28 ildən sonra Şuşada Respublika Günü qeyd olundu, Ermənistan və Rusiya müdafiə rəsmiləri Moskvada görüşdü

Şuşa

Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

Çap edildi

Şuşada Respublika günü qeyd olundu, Ermənistan və Rusiya müdafiə rəsmiləri Moskvada görüşdü, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycana və Ermənistana çağırış edib, Ağdamda yeni muzeylər açılacaq, Naxçıvanda bir hərbçi "yaralanıb", Ermənistan bu məlumatı təkzib edib, 31 maydan etibarən Bakı metrosundan istifadə qaydası bəlli olub - daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Şuşada hərbi mərasim

Bu gün 28 ildən sonra Şuşada Respublika Günü hərbi mərasimlə qeyd olunub.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, 28 May - Respublika Günü münasibətilə Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı ilə təntənəli tədbir keçirilib.

Mərasimdə mərhum Prezident Heydər Əliyevin, Birinci və İkinci Qarabağ müharibələrində həlak olanların xatirəsi anılıb, dövlət himni ifa olunub, nazirlik bildirir.

"Mərasim şəxsi heyətin şəhərdə təntənəli keçidi ilə başa çatıb," - məlumatda deyilir.

1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Şuşa SSRİ-nin dağılması ilə müstəqillik qazanmış Azərbaycan Respublikasının nəzarətində təxminən 7 ay qalmışdı.

Şuşa ötən ilin payızında başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsi zamanı azad edilmiş və onun azad edildiyi tarix - 8 noyabr ölkədə Zəfər bayramı kimi keçirilməsinə qərar verilib.

Prezident sərəncamı ilə Şuşa "Azərbaycanın mədəniyyət paytaxtı" elan edilib.

Vağarşak Harutyunyan və Sergey Şoyqu

Şəklin mənbəyi, mil.ru

Moskvada görüş

Moskvada Ermənistan və Rusiya müdafiə rəsmiləri görüşüb

Moskvada Ermənistan müdafiə naziri vəzifəsini icra edən Vağarşak Harutyunyan və Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında işgüzar görüş keçirib, "gündəlik gərgin problemləri" müzakirə ediblər, RİA Novosti informasiya agentliyi bildirir.

Qeyd olunur ki, Rusiya müdafiə naziri regional təhlükəsizlik məsələləri müzakirə etməyi təklif edib.

"Biz sülhməramlı qüvvələrin Dağlıq Qarabağda fəaliyyəti ilə bağlı regional təhlükəsizlik məsələləri, eləcə də, şübhəsiz, hazırkı məqamda üzə çıxan bütün gərgin problemləri müzakirə edəcəyik", - görüşün əvvəlində Şoyqu deyib.

Harutyunyan öz növbəsində, onun sözlərinə görə, "çox uğurlu inkişaf edən" ikitərəfli əməkdaşlıq məsələlərinə toxunmaq niyyətində olduğunu bildirib.

Şoyqu iki ölkə arasında Birləşmiş Qoşun Qrupunun yaradılması haqqında razılaşmanın və Qafqaz kollektiv təhlükəsizlik regionunda Birləşmiş Regional Hava Hücumundan Müdafiə sisteminin müvəffəqiyyətlə həyata keçirilidiyini qeyd edib.

"Yüksək səviyyədə ikitərəfli əməkdaşlığımızın göstəricisi - regional təhlükəsizliyin təmin olunmasının mühüm faktoru kimi nəzərdən keçirdiyimiz - Rusiya 102 saylı hərbi bazanın Ermənistanda fəaliyyət göstərməsidir", - o deyib.

Məlumatlara görə, səfərdən qabaq Ermənistan müdafiə naziri son həftə ərzində Rusiyalı həmkarı ilə iki dəfə telefon əlaqəsi saxlayıb.

Daha əvvəl Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan demişdi ki, Moskvada iki ölkə hərbi idarə rəhbərlərinin əsas danışıqlar mövzularından biri Ermənistanın Sünik və Geğarkunik vilayətlərində yaranmış vəziyyət olacaq.

Ermənistan müdafiə nazirinin Moskvaya işgüzar səfəri Ermənistanın Geğarkunik vilayəti sərhədində Azərbaycan hərbçilərinin iştirakı ilə insidentdən sonraya təsadüf edib.

Son 3 gündür ki, Azərbaycan və Ermənistan bir-birini Kəlbəcər-Gədəbəy-Geğarkunik sərhədləri yaxınlığında atəşkəsi pozmaqda ittiham edir.

