30 il əvvəl Azərbaycanın müstəqilliyi gecmi elan edildi? - şahidlər danışır

Azərbaycan bayrağı

Şəklin mənbəyi, Getty Images

    • Müəllif, Redaksiya
    • Vəzifə, BBC News Azərbaycanca
  • Çap edildi

Oktyabrın 18-də Azərbaycan Müstəqillik haqqında Konstitusiya Aktının qəbul olunmasının 30 illiyini qeyd edərkən Prezident İlham Əliyev bu günü "böyük təmtəraqla" keçirməyi, "yaxud da ki, kiməsə buna görə minnətdar olmağı tamamilə yersiz" sayıb.

Onun fikrincə, onsuz da SSRİ dağılırdı və digər sovet resublikalarının bir çoxu artıq müstəqilliyini elan etmişdi.

18 oktyabrı Azərbaycan tarixində çox önəmli gün sayan bəzi müxalifyönümlü siyasətçilərə görə, SSRİ-nin çökməsini Azərbaycan və daha bir neçə sovet respublikasında başlanan xalq hərakatları sürətləndirmişdi.

1991-ci il, oktyabrın 18-də o dövrün parlamenti olan Ali Sovetdə qəbul edilmiş Konstitusiya Aktında göstərilirdi ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə yaradılmış Xalq Cümhuriyyətinin (ADR-in) hüquqi varisidir.

1991-ci ilin mart ayında keçmiş SSRİ-nin bütün respublikalarında Sovet İttifaqının saxlanılması ilə bağlı referendum keçirilməsi təklifinin əleyhinə Azərbaycan Ali Sovetinin 350 deputatından yalnız 43 nəfər səs verdi, onlar Azərbaycanın SSRİ-dən ayrılmasının və müstəqilliyinin bərpasına çalışırdılar. Sonradan həmin 43 nəfər "istiqlalçı deputatlar" kimi tanındı.

1991-ci il avqustun 30-da Ali Sovet Müstəqillik Bəyannaməsini qəbul edib. Oktyabrın 9-da Azərbaycan milli ordusunun yaradılmasına qərar verilib.

Nəhayət oktyabrın 18-də Müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsinin ardınca, dekabrın 29-da keçirilmiş ümumxalq referendumunda iştirak etmiş seçicilərin 95 faizi ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verdi.

Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.

"Azərbaycan rəhbərliyi nəyi gözləyirdi, kimi gözləyirdi?"

Müstəqilliyin bərpasının 30 illiyi ərəfəsində Prezident İlham Əliyev deyib ki, o vaxt Azərbaycan rəhbərliyi müstəqilliyi elan edərkən "çox əsassız vaxt itkisinə" yol verib:

"1991-ci ilin oktyabrında bir çox keçmiş müttəfiq respublikalar artıq öz dövlət müstəqilliyini elan etmişdir... Bu qədər gözləməyin səbəbi nə idi?"

Prezidentin fikrincə, buna görə də 18 oktyabr gününü "böyük təmtəraqla qeyd etmək, yaxud da ki, kiməsə buna görə minnətdar olmaq tamamilə yersizdir".

"Sovet İttifaqı dağılırdı, Rusiya Federasiyası özü dövlət suverenliyi haqqında Konstitusiya Aktını bizdən qabaq qəbul etmişdi. Rusiya çıxdı, Ukrayna çıxdı, bütün qalan respublikaları çıxdı. Azərbaycan rəhbərliyi nəyi gözləyirdi, kimi gözləyirdi?" - İlham Əliyev Füzuli rayonuna səfəri zamanl deyib.

SSRİ niyə dağıldı?

Politoloq Zərdüşt Əlizadə hesab edir ki, SSRİ-nin dağılması ölkə rəhbərliyinin qərarı ilə olub. "SSRİ-ni nə o vaxt yaradılmış xalq cəbhələri, nə xalq hərəkatları dağıdıb. SSRİ-ni Qorbaçov, Yakovlev, Siyasi Büronun üzvləri dağıdıb. Başlıca məqsəd bu idi ki, ümumxalq mülkiyyətini özəlləşdirib ciblərinə qoysunlar",- deyə o, BBC News Azərbaycancaya müsahibəsində bildirib.

