Nikol Paşinyan "Qarabağın statusundan" danışıb, 12 iyul Tovuz döyüşlərinin ildönümüdür

Şəklin mənbəyi, Alamy
Ermənistanın Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan hesab edir ki, Qarabağın statusu "ən vacib məsələdir", bu gün Tovuz döyüşlərindən bir il ötür,Kubada hökümət əleyhinə etirazlar -daha ətraflı BBC News Azərbaycancanın icmalında
Qarabağın "statusu ən vacib məsələdir"
Ermənistanın Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan hesab edir ki, Dağlıq Qarabağın statusunun müəyyənləşməsi onların qarşısında duran vacib məsələdir. O bu barədə Qarabağ seperatçılarının rəhbəri Arayik Harutyunyanla görüşündə danışıb.
Bu, Nikol Paşinyanla Arayik Harutyunyanın Ermənistanda iyunda keçirilmiş erkən parlament seçkisindən sonra ilk görüşüdür. Eyni zamanda görüş Paşinyanın 7 iyulda baş tutmuş Moskva səfərindən sonraya təsadüf edir.
"Bizim gündəliyimizdə duran ən vacib məsələ Arstax-ın (Dağlıq Qarabağ-red.) statusunun müəyyənləşdirilməsidir. Biz deməliyik ki, 9 noyabrdan (10 noyabr nəzərdə tutulur-red.) sonra ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat verməklə, faktiki bu gündəliyi işçi gündəlik kimi irəli sürüblər. Biz də sonrakı hərəkətlərimizi dəqiqləşdirməli, yeni situasiyada müəyyən strategiya qəbul etməli, məqsədlərimizə çatmağın yollarını müəyyənləşdirməliyik," - Paşinyan deyib.
Ermənistanın Baş nazirinin mətbuat xidmətinin məlumatına görə, Paşinyan vurğulayıb ki, 44 günlük müharibədən sonra Qarabağda normal həyatın bərpasına "kifayət qədər ciddi səylər" göstərilib. O əlavə edib ki, əməkdaşlıqdan, indiyə qədər verilən qərarlardan məmnundur və bunu "kifayət qədər effektiv" sayır.
Arayik Harutyunyan da öz növbəsində bildirib ki, sosial-iqtisadi problemlər tənzimlənir və Ermənistan hökumətinin həyata keçirdiyi sosial proqramlar "Artsaxı şok vəziyyətindən çıxarıb".
Arayik Harutyunyan deyib ki, hazırda "Artsax böyük tikinti meydanıdır". Onun sözlərinə görə, bu gün "yaşayış problemi o qədər kəskindir ki, hətta günə bir mənzil tikilsə belə kifayət etməz. Bizim proqramımızı həyata keçirmək üçün sutkaya azı 4-5 mənzil tikilməlidir".
O vurğulayıb ki, Qarabağın təhlükəsizliyi və statusu "ən vacib məsələdir".
"Xoşbəxtlikdən, müharibəyə qədərki status prinsipi ATƏT-in Minsk qrupunun gündəliyində dəyişməyib. Biz bu məsələni gündəmdə saxlamağa çalışmalıyıq".
Təhlükəsizlik məsələsinə gəlincə, Arayik Harutyunyan bildirib ki, müdafiə ordusu sülhməramlılarla birlikdə vəziyyətə nəzarət edir. "Coğrafiya mürəkkəbdir, amma xoşbəxtlikdən heç bir ciddi problem olmayıb".
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın status məsələsinin ortadan qalxdığını dəfələrlə vurğulayıb.
Onun ötən həftənin sonlarında verdiyi fərmana görə, ölkədə iqtisadi rayonlar arasında yenidən bölgü aparılıb və Dağlıq Qarabağda yerləşən, Azərbaycanın hələ nəzarət etmədiyi Xankəndi və Xocalı yeni yaradılmış Qarabağ iqtisadi rayonuna əlavə edilib.

Şəklin mənbəyi, Sosial media
Tovuz döyüşlərinin ildönümüdür
Bu gün general-mayor Polad Həşimov və daha 11 hərbçinin həlak olduğu Tovuz döyüşlərindən bir il ötür.
2020-ci il iyulun 12-də Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iriçaplı pulemyotlardan, snayper tüfənglərindən, minaatanlardan və digər artilleriya qurğularından istifadə etməklə Azərbaycan mövqelərini atəşə tutub.
Bir neçə gün davam edən döyüşlərdə general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq hərbi xidmət qulluqçuları - əsgər Elçin Mustafazadə, çavuş Vüqar Sadıqov, əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov həlak olub.
Erməni silahlı qüvvələrinin atdığı mərmi nəticəsində Tovuzun Ağdam kənd sakini, 76 yaşlı Əziz Əliyev də həyatını itirib.
Bundan başqa, Tovuz rayonunun Ermənistanla sərhəd olan kəndlərdə evlərə, inzibati binalara, mülki obyektlərə, məktəblərə ciddi ziyan dəyib.
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Həşimov Polad İsrayıl oğluna və Polkovnik Mirzəyev İlqar Anzor oğluna "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Kubada hökümət əleyhinə etirazlar

Şəklin mənbəyi, Reuters
Kubada son 30 ildə ilk dəfə olaraq insanlar hökumətə qarşı etiraz bildirmək üçün küçələrə çıxıblar.
Son iki ildir ki, hakim partiya ölkədəki iqtisadi böhran üzündən çətinliklərlə üzləşib. Covid-19 pandemiyası vəziyyəti daha da çətinləşdirib.
İnsanlar Covid-19 peyvəndinin sürətindən və pandemiyaya hökumətin ümumi yanaşmasından, eləcə də artan elektrik enerjisi və ərzaq çatışmazlığına görə narazılıqlarını bildirirlər.
Minlərlə insan Kuba küçələrinə hökumətin həm koronavirus, həm də iqtisadiyyatı necə idarə etdiyinə etiraz əlaməti olaraq çıxıb.
Kubanın bir sıra iri şəhərlərində etiraz aksiyaları keçirilib.
Kommunist partiyasının hakim olduğu Kubada insanların kütləvi etiraz aksiyasına çıxması qeyri-adi haldı.
Bu arada prezident Miguel Dias-Cane-nin hökumətyönlü tərəfdarları da kütləvi aksiyalar keçirir. Onlar küçələrə Prezidentin insanları "inqilabı müdafiə etməyə" çağırışından sonra çıxıblar.




