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimləri, may, 2021

Şəklin mənbəyi, MOD.gov.az

Şəklin alt yazısı, Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimləri, may, 2021

Həmsədrlər Azərbaycanı və Ermənistanı "danışıqlara başlamağa" çağırır

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan sərhədindəki gərginlik və "altı Ermənistan hərbçisinin əsir götürülməsindən" narahatdırlar.

Onlar hər iki tərəfi sərhədləri dinc yolla delimitasiya və demarkasiya etmək üçün danışıqlara başlamağa və vəziyyətlə bağlı qoşunların köçürülməsi də daxil olmaqla, təcili addımlar atmağa çağırıblar.

Həmsədrlər İgor Popov, Stephane Visconti, Andrew Schofer mayın 28-də bu barədə bəyanat yayıblar.

Həmsədrlər bəyanatda "bütün hərbi əsirlərin və digər məhbusların azad edilməsinə" çağırıblar.

Bəyanatda məhbuslarla beynəlxalq humanitar hüquqa uyğun olaraq davranmaq məcburiyyəti vurğulanır.

Həmsədrlər tərəfləri, həmçinin Dağlıq Qarabağa "humanitar girişə olan bütün məhdudiyyətləri" dərhal qaldırmağa və tərəfləri noyabrdakı atəşkəs bəyannaməsi çərçivəsində götürdükləri öhdəliklərini tam şəkildə yerinə yetirməyə çağırıb.

"Sərhəd mübahisələrini həll etmək üçün güc tətbiqi və ya güc təhdidi qəbuledilməzdir,"- bəyanatda qeyd olunur.

Bəyanatda qeyd olunur ki, həmsədrlər 27 və 28 may tarixlərində Cenevrədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Grandi ilə məsləhətləşmələr aparıblar.

Görüşlərdə ATƏT Sədrinin Ofisdəki Şəxsi Nümayəndəsi (PRCiO) Andrzej Kasprzyk də iştirak edib.

Xarabalıq

Açıq havada İşğal muzeyi

Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacaq. Azərtac xəbər verir ki, bu barədə mayın 28-də Ağdama səfərə gedən Prezident İlham Əliyevə məlumat verilib.

İlham Əliyev Ağdamda şəhərinin baş planı ilə tanış olub.

Prezidentin səfəri zamanı şəhərin bərpasının təməl daşı qoyulub.

Ağdam və rayonun bir çox kəndi 1993-cü ildə işğal edilib. Şəhərdə salamat tikili qalmayıb. Bütün evlər, dövlət idarələri, mədəniyyət obyektləri ya dağıdılıb, ya da yalnız uçuq divarları qalıb.

Ağdam ötən ilin payızında başlamış və 44 gün davam etmiş müharibədən sonra Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış bəyanat nəticəsində noyabrın 20-də Azərbaycana qaytarılıb.

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimləri, may, 2021

Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

Şəklin alt yazısı, Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimləri, may, 2021

"Bir hərbçi yaralanıb"

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycanın Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub, bir hərbçi yaralanıb.

Qurumun açıqlamasına görə, hadisə mayın 27-dən 28-nə keçən gecə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında baş verib.

Atışma nəticəsində Azərbaycanın bir hərbi qulluqçusunun çiynindən yaralandığı bildirilir.

Ermənistan atəşkəsin pozulması haqqında məlumatı təkzib edir. Müdafiə Nazirliyindən alınan məlumata görə, Ermənistan Silahlı Qüvvələri tərəfindən Naxçıvan istiqamətində heç bir atəş açılmayıb.

Azərbaycan MN hərbçinin həyatı üçün heç bir təhlükə olmadığını vurğulayıb. Qurum qarşı tərəfin cavab atəşi ilə susdurulduğunu deyib.

"Bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan sahəsində vəziyyətin nisbi gərginləşdirilməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür. Ermənistan tərəfini təxribatlar törətməkdən, vəziyyətin gərginləşməsinə səbəb olacaq digər addımlardan çəkinməyə və məsuliyyətli davranmağa çağırırıq,"- Azərbaycan MN bildirir.

Azərbaycan Xarici İşlər Nazirliyi hesab edir ki, Ermənistanın son günlərdə Ermənistan-Azərbaycan dövlət sərhədi boyu "törətdiyi təxribatlar, o cümlədən sərhədin Naxçıvan sahəsində Azərbaycanlı əsgərin yaralanması bölgədə vəziyyətin gərginləşdirilməsinə" xidmət edir.

