You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Ermənistan mövqelərinin atəşə tutulduğunu bildirir, Azərbaycan təkzib edir
Bu günün xəbərlərində: Ermənistan mövqelərinin atəşə tutulduğunu bildirir, Azərbaycan təkzib edir, Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti artıb.
Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan sərhədində atışma barədə Ermənistanın yaydığı məlumatını təkzib edib.
Şənbə günü Ermənistan Müdafiə Nazirliyi Naxçıvan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələrinin bölmələri arasında atışma baş verdiyini bildirib.
Məlumata görə, iyulun 31-də "saat təxminən 6:30-da" Azərbaycan SQ bölmələri Ermənistan ərazisində yerləşən mövqeləri "atəşə tutaraq", texniki vasitələrlə "öz postlarını möhkəmləndirmək üzrə işlər icra etməyə çalışıb".
"Ermənistan tərəfinin cavab tədbirləri nəticəsində qarşı tərəfin atəşi və istehkam işləri dayandırılıb", - məlumatda deyilir.
Azərbaycan tərəfi bu məlumatı təkzib edib.
"Ermənistan tərəfinin Azərbaycan Ordusunun bölmələri tərəfindən Arazdəyən istiqamətinə guya atəş açılması ilə bağlı yaydığı məlumatın heç bir əsası yoxdur", - Azərbaycan Müdafiə Nazirliyi bildirib.
"Bildiririk ki, Azərbaycan Ordusunun bölmələrindən qarşı tərəf istiqamətinə atəş açılmayıb".
Son günlərdə sərhəd bölgəsində atışma hallarının sayı artıb. Hər iki ölkə atəşkəsi pozmaqda bir-birini ittiham edir.
Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti artıb
Azərbaycanda Aİ-95 markalı benzininin qiyməti 1,4 manatdan 1,45 manatadək yüksəlib.
Bahalaşmanın səbəbi kimi Azərbaycanda istehsal olunmayan bu yanacağın alış qiymətinin artması göstərilir.
Trend agentliyinə açıqlamasında "SOCAR Petroleum" şirkətinin nümayəndəsi deyib ki, Rumıniyadan idxal olunan benzinin qiymətindəki artıma görə Azərbaycanda da qiymət 5 qəpik bahalaşıb.
İyun ayında Aİ 95 markalı benzinin qiyməti 15 qəpik artaraq 1,4 manata çatıb.
Yanvarda isə Tarif Şurasının qərarı ilə 92 markalı benzinin bir litrinin qiyməti 90 qəpikdən bir manata, dizel yanacağının bir litrinin qiyməti isə 60 qəpikdən 80 qəpiyə kimi bahalaşıb.
Aİ-92 markalı benzin və dizel ölkə daxilində istehsal olunur və idxal qiymətlərindən asılı deyil.