Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov dəfn olunub

Şəklin mənbəyi, Anadolu Agency/Getty Images
Azərbaycan gənclər və idman naziri Azad Rəhimov bu gün Bakıda, II Fəxri Xiyabanda dəfn olunub.
Dəfn mərasimindən bir gün əvvəl Azad Rəhimovun oğlu, Formula1 turnirinin Azərbyacanda keçirilməsinə cavabdeh olan Azerbaijan Grand Prix şirkətinin rəhbəri Arif Rəhimov pandemiya səbəbindən dəfn mərasiminin məhdud çərçivədə keçiriləcəyi barədə sosial mediada paylaşım edib.
Azərbaycan gənclər və idman naziri Azad Rəhimov aprelin 30-da 57 yaşında vəfat edib.
Azərtac dövlət agentliyinin məlumatına əsasən, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.
Xəbərlərə görə, Azad Rəhimov uzun çəkən xəstəlikdən sonra vəfat edib.
Azərbaycan mediasının məlumatlarına əsasən, o, son 8 ay ərzində ABŞ-da müalicə olunurdu. Azad Arif oğlu Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub.
1971-ci ildə Bakıda 134 saylı məktəbə daxil olub.
1981-ci ildə məktəb orta təhsilini bitirərək Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinə daxil olub.
1986-cı ildə həmin fakültənin axşam şöbəsini bitirərək, ingilis dili müəllimi ixtisası alıb.
Əmək fəaliyyyətinə 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayıb.
1986-cı ilin iyun ayından 1987-ci ilin noyabr ayınadək Moskva şəhərində həqiqi hərbi xidmətdə olub.
1987-1989-cu illərdə Xətai rayon komsomol komitəsində şöbə müdiri, 1989-1990-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifəsində işləyib.
1994-1998-ci illərdə «Ros-İMESKO» Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru, 1998-ci ildən 2006-cı ilədək «İtaldizayn» Qapalı Səhmdar Cəmiyyətin baş direktoru olub.
2006-cı ilin fevralın 7-də Gənclər və İdman Naziri vəzifəsinə təyin olunub və o vaxtdan bəri bu vəzifədə çalııb.
Azad Rəhimov Azərbaycanda gənclər və idman sahəsiylə bağlı keçirilmiş irimiqyaslı layihələrin fəal iştirakçılarından biri olub.
Azərbaycanın Eurovision mahnı müsabiqəsində iştirakı ilə bağlı, 2015-ci ilin Birinci Avropa Oyunlarının və Formula1 yarışının Azərbaycanda keçirilməsi ilə bağlı mediada adı daha çox hallandırılan şəxslərdən biri Azad Rəhimov olub.
Formula1 turnirinin Azərbyacanda keçirilməsilə bağlı məsələlərə cavabdeh olan və turniri təşkil edən Azerbaijan Grand Prix şirkətinə Azad Rəhimovun oğlu Arif Rəhimov başçılıq edir.
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması üzrə Beynəlxalq Jurnalist Layihəsi (OCCRP) Azərbaycanın Gənclər və İdman Naziri Azad Rəhimov tərəfindən ona yaxın olan şirkətlərin vasitəsilə 10 ildən çox müddət ərzində iri miqyaslı korrupsiyaya yol verdiyini iddia edib.
Öz növbəsində, Azad Rəhimov 2018-ci ilin oktyabrında Avropa Şurası İdman Nazirlərinin 15-ci konfransında iştirak edərkən "Azərbaycanda idman sahəsində korrupsiya anlayışının olmadığını" bəyan edib.
Azad Rəhimovun babası Sadıq Rəhimov 1954-1958-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Sədri olub, 1965-1975-ci illərdə isə Azərbaycan SSR Yüngül Sənaye Naziri olub.
Azad Rəhimov 2015-ci ildə "Şöhrət" ordeni, 2019-cu ildə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, Fövqaladə Hallar Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Təhlükəsizlik Xidmətinin medalları ilə təltif edilib.



















