You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Rusiya hərbçiləri Qarabağda 9 May Qələbə Gününü qeyd ediblər, Qələbə Günü Suşada da qeyd olunub
Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü Şuşada qeyd olunub; Rusiya hərbçiləri Qarabağda 9 May Qələbə Gününü qeyd ediblər; "Şuşa, Qırıqağa, Cerabert məntəqələrində modul tipli şəhərciklərin inşası başa çatıb,"- Rusiya Müdafiə Nazirliyi bildirib - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Rusiya hərbçiləri Qarabağda 9 May bayramını qeyd ediblər
Qarabağdakı Rusiya hərbi kontingentinin yerləşdiyi bazada 9 May Qələbə Gününün qeyd olunmasına həsr olunmuş təntənəli mitinq keçirilib, Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilib.
Bu gün Qarabağda Rusiya hərbi kontingentinin yerləşdiyi bazada 450-dən çox hərbi qulluqçu Böyük Vətən Müharibəsində Qələbənin 76-cı ildönümünə həsr olunmuş təntənəli mitinqdə iştirak edib, Rusiya Müdafiə Nazirliyi bildirib.
Təntənəli tədbir Rusiya Müdafiə naziri Sergey Şoyqunun Qarabağdakı Rusiya hərbi kontingentinin şəxsi heyətinə video təbriki nümayiş etdirilib, məlumatda deyilib.
Təntənəli mitinqdə Qarabağda Rusiya kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov hərbçilərə təbrik nitqi ilə müraciət edib.
Sonra iştirak edənlərin hamısı Böyük Vətən müharibəsi cəbhələrində həlak olan əsgərlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirin gedişində 20 hərbçi Rusiya Federasiyası Müdafiə Nazirliyinin medal və fəxri fərmanları ilə təltif olunub.
Təntənəli tədbirin sonunda Rusiya müdafiə nazirliyinin mahnı və rəqs ansamblı hərbçilər üçün bayram konserti ilə çıxış edirib.
Qələbə Günü Suşada da qeyd olunub
Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşada təntənəli tədbir keçirilib, Azərbaycan Müdafiə Nazirliyi mayın 9-da bildirib.
İkinci Dünya müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni ifa olunub, məlumatda qeyd olunub
"Tədbirdə faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının müstəsna xidmətlərindən, Azərbaycanın milli atıcı diviziyalarının tarixi və şanlı döyüş yolu barədə ətraflı məlumat verilib," - Müdafiə Nazirliyinin məlumatında deyilib.
Hərbi orkestr müharibə illərinin mahnı və hərbi marşlarını ifa edib.
Mərasim şəxsi heyətin şəhərdə təntənəli keçidi ilə başa çatıb.
Rusiya Şuşada və digər məntəqələrdə modul tipli hərbi şəhərciklərinin inşasını başa çatdırıb
Moskva Qarabağda 30 hərbi şəhərciyin inşasını başa çatdırıb, Rusiya Müdafiə Nazirliyi bildirib.
Məlumata əsasən, Qarabağda Rusiya hərbi kontingentinin heyəti üçün "30 blok-modul şəhərciyinin inşası başa çatıb."
"Şuşa, Qırıqağa, Cerabert məntəqələrində modul tipli şəhərciklərin inşası başa çatıb,"- Qarabağda Rusiya Müdafiə Nazirliyinin inşaat qərargahının rəhbəri general-mayor Yuri Xort bildirib.
Onun təbirincə, indi Qarabağda Rusiya kontingentinin "hərbi qulluqçularının rahat yaşamaq üçün hər cür şəraiti var, bu da şübhəsiz ki, xüsusi tapşırıqların icrası üçün vacib elementdir."
Ümumilikdə, Rusiya Müdafiə Nazirliyinin mütəxəssisləri Qarabağda 250, 60, 40, 30 və 15 nəfər tutumlu 30 blok-modul şəhərciyi, həmçinin bir komanda məntəqəsi və rəhbər heyət üçün ev inşa ediblər. İnşaat işlərinə "təxminən 600 mütəxəssis və 65 texnika cəlb olunub," məlumatda deyilib.
Azərbaycanda vurulan vaksin dozalarının ümumi sayı 1 milyon 687 min 397 təşkil edib
Mayın 9-da Azərbaycanda COVID-19 infeksiyasına qarşı 25 min 625 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 3710, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 21915 nəfər olub.
İndiyədək Azərbaycanda vurulan vaksin dozalarının sayı 1 milyon 687 min 397 təşkil edib.
Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 5 min 678, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 681 min 719 nəfərdir, Operativ Qərargahın məlumatında deyilib.