You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Ermənistan: "Gorus-Qafan"a alternativ yol gələn ilin əvvəlində "istifadəyə veriləcək"
Gorus-Qafan yolunun 21 kilometrlik hissəsi İkinci Qarabağ müharibəsindən sonra azad edilmiş Azərbaycan ərazisindən keçir və rəsmi Yerevan bir müddətdir ki, "Gorus-Qafan"a alternativ yol tikintisinə başlayıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti açıqlayıb ki, toplanış "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna əsasən keçirilir, - daha ətraflı BBC News Azərbaycanda
Ermənistanın Sünik vilayətində dövlətlərarası magistral "Gorus-Qafan"a alternativ yolun tikintisi gələn əvvəlində başa çatacaq və yol istifadəyə veriləcək. Bunu Ermənistanın baş nazir müavini Suren Papikyan öz Facebook hesabında bildirib.
Gorus-Qafan yolunun 21 kilometrlik hissəsi İkinci Qarabağ müharibəsindən sonra azad edilmiş Azərbaycan ərazisindən keçir və rəsmi Yeravan bir müddətdir ki, "Gorus-Qafan"a alternativ yol tikintisinə başlayıb.
Suren Papikyan Ermənistan rəsmiləri ilə bazar günü təmir-tikinti işləri gedən yolun 43 kilometrlik Tatev-Ağvani hissəsinə baş çəkib. Yolun bu hissəsinin noyabrın sonunadək istismara veriləcəyi bildirilir.
Yeni yol İranla Ermənistan arasında əsas gediş-gəliş olan Gorus-Qafan yoluna alternativdir.
Azərbaycan bu ilin sentyabrında Gorus-Qafan yolunun onun ərazisindən keçən hissəsinə nəzarət etməyə başlayandan sonra İrandan Ermənistana gəlib-gedən İran nömrəli yük maşınlarını yoxlayıb və gömrük rüsumuna cəlb edib. Bu isə xərclərin artması səbəbi ilə iranlı sürücülərin narazılığına səbəb olub.
İran "Gorus-Qafan"a alternativ yolun tikintisində Ermənistana dəstək göstərəcəyini bildirib.
Azərbaycanda ehtiyatda olan hərbçilərin toplanışı başlayıb
Azərbaycanda bu gündən etibarən ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışı başlayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti açıqlayıb ki, toplanış "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna əsasən keçirilir.
Qanunda hərbi vəzifəlilərin ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılmaları nəzərdə tutulur.
"Ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunacağı təlim toplanışında əsas məqsəd onların döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaqdır. Təlimdə hərbi vəzifəlilər əvvəllər qazandıqları döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzda olan müasir silahlar, hərbi texnika nümunələri ilə yaxından tanış olmaq, onların istismar qaydalarını öyrənmək imkanı əldə edəcəklər", - Müdafiə Nazirliyinin məlumatında deyilir.
Təlim toplanışı noyabrın 6-dək davam edəcək.