XİN: Qarabağda indiyədək 20 Azərbaycan vətəndaşı minaya düşərək həlak olub, 85 nəfər yaralanıb

Şəklin mənbəyi, XARİCİ İŞLƏR NAZİRLİYİ
"10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoyulduğunu elan edən üçtərəfli bəyanat imzalandığı vaxtdan bu günədək, işğaldan azad olunmuş ərazilərimizdə mina partlaması nəticəsində aralarında 14 nəfəri mülki şəxs olmaqla, 20 nəfər Azərbaycan vətəndaşı həlak olub," - Azərbaycan XİN-in Beynəlxalq Mina Xəbərdarlığı Günü ilə əlaqədar yaydığı bəyanatda deyilib
"85 vətəndaşımız (o cümlədən, 16-sı mülki şəxs) ağır yaralanıb," - bəyanatda qeyd olunub.
Rəsmi Bakı Ermənistan hökumətinin "mina yerləri ilə bağlı məlumatı bölüşməkdən imtina etməsindən qaynaqlanan təhlükə ilə bağlı ciddi narahatlığını" bildirib.
"Bu, beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır, - bəyanatda deyilib. - Minaların yerləşdirilməsi, etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlının öz torpaqlarına qayıtmasına və bu insanların fundamental hüquqlarının həyata keçirilməsinə maneə olmaq ionda sülh, təhlükəsizlik və əməkdaşlığın reallaşdırılmasına başlıca əngəl olmaqda davam edir."
Rəsmi Bakı bildirib ki, "ərazilərin kütləvi minalanması Azərbaycan hökumətinin başlatdığı bərpa və yenidənqurma planlarının həyata keçirilməsinə ciddi şəkildə mane olur."
"Ən əsası isə bu, yüz minlərlə məcburi köçkünün öz evlərinə təhlükəsiz və layiqli şəkildə qayıtmaq kimi ayrılmaz hüququnun həyata keçirilməsinə mənfi təsir göstərir. Təxminən otuz ildir ki, evlərindən didərgin düşmüş ailələr, ərazilər minalardan təmizlənmədiyi üçün hələ də təhlükəsiz şəkildə öz evlərinə geri dönə bilmirlər," - Azərbaycan XİN-i vurğulayıb.
Fevral ayının sonunda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təmizləmə üzrə əməliyyat meneceri Mədəd Məmmədov BBC News Ruscaya bildirmişdi ki, "əsas işimiz kommunikasiya xətləri keçən ərazilərin minalardan təmizlənməsidir." O, bu işin dövlət tapşırığı əsaında görüldüyünü qeyd etmişdi.
"Ərazilərin minalanma faizləri dəqiqləşdirilməlidir və biz bilməliyik ki, neçə faiz ərazi minalanmış sahədir, nə qədər ərazi sursatlarla çirklənmiş sahədir. Hazırda minatəmizləmə ilə bağlı xaricdən qüvvələr gətirilir. ANAMA da hazırda texnologiyaların bu işlərə qoşulması ilə məşğuldur. Bütün ərazilərin minalardan təmizlənməsi müddəti Azərbaycana gələcək qüvvələrdən və o qüvvələrin nə qədərinin işə cəlb olunacağından asılıdır. Ondan sonra bilmək olar ki, ərazi nə qədər müddətə təmizlənib qurtara bilər", - Mədəd Məmmədov deyib.
"Yaşayış məntəqələri, kolluq, dağlıq ərazilər fərqli metodlarla müxtəlif müddətlərə təmizlənir."
"Minalar qarışıq döşənib" deyən Cənab Məmmədov qeyd edib ki, "tank əleyhinə minalarla, piyada əleyhinə minalarla, sonra sürpriz qurulmuş minalarla qarşılaşırıq".
"Təkcə o demək deyil ki, ön xətt, təmas xətti minalanıb. Xeyr, bu ərazilərdə 1992-ci ildən başlayaraq ta bugünkü günə kimi döyüşlər gedib və o ərazilər də vaxtında minalanmış ərazilərdir. Ermənistan tərəfindən bizə minalanmış ərazilərin xəritəsi bizə verilməyib. Xəritələrin bizə verilməməsi bizim işimizi həddindən artıq çətinləşdirir və mürəkkəbləşdirir.
"30 metr enində bir dənə mina xəttinə rast gələndə ordan ən azı 100-150 mina tapıb çıxara bilirik",- Mədəd Məmmədov deyib.
O deyir ki, ANAMA-nın iş prinsipi humanitar qaydalara əsaslanır və mina təmizləmə işlərində BMT standartları izlənilir.
"Biz Türkiyə və ya Rusiya hərbçiləriylə əlaqələr qurmuruq. Əsasən BMT ilə birgə işləyirik. Təmizlədiyimiz ərazi də hərbçilərin təmizlədiyi ərazilərdən fərqli olaraq humanitar qaydalara uyğun olur. Hərbçilərin öz standartları var, onların standartları bizim mina təmizləmə qaydaları ilə uyğunlaşmır", cənab Məmmədov deyib.
Mütəxəssisin sözlərinə görə, atəşkəsdən sonra Ağdam, Ağcəbədi və Füzulidə polis və hərbçilərin ciddi nəzarətinə baxmayaraq 40-dan çox adam mina partlayışından həlak olub.




























