Azərbaycan Müdafiə Nazirliyi: "Naxçıvan və Gədəbəy istiqamətində atəşkəs pozulub"

Çap edildi

Azərbaycan Müdafiə Nazirliyi cümə axşamı Azərbaycanın bəzi ərazilərinin Ermənistanla dövlət sərhədi tərəfdən atəşə tutulduğunu bildirib.

Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, ötən gecə Ermənistan tərəfindən atəşkəs pozulması zamanı Azərbaycan ordusundan həlak olan və yaralanan olmayıb.

"Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 12-si saat 17:40-dan 20:55-dək Vedi rayonunun Arazdəyən, Çəmbərək rayonunun Çəmbərək, Ttucur yaşayış məntəqələrində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad, Gədəbəy rayonunun Zamanlı yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini mütəmadi olaraq iriçaplı silahlardan, həmçinin snayper tüfənglərindən də istifadə etməklə atəşə tutub," - Azərbaycan Müdafiə Nazirliyi bəyan edib.

Ermənistanın İctimai Radiosu Naxçıvan istiqamətində atəşkəsin pozulduğu, Azərbaycan ordusunun Ermənistan tərəfini müxtəlif çaplı silahlardan atəşə tutması barədə məlumat yayıb.

"Ötən gün axşam saatlarında, avqustun 12-də, saat 17:20-dən başlayaraq, Azərbaycan Silahlı Qüvvələri Ermənistan-Azərbaycan sərhədinin Yerasx hissəsindəki erməni mövqelərini müxtəlif çaplı odlu silahlardan atəşə tutub".

Məlumata görə, Ermənistan tərəfindən itki yoxdur, amma ərazidə olan ot örtüyü yanıb.

Ermənistan İctimai Radiosu bildirib ki, atışma Ermənistan-Azərbaycan sərhədinin Yerasx hissəsində Naxçıvanla sərhəd olan ərazilərdə baş verib.

Bu ilin yay aylarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədində gərginlik müşahidə olunur.

İkinci Qarabağ müharibəsini dayandıran atəşkəs imzalanmasından sonra sərhəddə baş vermiş atışmalar zamanı hər iki tərəfdən həyatını itirən, yaralanan hərbçilər olub.

Ötən il noyabrın 10-da imzalanan atəşkəs razılaşmasından sonra baş verən bu qarşıdurmalarda tərəflər bir-birini ittiham edirlər.