"Naxçıvandakı mövqelər atəşə tutulub", Sosial xidmət qurumları yalnız Covid pasportu olanların müraciətinə baxacaq

Müdafiə Nazirliyi

Şəklin mənbəyi, MOD.GOV.AZ

Çap edildi

"Naxçıvandakı mövqelər atəşə tutulub", Səhiyyə Nazirliyi vaksinlənməyə çağırır, Sosial Müdafiə Nazirliyi yalnız Covid pasportu olanların müraciətlərinə baxacaq, MN Azərbaycan mövqelərinin Ermənistan tərəfindən atəşə tutulduğunubildirib - daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Azərbaycan Müdafiə Nazirliyi Naxçıvan istiqamətində mövqelərinin atəşə tutulduğunu bildirib.

"Avqustun 7-si saat 14:20-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Arazdəyən-Sədərək istiqamətində mövqelərimizi müxtəlif çaplı silahlardan atəşə tutub", məlumatda deyilib

Ermənistan Müdafiə Nazirliyi isə Azərbaycan tərəfinin "saat 11:40-dan 12:00-dək Ermənistan-Azərbaycan sərhədinin Sünik (Zənqəzur - red.) vilayətinin Qaragöl sahəsində yerləşən erməni mövqeləri istiqamətində müxtəlif çaplı odlu silahdan" atəş açdığını bildirib.

Məlumatlarda, tərəflərdə ölən və yaralananların olmadığı qeyd olunub.

Ötən günün atışmaları

Müdafiə Nazirliyi avqustun 6-da Azərbaycanın Naxçıvanda və Kəlbəcər rəyonundakı mövqelərinin atəşə tutulduğunu bildirib.

"Avqustun 6-sı saat 19:05, 23:30 və 23:50-də" Ermənistan silahlı qüvvələri Vedi rayonunun Arazdəyən (Yerasx-red.), Basarkeçər rayonunun Yuxarı Zağalı və Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad, Kəlbəcər rayonunun İstisu və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində" Azərbaycan Ordusunun mövqelərini "fasilələrlə atıcı silahlardan atəşə tutub", Azərbaycan MN-in məlumatında deyilib

"Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur", - məlumatda qeyd olunub.

Ermənistan Müdafiə Nazirliyi isə Azərbaycan tərəfinin avqustun 6-da günortadan başlayaraq Yerasx (Arazdəyən-red.) sahəsində Ermənistan mövqeyini atəşə tutduğunu bildirib.

Səhiyyə Nazirliyi "vaxt itirmədən" peyvənd vurdurmağa çağırıb

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov

Şəklin mənbəyi, Azertag

Şəklin alt yazısı, Pərviz Abubəkirov

Səhiyyə Nazirliyi vətəndaşları "vaxt itirmədən" COVID-19 əleyhinə peyvənd vurdurmağa çağırıb.

Azərbaycanda COVID-19 yoluxanların sayı yenidən artıb. Lakin ölkədə vaksinasiya prosesinin aktiv fazada davam etdirilməsi səbəbindən ağır xəstələrin sayında, həmçinin ölüm faizində artım müşahidə olunmur.

Bunu Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsinin rəhbəri Pərviz Abubəkirov vaksinasiyaya dair sualları cavablandırarkən bildirib.

"Vaksinasiyanın tətbiq edilmədiyi günlərdə yoluxma və ölüm sayı ilə indiki vəziyyətin müqayisəli təhlili göstərir ki, hazırda ölüm göstəricisi olduqca aşağıdır", - Abubəkirov deyib.

Ötən gün Azərbaycanda COVID-19 infeksiyasına 1242 yoluxma faktı qeydə alınıb, analizi müsbət çıxan 8 nəfər vəfat edib. Bu rəqəmlər ötən həftənin müvafiq ortalama göstəricilərini azı 2 dəfə üstələyir.

Abubəkirova görə, vaksinasiya prosesində vətəndaşlar "nə qədər aktiv olsalar, ağırlaşma və ölüm faizi bir o qədər də azalar."

"Vaksinasiyanın əhəmiyyəti infeksiyaya qarşı orqanizmdə immunitetin yaranmasına nail olmaqla xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaqdır", - Pərviz Abubəkirov qeyd edib.

Səhiyyə Nazirliyinin rəsmisi bildirib ki, peyvənd olunan insanların "müəyyən qismi virusa yoluxa bilərlər, amma xəstəliyi yüngül keçirəcəkləri dünyada aparılan tədqiqatlarla" sübut olunub: "Müəyyən olunub ki, peyvəndləndikdən sonra virusa yoluxan şəxslərdə virus yükü əhəmiyyətli dərəcədə aşağı olub. Virus yükü aşağı olduğu üçün həmin şəxslərin əksəriyyəti çox yüngül simptomlarla olub və ya yoluxduqlarından xəbərsiz olublar."

Sosial xidmət qurumları yalnız Covid pasportu olanların müraciətinə baxacaq

Bazarda koronavirusl bağlı xəbərdarlıq

Şəklin mənbəyi, Getty Images

Avqustdan 16-dan etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) qəbul mərkəzlərində və DOST mərkəzlərində yalnız Covid pasportu olanların müraciətlərinə baxılacaq.

"Vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) olduqları halda həyata keçiriləcək", ƏƏSMN-in bu gün yaydığı məlumatda bildirilib.

"Eyni zamanda, vətəndaşların Nazirliyin elektron xidmətlərinə etdikləri müraciətlərə baxılması da COVİD-19 pasportuna malik olmaları barədə məlumat daxil edildiyi (o cümlədən ünvanlı dövlət sosial yardımı ilə əlaqədar müraciət zamanı Ərizə-bəyannamədə qeyd edildiyi) halda həyata keçiriləcək", məlumatda deyilir.

Nazirlik qeyd edib ki, vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində tətbiq olunan bu qayda "əhalinin sağlamlığının qorunması məqsədilə aparılan vaksinasiya prosesində vətəndaşların daha fəal iştirakının təşviq edilməsinə, özlərinin və ətrafdakıların pandemiyadan qorunmasına münasibətdə məsuliyyətin artırılmasına" xidmət edir.

Bakı, Azərbaycan, koronavirus

Şəklin mənbəyi, Getty Images