"Bölgədə yaşanan bu eskalasiyaya görə məhz Ermənistan cavabdehdir,"- Azərbaycan XİN bəyan eidb.

Qurumun mayın 28-də yaydığı məlumatda deyilir ki, onlar "Ermənistanı təxribat əməllərinə dərhal son qoymağa, sərhədlərin toxunulmazlığına riayət etməyə və bölgədə vəziyyəti gərginləşdirən əməllərdən çəkinməyə" çağırırlar.

Artıq bir neçə gündür ki, Azərbaycan və Ermənistan sərhədində gərginlik yaşanır.

Mayın 27-də Azərbaycan ölkə ərazisinə girməyə cəhd göstərməkdə ittiham etdiyi 6 erməni hərbçisini əsir götürdüyünü açıqlayıb.

Hadisə Ermənistanla Azərbaycan sərhədinin Geğarkunik-Kəlbəcər istiqamətində baş verib.

Ermənistan Müdafiə Nazirliyi Geğarkunik vilayətində yerləşən hərbi hissənin "öz müdafiə ərazisində texniki işlər icra etdiyi zaman Azərbaycan silahlı qüvvələrinin hərbçiləri tərəfindən mühasirəyə alındığını" bildirib.

Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib ki, hərbçilər sərhəddə təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə, xəbərdarlıq nişanları qoyaraq sərhədi minaladıqları zaman "oğurlanıb".

Azərbaycan Xarici İşlər Nazirliyi isə hadisəni "terror cəhdi adlandırıb".

Sülhməramlı

Şəklin mənbəyi, AFP/Getty Images

Qarabağda "sülhməramlı dərsi" keçirilib

Rusiya sülhməramlı kontingentinin hərbçiləri Dağlıq Qarabağdakı Noragüh kəndinin orta məktəbində "Sülhməramlı dərsi" adlı "maarifləndirmə aksiyası" keçiriblər. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamaya əsasən, şagirdlərə, o cümlədən döyüş əməliyyatlarının baş verdiyi ərazilərdə qalmış partlayıcı maddələrdən irəli gələn təhlükələr və sülhməramlı qüvvələrin vəzifələri barədə məlumat verilib.

Məktəblilərə partlayıcı qurğu və maddələrin şəkilləri göstərilib, partlayışda xəsarət alanlara ilk tibbi yardımın qaydaları izah edilib.

"HRM (Humanitar Reaksiya Mərkəzi - red.) zabitləri sülhməramlıların hədəfləri və vəzifələri haqqında danışmaqla yanaşı, uşaqlara qarşıdakı tətillərdən əvvəl gündəlik fəaliyyətlərindəki təhlükəsizlik tələbləri və ilk tibbi yardımın göstərilməsi üsulları haqqında məlumat verib," - Rusiya sühlməramlı qüvvələrin nümayəndəsi Sergey İvanov deyib.

İnteraktiv dərs şəklində keçirilən aksiyada 100-dən çox şagirdin iştirak etdiyi bildirilir.

Sərnişinlər eskalatorda

Şəklin mənbəyi, Getty Images

Metrodan istifadənin yeni qaydaları açıqlanıb

Mayın 31-də Bakı metropoliteninin sərnişindaşıma fəaliyyətinin bərpa olunması barədə açıqlanan qaydalara əsasən, stansiyaların girişlərində sərnişinlərin hərarəti yoxlanılacaq. Bu barədə "Bakı Metropoliteni" QSC-nin yaydığı açıqlamada deyilir.

Məlumata əsasən, stansiyaların ərazisində və qatarlarda həmçinin tibbi maska taxılmalı və sosial məsafə gözlənilməlidir.

"Stansiyaların girişlərində sərnişinlərin tibbi maskadan müvafiq qaydada istifadə etməsi və sərnişinlərin hərarəti seçimli şəkildə tibbi avadanlıq vasitəsi ilə yoxlanılacaq".

Təlimata görə, yoxlama zamanı yüksək hərarəti olan sərnişinlər metropoliten ərazisinə buraxılmayacaqlar.

Bununla yanaşı tibbi maskadan düzgün istifadə etməyən sərnişinlərin inzibati məsuliyyətə cəlb olunacağı bildirilir.

Mayın 31-i səhər saat 6-dan stansiyalar sərnişinlərin girişinə açıq olacaq.