Siyasi şərhçi Zərdüşt Əlizadə deyir ki, ötən əsrin 80-90-cı illərində demokratiya, xalq hakimiyəti barədə düşünürdülər: "Amma bu xalq hazır deyil, bütün keçmiş Sövet məkanında xalq demokratiyaya hazır deyil, çünki mülkiyyəti olan, müstəqil düşünən, müstəqil qərar qəbul edən vətəndaş yoxdur. Demokratik vətəndaş yoxdursa, demokratik cəmiyyət qurmaq da mümkün deyil".

Onun fikrincə, bunun nəticəsində bütün Sovet respublikaları böyük sivilizasiya uğursuzluğuna düçar olub: "Ərzaq, geyim, maşın, xüsusi mülkiyyət - bunlar əmələ gəldi, amma elm, texnologiya və müəyyən gələcəyə baxış layihəsi haradadır?"

18 Oktyabra gedən yol

Azərbaycanda müstəqilliyin elan olunmasını ləngidən o dövrdəki respublikanın kommunist rejimi olub, - 43 "istiqlalçı deputat"dan biri olan Müsavat Partiyasının başqanı Arif Hacılı deyir.

Onun sözlərində görə, 1990-cı ilin aprel-mayından etibarən Azərbaycanda repressiyalar başlamış, Xalq Cəbhəsinin bir çox fəalları həbs edilmiş, siyasi fəaliyyət məhdudlaşdırılmış, təşkilat qeyri-legal fəaliyyətə keçmiş, azad fikir ifadə edən mətbu orqanlar, o cümlədən Azadlıq qəzeti bağlanmışdı.

"Bu səbəbdən Azərbaycanın müstəqilliyinin elan olunması ləngidi, - Hacılı deyib, - çünki Azərbaycan hakimiyyəti, o dövrdə olan kommunist rejimi Azərbaycanın müstəqillik mübarizəsinə maneçilik törədirdi, müqavimət göstərirdi".

Arif Hacılı qeyd edir ki, 1990-cı ilin 20 yanvarında baş vermiş qanlı hadisələrdən sonra əslində Azərbaycan "mənəvi cəhətdən SSRİ-dən, Rusiyadan artıq ayrılmış və Azərbaycanda Moskva hakimiyyətinə qarşı çox dərin bir nifrət yaranmışdı".

O xatırladır ki, həmin dövrdə Kommunist partiyasına qarşı çox geniş bir kampaniya başladı, əsasən, AXC, eyni zamanda ölkənin bir çox tanınmış ziyalıları, alimləri, şairləri, yazıçıları Kommunist Partiyasını tərk etdilər və Azərbaycan xalqına Kommunist partiyasını tərk etmək barədə müraciət ünvanladılar, hətta Azərbaycanın Ali Soveti bu hadisəyə siyasi qiymət verdi:

"AXC-nin hazırladığı layihə əsasında Azərbaycanın Ali Soveti bu hadisəni Azərbaycana, Azərbaycan xalqına qarşı təcavüz kimi dəyərləndirdi. Ancaq sonrakı mərhələlərdə Azərbaycandakı kommunist rejimi fəaliyyətini davam etdirdi".

Arif Hacılı 1990-cı ilin aprel-may aylarından repressiyalar başladığını deyir.

SSRİ-ni saxlamaq referendumu

Arif Hacılı 1991-ci ilin martında Ali Sovetin SSRİ-nin saxlanması ilə əlaqədar keçiriləcək referendumda Azərbaycanın iştirakı ilə bağlı verdiyi qərarına etiraz etdiklərini xatırlayır:

"Biz, Müstəqil Azərbaycan Deputat blokunun üzvləri, o cümlədən AXC rəhbərliyinə daxil olan şəxslər buna etiraz etdik. Əbülfəz Elçibəy başda olmaqla 10 parlament üzvü açlıq aksiyasına başladıq".

Bundan sonra da Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan fəallar mövcud kommunist rejiminin və eyni zamanda Moskva hakimiyyətinin ciddi müqavimətiylə üzləşirdi, ancaq 1991-ci ilin avqustunda Moskvada baş verən QKÇP hadisəsi, Moskvada Yelstinin hakimiyyətə gəlməsi, Kommunist partiyasını ləğv etməsi Azərbaycan Kommunist Partiyasının mövqeyini, təsir imkanlarını xeyli məhdudlaşdırdı.

