"Onlar xalqı çaşdırırlar," - Rüstəm Muradov, Yerevanda Müdafiə Nazirliyinin qarşısında vəziyyət gərgindir

Şəklin mənbəyi, Alexei Nikolsky/TASS
Qarabağdakı rus sülhməramlılarının komandiri Rüstəm Muradov Azərbaycanda saxlanan erməni hərbçilərinin Ermənistana qaytarılması iddiaları barədə, Yerevanda Müdafiə Nazirliyinin qarşsında vəziyyət gərgindir, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb, - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
"Bu, adi işgüzar səfər olub"
"Hraparak" (Meydan) saytının yaydığı video görüntüyə görə, aprelin 8-də Bakıdan Ermənistana hərbi əsirlərin gətirilməsi haqqında heç bir razılaşma olmayıb.
Müxbirin (göründüyü kimi, aeroportda) sualına: "Niyə dünən Ermənistan rəsmiləri hərbi əsirlərin qaytarılacağını deyirdi?" - sualına Qarabağdakı rus sülhməramlılarının komandiri Rüstəm Muradov cavab verib ki, "bu provokasiyadır".
"Bu, yalan təxribatdır. Onlardan soruşun. Onlar xalqı çaşdırırlar. Heç nə planlaşdırılmayıb. Bu, adi işgüzar səfər olub", - Muradov deyib.
Sputnik Armenia yazmışdı ki, erməni "hərbi əsirlərin sərbəst buraxılmasına dair Moskvanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında pərdəarxası danışıqlar heç bir nəticə verməyib".
"Əsirlərin bir hissəsini Bakıdan aprelin 8-i axşam saatlarında Yerevana aparmalı olan təyyarə cümə gününə keçən gecə boş qayıdıb. Təyyarənin göyərtəsində Qarabağdakı rus sülhməramlılarının komandiri Rüstəm Muradov olub," - Sputnik Armenia iddia edib.
Gündəlik Hraparak saytı isə "təyyarənin Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, inşası Sünik (Zəngəzur) bölgəsində nəzərdə tutulan yeni bir magistral yolun qərarını verəcək türk-azərbaycanlı nümayəndə heyətini gətirdiyini" iddia edib.
Ermənistan Müdafiə Nazirliyi belə bir nümayəndə heyətinin gəlmədiyini bildirib.
Ermənistanın Baş nazirinin birinci müavini Tiqran Avinyanın ofisi verdiyi açıqlamada "əsirlərin qaytarılmasının təxirə salındığını" və "Rusiyanın vasitəçiliyi ilə danışıqların davam etdiyini" söyləyib," - erməni mediası yazır.
Bu arada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 8-də Bakıda hərbi əsirlərlə bağlı məsələnin "qapandığını" bəyan edib.
Azərbaycanın ötən il "noyabr ayının sonunda 70-dən çox əsiri Ermənistana təhvil verdiyini" deyən nazir əlavə edib ki, "dekabr ayında tutulan 62 erməni hərbçisi əsir götürülə bilməz, əksinə "terrorçu" və "cinayətkar" kimi qəbul edilə bilər".

Şəklin mənbəyi, news.am
Ermənistanda valideynlər etiraz edir
Hazırda Yerevanda Müdafiə Nazirliyinin binası qarşısında vəziyyət gərgindir.
Valideynlər nazirliyin ərazisinə daxil olmağa çalışır, hasarlara dırmaşır, darvazanın bir hissəsini sındırıblar. Polis onları sakitləşdirməyə çalışır.
Onlar müdafiə naziri və ya Baş qərargah rəisinin çıxıb onlara cavab verməsini tələb edirlər. Qurum rəhbərliyi onların nümayəndələrini nazirlik ərazisində görüşə dəvət edir.
Bəzi valideynlər butulkalara benzin doldurub partlatmaqla hədələyir.
İkinci Qarabağ müharibəsi zamanı 2020-ci ilin sentyabr-noyabr aylarında itkin düşmüş erməni əsgərlərinin qohumları Müdafiə Nazirliyini mühasirəyə alıblar.

Azərbaycanda saxlanan erməni hərbçilərinin yaxınları yolu bağlayıblar
Ermənistanın Şirak vilayətində 2020-ci il sentyabr-noyabr Qarabağ müharibəsindən sonra Azərbaycanda saxlanan hərbçilərin qohumları onların qaytarılması üçün Ermənistan hakimiyyətinin "kifayət qədər səy göstərmədiyinə" etiraz olaraq, Gümri-Yerevan və Aşotsk-Vanadzor yolları bağlayıblar.
Ermənistanın Şirak vilayətindən olan hərbçilər dekabrın 16-da Dağlıq Qarabağın Xtsaberd kəndi yaxınlığında Azərbaycan silahlı qüvvələri tərəfindən saxlanıblar.
Ermənistan onları "hərbi əsir" adlandırır, Azərbaycan isə hərbçilərin ölkəyə 44 günlük müharibəni dayandıran 10 noyabr razılaşmasından sonra girdiyini əsas gətirərək onları "təxribatçı qrup" sayır və bildirir ki, hərbçilər Azərbaycan Cinayət Məcəlləsinə uyğun olaraq istintaqa cəlb olunublar.
İkinci Qarabağ müharibəsində itkin düşən hərbçilərin qohumları isə artıq bir sutkadan çoxdur ki, Ermənistan Müdafiə Nazirliyi binasını hər tərəfdən əhatəyə alıb, giriş-çıxışları bağlayıb. Binada qalan nazirlik işçiləri binanı tərk edə bilmirlər.
Etiraz aksiyası aprelin 8-də səhər başlayıb. İtkin hərbçi yaxınları avtomobillərlə nazirlik ərazisinin bütün giriş və çıxışlarını bağlayıblar.
İkinci Qarabağ müharibəsində itkin düşənlərin qohumları atəşkəs haqqında bəyanat qəbul olunduqdan sonra bir neçə belə aksiya keçiriblər. Onları Baş nazir Paşinyan da qəbul edib və itkin düşənlərin tapılması və ya onlar barəsində məlumat vermək üçün əlindən gələni edəcəyini bildirib.

Şəklin mənbəyi, Getty Images
Vladimir Putin İlham Əliyevlə nə danışıb?
Rusiya Prezidenti Vladimir Putin aprelin 8-də Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi edib, məlumatı Azərbaycan Prezidentinin rəsmi saytı yayıb.
Məlumatda bildirilir ki, söhbəti zamanı iki ölkə rəhbərliyi Dağlıq Qarabağ ətrafında vəziyyət, Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistanın Baş nazirinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarına müvafiq olaraq, vəziyyətin daha da sabitləşdirilməsinin müzakirəsini davam etdirib.
"Söhbət zamanı xüsusi olaraq sülhün, təhlükəsizliyin və regionun davamlı sosial-iqtisadi inkişafının təmin olunması, həmçinin nəqliyyat kommunikasiyalarının bərpası üzrə işin gedişi ətraflı şəkildə nəzərdən keçirilib. Bu baxımdan aprelin 7-də Moskvada Rusiya-Ermənistan yüksək səviyyəli görüşünün yekunları nəzərə alınıb. Müxtəlif formatlarda təmasların fəallaşdırılması qərara alınıb," - məlumatda deyilir.
Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 7-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə baş tutmuş və 3,5 saat davam etmiş görüşünü "çox intensiv və məhsuldar" adlandırmışdı.





























