Ermənistanın sabiq Baş nazirindən könüllü dəstə yaradılması çağırışı, Azərbaycanda yaz imtahan sessiyası distant keçiriləcək

Hrant Baqratyan

Şəklin mənbəyi, panarmenian.net

Şəklin alt yazısı, Hrant Baqratyan
Çap edildi

Hrant Baqratyan Ermənistan vətəndaşlarını könüllü qoşun yaratmaq üçün Azadlıq meydanında toplaşmağa çağırıb. Ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası distant formada keçiriləcək - daha ətraflı BBC News Azərbaycancanın icmalında

Ermənistanın keçmiş Baş naziri Hrant Baqratyan könüllü dəstələr yaratmaq üçün Ermənistan vətəndaşlarını bu gün və yaxın günlərdə Azadlıq meydanında toplaşmağa çağırıb.

"Özümüzlə kağız-qələm gətirərik. İstəyənlər könüllü dəstələrə yazıla bilər. Biz onlardan döyüş birləşmələri formalaşdırarıq. Başqa çıxış yolu yoxdur,"- Baqratyan bazar ertəsi mətbuat konfransında bəyan edib.

Baqratyan iddia edib ki, Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Ermənistanın Tavuş vilayətinin 8 və Ararat bölgəsinin bir kəndini Azərbaycana verməyi vəd edib.

"O bir kənd isə Kərkidir, onu itirdikdən sonra Ermənistan Sünik yolundan da məhrum olacaq," - o deyib.

Bu barədə Baqratyan Azərbaycan mətbuatından xəbər tutduğunu bildirib.

Baqratyan deyib ki, azərbaycanlılar Sevliç gölünün (Qaragöl) o biri tərəfində "hərbiləşdirilmiş yaşayış məntəqəsi" yaratmaq istəyirlər.

Ermənistanın keçmiş baş naziri diqqəti ona yönəldib ki, "düşmən mövqeləri ələ keçirərək Sisian və Qoris şəhərlərinin su götürdüyü Sevliç gölünə nəzarət edir".

"Diqqətli olsanız, görərsiniz ki, düşmən məhz su olan əraziləri ələ keçirib," - Baqratyan deyib.

Azərbaycanla Ermənistan arasında bir neçə gündür ki, Zəngəzur bölgəsində Sevliç (Qaragöl) ətrafında gərginlik yaşanır. Ermənistan Azərbaycan hərbçilərinin sərhədi pozduğunu, Azərbaycan isə beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdiyini deyir.

distan forma imtahan təhsil

Şəklin mənbəyi, Pedro Fiúza/NurPhoto via Getty Images

Yaz imtahanı onlayn olacaq

Ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası distant formada keçiriləcək.

Bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Sənəddə qeyd olunur ki, müəyyən fənlər üzrə imtahanlar əyani formada keçirildiyi təqdirdə koronavirusla bağlı mübarizəyə dair göstərişlərə və hazırki dövrdə təhsilin təşkili qaydalarına riayət edilməlidir.

Əmrə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan sessiyasının qüvvədə olan normativ sənədlər əsasında təşkilini təmin etməli, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratmalıdırlar.

Bundan başqa, qərargaha daxil olan hər bir şikayət operativ şəkildə araşdırılmalı, imtahanların təşkilində və gedişatında nöqsanlara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülməlidir, sənəddə deyilir.