You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Azərbaycan iranlı sürücüləri azad etdi: İndi münasibətlərdə nə gözlənilir?
Çərşənbə günü İranın öz vətəndaşlarının və sürücülərin Azərbaycan Respublikasının Dağlıq Qarabağ və Laçın bölgələrinə Ermənistan ərazisindən keçməklə girməsini qadağan etməsindən bir gün sonra Azərbaycan saxladığı iki iranlı sürücünü ölkəsinə qaytarıb.
İki qonşu ölkənin münasibətlərini izləyən bəzi təhlilçilərə görə, bu qarşılıqlı addımlar münasibətlərin normal mərhələyə keçdiyini göstərir, digərləri isə ölkələr arası gərginliyin səngiyəcəyini, lakin "proseslərə ziddiyyətli yanaşmanın hələ də qalacağını deyirlər.
İki ölkə arasında münasibətlər bu ilin sentyabrında, Azərbaycan Ermənistanın Gorus-Qafan yolunun onun ərazisinə keçən hissəsinə nəzarəti öz əlinə aldıqdan sonra pozulmağa başladı: iki iranlı sürücü "Qarabağa qanunsuz girdiyi" üçün saxlandı, İran mənşəli yük maşınları gömrük rüsumuna cəlb olundu.
Bu hadisədən sonra ölkə rəsmilərinin bir-birinə ittihamları açıq müstəviyə çıxdı. İranın Azərbaycanla sərhəddə təlimlərə başlayaraq bölgədə "sionist rejimi" təhlükəsi olduğunu bəyan etmiş, Azərbaycan isə bu ittihamları rədd etmiş və İrandan sübutlar tələb etmişdi.
Oktyabrın 20-də İranın Beynəlxalq Daşımalar və Avtomobil Yollarının Tranziti və Nəqliyyat Təşkilatı rəhbəri Məhəmməd Cavad Hidayətin yerli daşıma şirkətlərinə ünvanladığı məktuba əsasən, İran vətəndaşlarının və sürücülərin Azərbaycan Respublikasının Dağlıq Qarabağ və Laçın bölgələrinə girməsi qadağan edilir və Azərbaycan ərazisinə rəsmi sərhədləri xaricində hər hansı bir giriş Azərbaycanın ərazi bütövlüyünün pozulması hesab olunur.
Azərbaycan Gömrük Komitəsi cümə axşamı yaydığı açıqlamada vurğulayıb ki, "humanizm, qarşılıqlı hörmət və mehriban qonşuluq" prinsiplərinə görə və "xoş niyyət nümayiş etdirilərək" iranlı sürücülər ölkələrinə geri qaytarılıb.
"İran mediasında bu iki sürücünün saxlanması məsələsi xüsusi vurğulanırdı, amma nə səbəbdən saxlanması İran vətəndaşlarına açıqlanmırdı. İranın son qərarından sonra mehriban qonşuluq münasibətlərinə uyğun olaraq Azərbaycan da qarşılıqlı addım atdı, iki sürücü buraxıldı, baxmayaraq ki, onlar Azərbaycan ərazisinə qeyri-qanuni keçmişdi və istintaq işini aparmaq mümkün idi", - millət vəkili Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə BBC News Azərbaycancaya deyib.
O əlavə edir ki, Azərbaycan bundan sonra da ölkə ərazisinə qeyri-qanuni daxilolmaların qarşısını alacaq: "İran tərəfindən təkcə bəyanatın verilməsinə deyil, real həyatda işləməsini də çox arzulayırıq".
Aydın Mirzəzadə deyir ki, nə İranın, nə Azərbaycanın bu bölgədən köçüb getmək imkanı olmadığı üçün iki dövlətin bir-birilə yaxşı münasibət saxlamasından savayı başqa variantı yoxdur: "Bütün gərginlik diplomatik gərginlikdən o yana keçmədi, keçə də bilməzdi".
Siyasi təhlilçi Azər Rəşidoğlu hesab edir ki, iki ölkənin son qarşılıqlı addımından sonra o, yüksək səviyyədə qarşılıqlı səfərlər gözləyir: "İran özünün düşdüyü vəziyyətin ağır olduğunu dərk edir, eyni zamanda Azərbaycan İranın burda təsir rıçaqlarının nə qədər güclü olduğunu bilir, bu baxımdan, gərginliyin qalmasında nə Bakı maraqlıydı, nə də İran".
Ötən gün Azərbaycanda şiə məzhəbinə mənsub olduğu deyilən bir neçə ilahiyyatçının saxlanması barədə xəbərlər yayılıb. Bəzi təhlilçilər son addımları hazırkı vəziyyətdə hüquq-mühafizə orqanlarının "profilaktik tədbiri" kimi dəyərləndirirlər.
Oktyabrın əvvəlində isə Azərbaycan Daxili İşlər Nazirliyi Hüseyniyyə məscidi ilə yanaşı İranın Ali Dini Rəhbəri Ayətullah Əli Xameneyinin nümayəndəsi Ocaq Necatın Bakıdakı ofisinin fəaliyyətini dayandırdığını bildirib və bunu koronavirus epidemiyası ilə əlaqələndirib.
Siyasi təhlilçi Azər Rəşidoğluya görə, İran-Azərbaycan münasibətlərində gərginlik tamamilə aradan qalxmayacaq, artıb-azalan xətlə həmişə davam edəcək, amma hər iki tərəf reallıqları, bir-birinə ehtiyacları olduğunu başa düşdüyündən bu gərginlik daha sərt müstəviyə keçməyəcək.