"Və parlamentdə təmsil olunan biz, təxminən 20-30 nəfər müxalifət nümayəndəsi bundan yararlandıq. Avqustun 30-da hazırladığımız layihə əsasında Azərbaycanın Müstəqillik Bəyannaməsi qəbul edildi. Əslində, Azərbaycanın müstəqilliyinin bərpasını həmin gündən də hesablamaq olar", - Arif Hacılı söyləyir.

"İstiqlalçı deputat" 18 oktyabrı Azərbaycan tarixinin "ən əhəmiyyətli, ən mühüm günlərindən biri" sayır, çünki onun təbirincə, 70 illik "sovet işğalından" sonra Azərbaycan yenidən öz müstəqilliyini, öz müstəqil inkişafına qədəm qoymaq üçün imkanlar əldə etdi.

"Bu baxımdan 18 Oktyabr öz mahiyyətinə görə, təxminən 28 May günü kimi, Bakının işğaldan azad olunması ilə bağlı olan 15 Sentyabr günü kimi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir", - o hesab edir.

"SSRİ-nin dağılması öz-özünə baş verməyib"

Müsavat partiyasının başqanının fikrincə, "SSRİ-nin dağılması öz-özünə baş verməyib: "SSRİ-nin dağılması Baltikyanı ölkələrdə, Ukraynada, Gürcüstanda, Azərbaycanda gedən xalq hərəkatları nəticəsində, müstəqillik mübarizəsi nəticıəsində dağılıb. Azərbaycan Xalq Hərəkatı Sövet İttifaqı ərazisində ən güclü hərəkatlardan biri idi", - Arif Hacılı vurğulayır.

"Həmin dövrdə bizim "Müstəqil Azərbaycan Bloku" olaraq parlamentdəki fəaliyyətimiz, eyni zamanda Azərbaycan Xalq Hərəkatının əsas təşkilatı olan Azərbaycan Xalq Cəbhəsi bütün dünyada qəbul olunurdu və bəzi mətbuat orqanları Azərbaycan xalqını məhz bu fəaliyyətə, bu fədakar mübarizəsinə görə ilin xalqı elan etmişdilər", - o deyir.

Arif Hacılının sözlərinə görə, bu mübarizə, nəhayət oktyabrın 18-də "uğurla" başa çatdı: "Əbülfəz Elçibəyin rəhbərliyi, Azərbaycan Xalq Cəbhəsinin təşkilatçılığı, Azərbaycan xalqının iradəsiylə 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti 1991-ci il oktyabrın 18-də bərpa edildi".

Prezident İlham Əliyevin bu günlərdə verdiyi fərmana əsasən, bu ildən başlayaraq, 18 oktyabr günü Azərbaycanda Müstəqilliyin Bərpası Günü kimi, 28 may isə - Müstəqillik Günü kimi qeyd olunacaq.

ADR-in varisi

"43 istiqlalçı deputat"dan biri, Milli Məclisin üzvü Fərəc Quliyevin qənaətinə görə, 30 il bundan əvvəl müstəqilliyin bərpa olunması "birmənalı şəkildə təsbit etdi ki, ölkə işğaldan qurtulub".

Fərəc Quliyev parlamentin 18 oktyabrı Müstəqilliyin Bərpası günü adlandırmasını dəstəkləyir:

"Bu daha məntiqlidir, çünki bu o deməkdir ki, bizim dövlətimiz mövcud olub və işğala məruz qaldıqdan sonra müstəqillik yenidən bərpa olunub.Xalqımız savaşıb, öz müstəqilliyini geri qaytarıb".

Fərəc Quliyev əlavə edib ki, bu il Azərbaycan 18 Oktyabrı həm də bəzi ərazilərinin işğaldan azad olunması fonunda qeyd edir.

"Mən arzulayıram ki, bundan sonra Azərbaycan hələlik suverenliyini tam şəkildə bərpa eləmədiyi ərazi üzərində də suverenliyini bərpa edə bilsin".

Azərbaycan ötən il baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi zamanı 30 ilə yaxın Ermənistan işğalı altında olmuş ərazilərinin böyük bir hissəsini azad edib. Xankəndi və onun ətafındakı bəzi yaşayış məntəqələri Azərbaycanın nəzarətində deyil. Bu ərazilərdə rus sülhməramlıları yerləşdirilib.

Videonun alt yazısı, Bakı sakinləri müstəqillik barədə danışır