Euro-2020 finalı: İtaliya penaltilərlə çempion oldu

Çap edildi

Bu gün Londonda, Euro-2020 futbol üzrə Avropa çempionatının final matçında İtaliya qalib olub.

İtaliya milli futbol komandası Avropa kuboku uğrunda İngiltərə milli futbol komandası ilə mübarizə aparıb.

Oyunun ilk qolunu matçın ilk hissəsində, təxminən 2-ci dəqiqədə İngiltərə komandasından Luke Shaw vurub. İkinci qol isə 67-ci dəqiqədə İtaliya komandasından -Leonardo Bonucci-dən gəlib.

Oyunun əsas vaxtında hesab 1-1 olub. Əlavə vaxtda da hesab eyni qalıb. Qalib komanda isə penaltilər seriyasında bəlli olub - 3:2 hesabla Italiya qalib olub.

Oyun iyulun 11-də Londonun Wembley stadionunda Bakı vaxtı ilə 23:00-da başlayıb.

Matçdan əvvəl Kraliça II Elizabeth kral ailəsi adından və öz adından futbolçuları finala çıxması münasibətilə təbrik edib və İngiltərə millisinə finalda uğur diləyib.

II Elizabeth milli futbol komandasına göndərdiyi müraciətində 1966-cı ildə futbol üzrə Dünya Kubokunu qazanmış İngiltərə millisini necə mükafatlandırdığını xatırlayıb.

1966-cı ildə İngiltərədə keçirilən Dünya Kubokunun finalında İngiltərə millisi Almaniyaya qalib gəlib və İngiltərə futbolunun tarixində ilk dəfə olaraq Dünya Kubokunu qazanıb.

Həmin tarixi oyunun hakimlərindən biri Azərbaycan təmsilçisi Tofiq Bəhramov olub.

Məhz Tofiq Bəhramovun mübahisəli qol ilə bağlı İngiltərə millisinin lehinə verdiyi qərar həmin final matçında İngiltərənin qələbəsini təmin edib.

BBC News Azərbaycancanın icmalında bu xəbərləri də oxuyun:

ANAMA əməkdaşları Cəbrayıl rayonunda 17 ədəd ağ fosfor tərkibli 82 mm-lik minaatan mərmilər aşkar ediblər, Tbilisidə döyülən teleoperator Aleksandr Laşkarava vəfat edib

Minatəmizləyicilər Cəbrayılda ağ fosforlu mərmilər aşkar edib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Cəbrayıl rayonu ərazisində keçmiş silah-sursat anbarının təmizlənməsi zamanı digər partlamamış hərbi surstala yanaşı 17 ədəd ağ fosfor tərkibli 82 mm-lik minaatan mərmiləri aşkar edildiyini bildirib.

ANAMA həmin ərazinin minalardan təmizlənməsi işlərinin iyulun 3-dən aparıldığını qeyd edib.

"Ermənistan silahlı qüvvələrinin ağ fosfor tərkibli sursatlardan mülki əhaliyə və yaşayış məntəqələrinə qarşı istifadəsi həm 2016-cı ilin aprel döyüşləri zamanı, həm də 44 günlük Vətən Müharibəsi zamanı faktlarla təsdiqini tapmışdır", - ANAMA-nın məlumatında deyilib.

Agentlik bildirib ki, beynəlxalq humanitar hüquqa əsasən, mülki əhali və yaxud mülki obyektlərə, meşələrə və ya digər əkin sahələrinə ağ fosforlu silahlardan atəş açmaq BMT-nin 1980-ci il "Adi silahların konkret növləri haqqında konvensiya"nın Alışdırıcı Silahların İstifadəsi haqqında Qadağalar və ya Məhdudiyyətlərə dair III Protokolu ilə qadağan edilir.

Ağ fosfor hava ilə təmas edən zaman öz-özünə alışır, maye halında olduğu üçün istənilən səthə asanlıqla yapışa və yanğın törədə bilər. Yanma temperaturu 1200 C°-ni ötür ki, bu da dərin, gec sağalan yaralara səbəb olur. Yanma məhsulu olan tüstü nəfəs yollarını qıcıqlandırır ki, bağlı məkanda bu tüstünün çox miqdarda udulması ağır zəhərlənməyə və ölümə gətirib çıxara bilər.

ANAMA qeyd edib ki, Ermənistan Azərbaycana qarşı ağ fosfor maddəsi istifadə etməklə, "1949-cu il Cenevrə Konvensiyalarını, xüsusilə Dördüncü Cenevrə Konvensiyasında təsbit olunan beynəlxalq humanitar və insan haqları hüququ üzrə üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozur."

Tbilisidə döyülən teleoperator Aleksandr Laşkarava vəfat edib

İyulun 5-də Tbilisidə LGBT yürüşünün əleyhdarları tərəfindən döyülən Pirveli Gürcüstan televiziya şirkətinin operatoru Alexander (Lekso) Laşkarava vəfat edib.

Pirveli TV şirkətinin xəbər verdiyi kimi, şənbə günü səhər anası Laşkaravanı öz evində ölmüş vəziyyətdə tapıb.

Gürcüstan DİN-i ölüm hadisəsi ilə əlaqədar intihar həddinə çatdırma maddəsi ilə istintaq başladıldığını bildirib, məhkəmə tibbi ekspertizası təyin edilib.

Hücumdan sonra BBC-yə verdiyi müsahibəsində Laşkarava üzündən və başından zərbələr aldığını bildirmişdi, üz sümüyü qırıldığına görə əməliyyat keçirilməsinə ehtiyac yaranmışdı.

Çəkiliş qrupuna hücumla əlaqədar dörd nəfər saxlanılıb.

İyulun 5-də əksəriyyəti media işçiləri olan 50-dən çox insan Tbilisidə LGBT yürüşünün keçirilməsinə qarşı çıxan ultra mühafizəkar qrupların hücumuna məruz qalıb.

Yürüşün təşkilatçıları təhdidlər səbəbindən aksiya keçirməkdən imtina ediblər.