz İran yük maşınlarının Qarabağa getməsi ilə bağlı mübahisələrdən sonra gərginləşib.
Sentyabrda rəsmi Bakı Ermənistanın Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsinə nəzarət etməyə, İrana məxsus yük maşınlarının sürücülərin sənədlərini yoxlamağa başlamasından sonra bu əlaqələr daha da kəskinləşib.
Bundan başqa, Qarabağa yük daşıyan iki sürücü "qanunsuz yollarla" Azərbaycan ərazisinə girdiyi üçün saxlanıb və onlar haqqında cinayət işi açılıb.
Azərbaycanda bir neçə ilahiyyatçının "saxlanıldığı" bildirilib

Şəklin mənbəyi, Getty/Images
Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) sədri İlqar İbrahimoğlu evində axtarış aparıldığını deyib.
Yerli media dünəndən bəri Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) bir neçə yerdə əməliyyat keçirdiyini və saxlananların olduğunu yazıb.
DTX indiyə kimi ilahiyyatçıların saxlanmasını və İlqar İbrahimoğlunun açıqlamalarını nə təsdiq, nə təkzib edib.
"Müdafiə Xətti" təşkilatının icraçı direktoru Rüfət Səfərov BBC News Azərbaycancaya deyib ki, çərşənbə axşamı onlara ilahiyyatçılar Cəlal Şəfiyev, Qədir Məmmədov, Sərdar adlı bir şəxs, o cümlədən, Azərbaycanda fəaliyyət göstərən, İslam dini üzrə maarifləndirmə yönümlü maide.az saytının baş redaktoru olduğu deyilən jurnalist Təmkin Cəfərovun saxlandığı bildirilib.
Saxlandığı iddia edilən ilahiyyatçıların bəziləri həm də maide.az-da saytın yazarları kimi təqdim olunur.
Hüquq müdafiəçisi Taleh Xasməmmədov BBC News Azərbaycancaya bildirib ki, onlar oktyabrın 19-da axşam dindirilmək üçün Dövlət Təhlükəsizlik Xidmətinə aparılıblar. Taleh Xasməmmədov bu şəxslərin DTX-nin dövlətə xəyanətdə ittiham etdiyi Hacı İlham Əliyevin hüquqlarının müdafiə komitəsinin üzvləri olduğunu deyib.
İslam Partiyasının sədr əvəzi, ilahiyyatçı Hacı İlham Əliyev bu il məhkəmə qərarı ilə 16 il azadlıqdan məhrum edilib. O, ittihamları qəbul etməyib..
Çərşənbə axşamı Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) sədri İlqar İbrahimoğlu sosial şəbəkədə bildirmişdi ki, onun evində axtarış aparmaq üçün "gəliblər" və o, vəkilləri, hüquq müdafiəçilərini evinə dəvət etmişdi.
Sonradan İlqar İbrahimoğlu Facebook hesabında bildirib ki, o, evindən aparılıb, şahid qismində dindirilib və ona ünvanlanan sualları cavablandırandan sonra sərbəst buraxılıb.
O, hansı dövlət orqanında və hansı cinayət işi üzrə dindirildiyini söyləməyib, yalnız onu əlavə edib ki, bir neçə gün "texniki səbəblərdən" onunla əlaqə yaratmaq mümkün olmayacaq.
DTX-dan BBC News Azərbaycancaya bu məsələylə bağlı şərh verilməyib.
İslam dininin şiə məzhəbinə mənsub olduğu deyilən ilahiyyatçıların saxlanması xəbəri İranla Azərbaycan münasibətlərinin gərginləşdiyi bir vaxta təsadüf edir. Bəzi təhlilçilər bunu hazırkı vəziyyətdə hüquq-mühafizə orqanlarının "profilaktik tədbiri" kimi dəyərləndirirlər.
İki həftə əvvəl Azərbaycan Daxili İşlər Nazirliyi Hüseyniyyə məscidi ilə yanaşı İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyinin nümayəndəsi Ocaq Necatın Bakıdakı ofisinin fəaliyyətini dayandırdığını bildirib və bunu koronavirus epidemiyası ilə əlaqələndirib.
İranla Azərbaycan arasında fikir ayrılığı sentyabrda rəsmi Bakı Ermənistanın Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsinə nəzarət etməyə, İran mənşəli sürücülərin sənədlərini yoxlamağa başlamasından sonra yaranıb.
Gərginləşmə İranın Azərbaycanla sərhəddə hərbi təlimlərə başlamasından və bunu bölgədə "sionist təhlükəsi" olması ilə izah etməsindən sonra daha da dərinləşib.

Şəklin mənbəyi, Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti
DTX Beynəlxalq Qırmızı Xaç Komitəsinə Qarabağa Ermənistandan getməməyi deyib
Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəzərinə çatdırıb ki, qurumun əməkdaşları Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan bölgəsinə səfər edərkən ora Ermənistandan deyil, yalnız Azərbaycan ərazisindən keçib-gedə bilərlər.
Qurumun məlumatında deyilir ki, DTX-nin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev oktyabrın 19-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Gilles Carbonnier-i qəbul edərkən bu barədə danışıb.
"Həmçinin regionda hökm sürən yeni reallıqlar nəzərə alınmaqla, BQXK-nin nümayəndələrinin Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan bölgələrə səfərlərinin Ermənistanın deyil, yalnız respublikamızın ərazisindən istifadə edilməklə mümkünlüyü nəzərə çatdırılıb", - DTX-nın yaydığı məlumatda vurğulanır.
Bir il əvvəl Azərbaycan və Ermənistan arasında baş vermiş İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan 30 ilə yaxındır işğal altında olan ərazilərinin böyük bir hissəsini qaytarmış, bölgəyə atəşkəsi təmin etmək üçün Rusiya sülhməramlıları yerləşdirilib. Azərbaycan hazırda erməni əhalisinin məskunlaşdığı Xankəndi və onun ətrafındakı bəzi ərazilərə nəzarət etmir. O cümlədən, Ermənistanla Xankəndini birləşirən Laçın dəhlizi də rus sülhməramlıların nəzarətindədir.
Görüşdə BQXK ilə Azərbaycan arasında mövcud əlaqələr, təşkilatın humanitar missiyasının həyata keçirilməsi ilə bağlı qarşılıqlı məsələlər müzakirə olunub.
Tərəflər Birinci və İkinci Qarabağ müharibəsində itkin düşənlərin tapılması, Yaxın Şərq bölgəsindən, xüsusən də Suriya və İraqdan Azərbaycan əsilli vətəndaşların və onların ailə üzvlərinin Azərbaycana qaytarılmasını müzakirə ediblər.


























