Əsgər ölümü ilə bağlı cinayət işi açılıb, iki erməni Yerevana, bir azərbaycanlı Bakıya "təhvil verilib"

Şəklin mənbəyi, Getty Images/BULENT KILIC
Baş Prokurorluq iki gün öncə baş verən əsgər ölümü ilə bağlı "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə cinayət işinin açıldığını bildirib. Azərbaycanda saxlanılan iki erməni hərbçi Yerevana və Qarabağda tutulan azərbaycanlı əsgər Bakıya "təhvil verilb," - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Daşkəsən rayonunun N saylı hərbi hissəsinin əsgəri Məmmədağa Məlikzadənin ölümü ilə bağlı "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə cinayət işi açılıb.
Baş Prokurorluq açıqlayıb ki, sentyabrın 6-da hərbi qulluqçunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Gəncə Hərbi Prokurorluğuna məlumat daxil olub.
Qurum hadisə üzrə şahidlərin dindirildiyini, müvafiq ekspertizalar təyin edildiyini və zəruri istintaq hərəkətləri həyata keçirildiyini açıqlayıb.
Əsgərin ölümü ilə bağlı ilk dəfə xəbər yerli mediada yayılıb, Azərbaycan Müdafiə Nazirliyi bu barədə məlumat yaymayıb.
Məmmədağa Məlikzadənin ailəsi yerli mediaya bildirib ki, onlar əsgərin intihar etməsinə inanmırlar.
Baş Prokurorluq bildirib ki, cinayət işi rəhbərlik tərəfindən xüsusi nəzarətə götürülüb.

Şəklin mənbəyi, Sputnik
İki erməni Yerevana, bir azərbaycanlı Bakıya "təhvil verilib"
Azərbaycanda saxlanılan iki erməni hərbçi Yerevana və Qarabağda tutulan azərbaycanlı əsgər Bakıya "təhvil verilib", media xəbər verir.
Ağdərədə sülhməramlıların nəzarətində olan ərazidə ermənilər tərəfindən saxlanılan azərbaycanlı Cəmil Babayev Azərbaycan tərəfinə qaytarılıb, bu barədə Əsir düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına istinad edən Trend agentliyi bildirir.
Ermənistan mediasına əsasən, Azərbaycandan gələn iki nəfər 14 iyulda "Sünik bölgəsində itən" hərbçilərdir.
"Azərbaycanda əsirlikdən qayıdan iki erməni hərbçi Artur Nalbandyan və Aramais Torozyanın olduğu təyyarə Erebuni hava limanına endi", - çərşənbə axşamı günü Ermənistanın news.am saytı xəbər yayıb.
Azərbaycan avqustun sonunda Qarabağda saxlanılan Cəmil Babayevin Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk etdiyini bildirmişdir. Azərbaycan Müdafiə Nazirliyi onun haqqında cinayət işi başlayıb.
Mübadilə Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı Rüstəm Muradovun vasitəçiliyi ilə həyata keçirilib.






























