You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
General Muradov tərəflərin mübadiləsində "şəxsən iştirak edib"
ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde Bakı və Yerevanın qarşılıqlı addımlarını alqışlayıb, Rusiyanın Qarabağdakı hərbi kontingentinin komandanı Rüstəm Muradov "15 erməni hərbçinin" Ermənistana geri qayıtmasında "şəxsən iştirak edib", Bakı və Aşqabad "qarşılıqlı maraq doğuran məsələləri müzakirə" edib - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Ann Linde Bakı və Yerevanın addımlarını alqışlayıb
ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri, Ann Linde Azərbaycan və Ermənistan arasında ötən gün baş verən qarşılıqlı addımları alqışlayıb.
Ann Linde bu barədə Twitter səhifəsində paylaşdığı statusunda yazıb.
"Azərbaycanın əlavə olaraq 15 erməni məhbusunu azad etməsini və Ermənistan tərəfindən mina xəritələrinin verilməsini alqışlayıram. Rusiyanın vasitəçiliyi təqdirəlayiqdir. Ümid edirəm ki, daha çox etimadın möhkəmləndirilməsi ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında davamlı nizamlanmaya aparan yol ola bilər", - Ann Linde Twitter paylaşımında yazıb.
General Muradov tərəflərin mübadiləsində "şəxsən iştirak edib"
Rusiyanın Qarabağdakı hərbi kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov "Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsi ilə vətənlərinə çatdırılmış 15 erməni hərbçinin Azərbaycandan geri qayıtmasında şəxsən iştirak edib,"- TASS iyulun 3-də, günün sonunda bildirib.
"Üçtərəfli sazişin müddəalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə işi davam etdirərək, Dağlıq Qarabağda silahlı münaqişə zamanı erməni birləşmələri tərəfindən iki rayonda minalanmış sahələrin xəritələri bu gün Bakıda mənim tərəfimdən şəxsən Azərbaycan tərəfinə təhvil verilib. Öz növbəsində, Azərbaycan 15 erməni hərbçini azad edib. Onlar Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsi ilə Yerevana gətirilib", - Muradov jurnalistlərə bildirib.
General-leytenant Rüstəm Muradov vurğulayıb ki, "Rusiya tərəfi gələcəkdə də silahlı münaqişəyə son qoyulması barədə üçtərəfli razılaşmanın müddəalarının yerinə yetirilməsinin təmin olunması üzrə işi davam etdirəcək".
TASS-ın bildirdiyinə görə, ötən gün axşam saatlarında "15 erməni hərbçi Yereavanın Erebuni aeroportuna təyyarədə gətirildikdən sonra müayinə üçün Yerevanın tibb müəssisələrinə aparılıblar."
Ötən gün Azərbaycan XİN-i Ermənistanın Füzuli və Zəngilan rayonlarında "basdırdığı minalara" dair xəritələri Azərbaycana verdiyini bildirib.
"3 iyul 2021-ci il tarixində Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib".
Eyni açıqlamada Azərbaycanda "cəza müddəti" bitmiş "15 nəfər erməni əsilli şəxsin" Ermənistana təhvil verildiyi bildirilir.
Ötən ay Ağdam rayonu üzrə minaları əks etdirən bəzi xəritələrin alınmasından sonra erməni hərbçilərinin bir qrupu Yerevana təhvil verilmişdir.
Bakı və Aşqabad "qarşılıqlı maraq doğuran məsələləri müzakirə" edib
İyulun 3-də Azərbaycan və Türkmənistan arasında "qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub", rəsmi Bakı bildirib.
XİN Mətbuat xidmətinin bu gün açıqladığı məlumatına əsasən, Azərbaycan və Türkmənistan diplomatiyasının başçıları Ceyhun Bayramov və Rəşid Meredov telefon söhbəti zamanı, iki ölkə arasında "ənənəvi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi ilə bağlı aktual məsələlər" ətrafında fikir mübadiləsi aparıblar.
"Nazirlər, həmçinin regional təhlükəsizlik, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər", - məlumatda deyilib.
"Bu il keçirilməsi nəzərdə tutulan Azərbaycan-Türkmənistan-Türkiyə yüksəksəviyyəli görüşünün əhəmiyyəti vurğulanıb", - XİN-in açıqlamasında qeyd olunub.