Ev dustaqlığı ləğv edilən Tofiq Yaqublu: "Belə çıxır ki, heç anamın məzarını da ziyarət edə bilməyəcəm"

Müxalif siyasətçi Tofiq Yaqublu ev dustaqlığından azad edilib, Azərbaycan mövqeləri Kəlbəcər və Şuşa istiqamətində atəşə tutulub,- BBC News Azərbaycancanın icmalında oxuyun.
Müxalif siyasətçi, Müsavat partiyası və Milli Şuranın üzvü olan Tofiq Yaqublu ev dustaqlığından azad edilib.
Bu barədə BBC News Azərbaycancaya danışan Tofiq Yaqublu deyib ki, iyulun 15-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun barəsində aşağı instansiya məhkəməsinin onun barəsində verdiyi 4 il 3 aylıq həbs cəzası ləğv edilib, əvəzində 2 il 6 aylıq sınaq müddəti tətbiq olunub.
Tofiq Yaqublu bildirib ki, sınaq müddəti ona ölkədən çıxmağı qadağan edir.
Bir neçə gün öncə Gürcüstanda yaşayan anasının vəfat etdiyini deyən Tofiq Yaqublu əlavə edib ki, həbs cəzasına görə, o, anasının dəfninə gedə bilməyib: "İndi də sınaq müddəti verildi, mən nə sağlığında anamı görə bildim, nə dəfnə gedə bildim, indi də belə çıxır ki, heç məzarını da ziyarət edə bilməyəcəm".
Tofiq Yaqublu ona verilmiş 4 il 3 aylıq həbs cəzasının 6 ayını həbsxanada keçirib. O, həbsinə etiraz olaraq 17 günə yaxın aclıq aksiyası keçirmiş, bundan sonra həbsi ev dustaqlığı ilə əvəzlənmişdi.
O, xuliqanlıqda ittiham olunurdu. Tofiq Yaqublu bu ittihamı rədd edərək həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirmişdi.

Şəklin mənbəyi, MOD.GOV.AZ
Azərbaycan mövqeləri Kəlbəcər istiqamətində "atəşə tutulub"
Bu gün saat 14:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub, Azərbaycan Müdafiə Nazirliyi bildirib.
"Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur", -MN bildirib.
Bu barədə Ermənistanın şərhi məlum deyil.
Bundan əvvəl Azərbaycan MN Şuşa istiqamətində mövqelərinin atəşə tutulduğunu açıqlamışdı.

Şəklin mənbəyi, MOD.gov.az
İyulun 15-i gecə saatlarında Azərbaycan ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub, Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb.
"Atəş Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb", - nazirlik bildirib.
Qurum Azərbaycan ordusunun şəxsi heyəti arasında həlak olan və yaralananın olmadığını qeyd edib.
Ermənistan tərəfi hələ ki, bu barədə məlumat verməyib.
Azərbaycan Müadafiə Nazirliyi Şuşa şəhəri yaxınlığında mövqelərinin iyulun 13-də də atəşə tutulduğunu açıqlamışdı.
Rusiya sülhməramlıları iyulun 13-də Şuşanın şimal-qərbindəki Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında axşam saatlarında təxminən yarım saat atışma qeydə alındığını bildirib.
Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir ki, insident Rusiya sülhməramlı kontingentinin nümayəndələrinin səyləri ilə həll edilib.
Bu arada Rusiya Müdafiə Nazirliyi onu da açıqlayıb ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin hərbi qulluqçuları döyüş hazırlığı üzrə təlim keçiblər.
Plan üzrə keçirilən məşğələlərdə hərbçilər minaatanların döyüş və yürüş mövqeyinə gətirilməsi, artilleriya atışları, zirehli maşının idarəedilməsi və digər məsələlər üzrə biliklərini təkmilləşdiriblər.
Hazırlıq təlimlərində 150-yə yaxın sülhməramlının iştirak etdiyi bildirilir.
Çərşənbə axşamı Ermənistan-Naxçıvan sərhədində baş vermiş atışmada Azərbaycan ordusunun hərbi qulluqçusu yaralanıb bir erməni əsgəri həlak olub. Atəşkəsin pozulmasında tərəflər bir-birlərini günahlandırıblar.




























