Rusiya və Türkiyə vətəndaşları üçün Azərbaycana hava yolu ilə səyahət şərtləri açıqlandı

Şəklin mənbəyi, Getty Images
Rusiya və Türkiyə vətəndaşları üçün Azərbaycana hava yolu ilə səyahət şərtləri açıqlandı, Formula 1 yarışlarında qəzalar sırası, Belarus təyyarələri üçün Aİ səmasına giriş qadağası, bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah 10 iyun tarixindən etibarən Rusiya ilə Türkiyə vətəndaşlarının hava yolu ilə Azərbaycana səyahət şərtlərini açıqlayıb.
Məlumata əsasən, bunun üçün yaşı 18-dən yuxarı olan sərnişinlər tam vaksinasiya və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənəd və uçuşdan əvvəl (72 saat ərzində) COVID-19-a dair PCR testinin neqativ olduğunu təsdiqləyən sənəd təqdim etməlidir.
1 yaşdan 18 yaşadək sərnişinlər uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair neqativ PCR testin nəticəsini təsdiqləyən rəsmi sənədə sahib olmalıdır.
Bununla yanaşı, 10 iyundan başlayaraq Azərbaycana gələn 1 yaşdan yuxarı bütün sərnişinlər üçün COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin müddəti uçuşdan əvvəl 48 saatdan 72 saatadək artırılır.
Yaşı 1 yaşdan aşağı olan uşaqlar üçün COVID pasport və PCR test nəticələrinin tələb olunmadığı bildirilir.
Məlumata görə, Azərbaycana birbaşa uçuşlar edən bütün aviadaşıyıcılar yalnız müvafiq tələblərə cavab verən sərnişinləri qeydiyyata almalıdırlar. Azərbaycan sərhəd nəzarətindən keçdikləri zaman tələblərə cavab verməyən sərnişinlər ölkə ərazisinə buraxılmayacaq və aviadaşıyıcının hesabına həmin təyyarə ilə geri qaytarılacaq, qərarda deyilir.
Formula 1 yarışlarında qəzalar sırası

Şəklin mənbəyi, Getty Images
Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisində sayca 3-cü qəza ardınca sıralama turu yenidən müvəqqəti olaraq dayandırılıb.
Bu dəfə qırmızı bayraq McLaren komandasının pilotu Daniel Ricciardo-nun qəzaya uğramasından sonra qaldırılıb.
Azərtac Qran-Prinin sıralanma turunda ən yaxşı göstəricinin "Red Bull Racing"in pilotu Max Verstappen-ə məxsus olduğunu xəbər verir.
Niderlandlı pilot Bakı şəhər halqasını 1 dəqiqə 41,625 saniyəyə qət edib. Onun komanda yoldaşı Sergio Perez liderdən 0,005 saniyə geri qalır.
İlk üçlüyü 1 dəqiqə 41,634 saniyə göstərici ilə "Mercedes"in pilotu Lewis Hamilton tamamlayır, Azərtac-ın yaydığı məlumatda deyilir.
Bu il koronavirus pandemiyasına görə, yarışlar tamaşaçıların iştirakı olmadan keçirilir.
Belarus aviaşirkətləri Avropaya uça bilməyəcək

Şəklin mənbəyi, Reuters
Belarus aviaşirkətlərinin Avropa İttifaqı hava məkanına daxil olmasını qadağan edən qərar şənbə günündən etibarən qüvvəyə minib.
"Belarusdakı vəziyyəti nəzərə alaraq, Şura (Avropa İttifaqı) bu gün mövcud məhdudlaşdırıcı tədbirləri sərtləşdirməyə və bütün Belarus hava daşıyıcıları üçün Aİ hava məkanı üzərindən uçuşlara, habelə Aİ hava limanlarına giriş qadağasını tətbiq etməyə qərar verib", - cümə günü yayılan Aİ-nin rəsmi açıqlamasında deyilir.
Ötən ay Yunanıstandan Litvaya yollanan Rynair təyyarəsinin Minskdə məcburi enişindən sonra onun göyərtəsindəki belaruslu jurnalist Roman Protaseviç həbs olunub.
23 mayda baş verən hadisə beynəlxalq ictimaiyyətin tənqidinə tuş gəlib. Bundan sonra bir sıra aviaşirkət Belarus üzərindən uçuşlardan imtina etdiyini bildirib.


























