Ermənistanda hərbi xidmətdən boyun qaçıranlar əfv olunacaq, Erməni hərbçilərin nəşi DNT ekspertizası üçün xaricə göndərilir

Şəklin mənbəyi, mil.am
Ermənistanda hərbi mükəlləfiyyətdən boyun qaçıranlar əfv olunacaq, Qarabağ müharibəsində həlak olan erməni döyüşçülərin cənazəsi DNT ekspertizası üçün xaricə göndərilir, Paşinyan Moskvada Putinlə görüşü "çox intensiv və məhsuldar" adlandırıb - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Ermənistanda hərbi mükəlləfiyyətdən boyun qaçıranlar əfv olunacaq
Ermənistan hökuməti hərbi xidmətdən qaçınan və 27 yaşı tamam olmuş vətəndaşların əfv olunması haqqında qanun layihəsini qəbul edib.
Layihəyə əsasən, məcburi hərbi və ya alternativ xidmətdən, təlim çağırışları yaxud səfərbərlikdən boyun qaçırmaqda ittiham olunan və ya şübhəli bilinən 27 yaşı tamam olmuş sıravi və 35 yaşı tamam olmuş ehtiyatda olan zabitlər heyəti cinayət məsuliyyətindən azad olunur.
Müvafiq maddələr üzrə cəzasını çəkən şəxslər azad olunmalı, şərti məhkum olunanlar üzərindən ittihamlar götürülməli, müddətdən əvvəl şərti azadlığa buraxılanlar üzərindən nəzarət ləğv olunmalıdır.
Qanun layihəsini təqdim edən ədliyyə naziri Rustam Badasyanın sözlərinə görə, bu qanunun qəbul olunması hərbi xidmətdən qacınan və xarici ölkələrdə yaşayan yaxud sığınan Ermənistan vətəndaşlarına qayıdıb vətənin iqtisadi, sosial, mənəvi və mədəni həyatının inkişafında iştirak etməsinə imkan verər.
Aprelin 5-nə olan məlumata görə, hazırda bu qəbildən olan 5130 vətəndaş var.
2020-ci il yanvarın 1-nə qədər qüvvədə olan qanuna əsasən, hərbi mükəlləfiyyətdən, məcburi təlim toplanışlarında qacınanlara təxminən 3,8 min dollara ekvivalent məbləğində Ermənistan dramı cərimə ödəyib cinayət məsuliyyətindən azad olmaq imkanı verirdi.

Şəklin mənbəyi, Facebook/"Qarabağ Fövqəladə hallar xidməti"
Qarabağ müharibəsində həlak olan erməni hərbçilərin nəşi DNT ekspertizası üçün xaricə göndərilir
Ermənistanda 2020-ci il Qarabağ müharibəsində həlak olanların bəzi valideynləri və qohumları öz övladları və yaxınlarının cənazələrinin eyniləşdirilməsi üçün xaricə göndərirlər.
Bu məlumatı cümə axşamı günü nazirlər kabinetinin növbəti iclasından sonra jurnalistlərlə söhbətində Ermənistan səhiyyə naziri Anahit Avanesyan təsdiqləyib.
Daha əvvəl yerli informasiya vasitələri məlumat yaymışdı ki, bəzi həlak olanların qohumları Ermənistanda keçirilən DNT ekspertizasının nəticələrinə etibar etmir və xaricdə təkrar analizlər keçirirlər.
Nazirin sözlərinə görə, belə hallar tək-tək təsadüf edir, lakin bu, valideynlərin haqqıdır.
Müharibədən sonra bəzi cənazələr və bədən hissələrinin qohumlarına təqdim etmək üçün eyniləşdirməyə ehtiyac olur və DNT ekspertizası keçirilir.
Səhiyyə Nazirliyinin martın 21-nə olan məlumatına görə, 3723 ekspertiza keçirilib, 2302 həlak olanların qohumları ilə DNT analizləri uyğun olub.
Bu rəqəmlər Müdafiə Nazirliyinin açıqladığı rəqəmlərdən fərqlənir. Ermənistan Müdafiə Nazirliyi müharibədə 3049 ölüm halının qeydə alındığını bildirib, rəsmən isə onların 2836 nəfərdən ibarət siyahısı dərc edilib.
Döyüş əməliyyatları dayandırıldıqdan sonra aparılan axtarışlar nəticəsində 1530 meyit tapıldığı bildirilir.

Şəklin mənbəyi, TASS
Nikol Paşinyan Putinlə görüşünü "çox intensiv və məhsuldar" adlandırıb
Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşünü "çox intensiv və məhsuldar" adlandırıb.
TASS xəbər agentliyi Nikol Paşinyanın çərşənbə günü Rusiyadakı Erməni Hüquqşünaslar Assosiasiyasının üzvləri ilə görüşündəki çıxışına istinadən yazır.
"Üç saat yarımlıq görüşdə Vladimir Putinlə bir çox məsələni müzakirə etdik. Heç bir razılaşma imzalanmamasına baxmayaraq görüş məhsuldar keçdi," - Paşinyan deyib.
O bildirib ki, "imzalanmış müqavilələrin icrası da daxil olmaqla bir çox razılaşma müzakirə olunub".
"Bizim ortaq Ermənistan-Rusiya hərbi qruplaşması və ortaq regional hava hücumundan müdafiə sistemi barədə razılaşmalarımız var. Rusiya Prezidenti ilə mən bölgədəki bu yeni vəziyyətdə həmin razılaşmaların həyata keçirilməsi üçün xüsusi plan və mexanizmləri müzakirə etdik," - Ermənistan lideri açıqlayıb.
Hökumət başçısının sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsindən sonra gündəmə gətirilən həlledici məsələlərdən biri də tərəfdaş Rusiyanın dəstəyi ilə Ermənistan Silahlı Qüvvələrində aparılacaq islahatdır.






























