Azərbaycan mövqelərinin atəşə tutulduğunu bildirir, Ermənistan təkzib edir

Çap edildi

Azərbaycan mövqelərinin atəşə tutulduğunu bildirir, Ermənistan təkzib edir, Ramin Hacılı həbs olunub, Konstitusiya Məhkəməsi Robert Koçaryanın seçkilərlə bağlı şikayətini araşdırır, Pfizer-in kişilərə təsir edən "nadir yan fəsadı", BBC News Azərbaycancanın xəbərlər icmalında.

Cümə günü Ermənistan silahlı qüvvələri Gədəbəy rayonu istiqamətində Azərbaycan mövqelərini atəşə tutub, iyulun 10-da Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir.

Ermənistan tərəfi bu məlumatı təkzib edir.

"İyulun 9-da saat 21:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu ərazisində yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub," - Azərbaycan Müdafiə Nazirliyi bildirir.

Məlumata əsasən, Azərbaycan hərbçiləri arasında həlak olan və yaralanan yoxdur.

Şənbə günü Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan istiqamətində atəş açılmadığını bəyan edib.

"Azərbaycan Müdafiə Nazirliyinin 9 iyul axşamı Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Tavuş bölgəsinə bitişik sərhəd hissəsindəki Azərbaycan mövqelərinə atəş açması barədə yaydığı bəyanat həqiqətə uyğun deyil", - şənbə günü Ermənistan Müdafiə Nazirliyi bəyan edib.

Azərbaycan və Ermənistan atəşkəsin pozulmasında bir-birini ittiham edirlər.

Ramin Hacılı həbs olunub

Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı həbs olunub, prokurorluğa istinadən media xəbər verir.

"Ramin Hacılı Baş Prokurorluğun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib", - Azərtac agentliyi bildirir.

Dələduzluq "cinayətləri törətməkdə" ittiham olunan fəalın "Almaniyadan deportasiya" olunmuş Azərbaycan vətəndaşlarının "ifadəsi əsasında" həbs olunduğu deyilir.

Cənab Hacılının ittihamlara münasibətini öyrənmək mümkün olmayıb.

2017-ci ildə Ramin Hacılı məhkəmə qərarı ilə 2 il sınaq müddəti təyin edilməklə şərti cəza alıb.

O, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etməkdə təqsirləndirilirdi. Ancaq o, ittihamları qəbul etməyib.

2005-2006-cı illərdə Dalğa Gənclər Hərəkatının həmtəsisçisi və ilk sədri Ramin Hacılı 2010-cu ildə Milli Məclisə seçkilərdə deputatlığa namizəd olub.

Məhkəmə Koçaryanın şikayətini araşdırır

Şənbə günü Ermənistan Konstitusiya Məhkəməsi parlament seçkiləri nəticələrinin etibarsız hesab edilməsi barədə müxalif siyasi qüvvələrin müraciətlərini nəzərdən keçirir.

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın "Hayastan" bloku da daxil olmaqla, 4 partiyanın şikayəti Konstitusiya Məhkəməsində ötən həftə qəbul olunub.

Bu gün "Hayastan" blokunun nümayəndəsi məhkəməyə blokun mövqeyini təqdim etməlidir.

20 iyunda keçirilən seçkilərdə Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası səslərin 53,91 faizini alıb.

İkinci yerdə gələn "Hayastan" blokunu seçicilərin 21,9 faizi dəstəkləyib. "Pativ unem" (Təzim edirəm) bloku isə səslərin 5.22 faizini qazanıb.

Pfizer-in daha çox gənc kişilərə təsir edən "nadir yan fəsadı"

Azərbaycanda da tətbiq olunan Pfizer vaksininin ürək problemlərinə səbəb ola biləcək nadir yan təsiri qeydə alınıb. Bu barədə Avropa Dərman Agentliyi (EMA) bildirir.

İndiyədək Pfizer və Moderna vaksinlərini alanlarda iki cür reaksiyanın olduğu deyilir.

Peyvəndlənənlərin bir hissəsində miokardit, yəni ürək əzələsinin iltihabı, digər hissəsibdə isə perikardit - ürəyin seroz qişasının iltihabı müşahidə olunur.

EMA bildirir ki, bu, olduqca nadir yan fəsaddır və ona daha çox gənc kişilərdə rast gəlmək olar.

Məlumata əsasən, Pfizer-BioNTech peyvəndini alan 177 milyon nəfərdən 145-də miyokardit, 138-də isə perikardit qeydə alınıb.