Bu günün xəbərləri: Paşinyan niyə əlində çəkiclə kampaniya aparır, Ukraynanın NATO üzvlüyü yaxındadırmı?

Çap edildi

Paşinyanın əli çəkicli seçki kampaniyası, Ukrayna 2022-ci ildə NATO-da Üzvlük Fəaliyyət Planı almaq istəyir, bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı ölkədə vətəndaş müharibəsini təhrik etmək cəhdində günahlandırıb.

Öz tərəfdarları qarşısında çıxış edən Serj Sarkisyan bəyan edib ki, Paşinyan açıq-aşkar əhalini toqquşmalara sövq edir.

"Bu insan (Nikol Paşinyan - red.) açıq deyir ki, seçkilərdə 60 faiz səs almasa, problemlər yaranacaq. O, istədiyini edir. Siz görürsünüz də, onun əlindəkini", - Serj Sarkisyan deyib.

Son günlər seçki təbliğat kampaniyası mitinqlərində Nikol Paşinyan əlində çəkiclə çıxış edir və vətəndaşları 2018-ci ildə ona etimad etdikləri "məxməri mandat" əvəzində bu dəfə onun rəhbərlik etdiyi siyasi qüvvə üçün "polad mandata" səs verməyə çağırır.

"Qanun və hüquq diktaturası olaraq, biz dəmir çəkiclə bütün bölgələrdə, bütün Ermənistanda bütün paslı mıxları qopardacağıq", - mitinqlərin sonunda Paşinyan bəyan edir.

Kimin və nə üçündür bu çəkic? - deyə Serj Sarkisyan sual edib.

"Biz artıq hər şey görmüşük: müharibədə məğlubiyyət, minlərlə gənc övladımızın ölümü... Daha nə qalır? Vətəndaş müharibəsi qalır. Qoy bunu da göstərsinlər və bizim ləyaqət hissimiz sıfıra bərabərləşsin", - Serj Sarkisyan deyib.

Onun sözlərinə görə, buna hazır olmaq lazımdır və Paşinyanın "polad inqilabına" qarşı daha möhkəm maddədən hazırlanmış sipər, o biri əlimizdə isə dəyənək çıxarılmalıdır. "Başqa yol yoxdur", - Sarkisyan deyib.

Ukrayna NATO-ya "dəvət gözləyir"

Ukrayna NATO-nun tam hüquqlu üzvlüyünə layiq olduğuna inanır və ittifaqa dəvət alacağını gözləyir. Belə bəyanatla NATO sammitinin nəticələrini şərh edər Prezident Volodımır Zelenski çıxış edib.

14 iyun tarixində keçirilmiş NATO sammitinin iştirakçıları yekun açıqlamada Ukrayna və Gürcüstanın gələcəkdə ittifaqa üzv ola biləcəklərini qeyd ediblər. Amma alyansın yekun sənədində iki ölkənin mümkün qəbulu ilə bağlı heç bir vaxt göstərilmir.

"Ukraynanın daha çox şeyə layiq olduğuna inanıram. İttifaqdakı bərabər ölkələrdən biri olmağa, güclü ölkələr arasında olmağa layiqik Biz dəvət olunmalıyıq, bunun ədalətli olduğunu düşünürəm. İstəməli deyilik", - o deyib.

Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba, deyib ki, Ukrayna kifayət qədər islahatlar aparıb və 2022-ci ildə NATO-da Üzvlük Fəaliyyət Planı almaq istəyir.