Rusiya Şuşada hərbi şəhərcik qurur? Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda uşaq bağçaları "bağlanır"

Rusiyalı hərbçilər

Şəklin mənbəyi, Rusiya Müdafiə Nazirliyi

Çap edildi

Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda bağçalar bağlanır,"Dördgünlük aprel müharibəsindən ibrət almasaydıq, 44 günlük şücaətli döyüş başqa müddətə və başqa cür bitərdi," - Ermənistanın hərbi rəsmisi Artak Davtyan Yerevanda "Yerablur" hərbi panteonunda jurnalistlərə deyib. Keçmiş deputat Rafael Cəbrayılov barəsində həbs qətimkan tədbiri seçilib, - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Rusiya Laçın və Şuşada hərbi şəhərciklər quracaq?

Dağlıq Qarabağda Rusiya hərbi kontingenti üçün səyyar modul tipli şəhərciklər aprelin 5-dək istifadəyə veriləcək. Aprelin sonuna qədər isə sülhməramlılar üçün nəzərdə tutulan səyyar xəstəxana işə düşəcək, bunu Rusiya müdafiə nazirinin müavini Dmitri Bulqakov jurnalistlərə bildirib.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, bu cür şəhərciklər yaxın zamanlarda Sisian-2, Çartar, Laçın, Sos, Canyataq, Qırmızı Bazar, Ağdərə, Zarıslı, Şuşa, Zabux, Cebrabert, Qırıqağa yaşayış məntəqələrində də qurulacaq.

Bulqakov Xankəndidə Rusiya hərbçiləri üçün 250 nəfərlik növbəti blok-modul tipli şəhərciyin açılışı və istismara verilməsi mərasimində iştirak edib.

"Hazırda biz 25 belə şəhərcikdə avadanlıqların quraşdırılması və istismara verilməsi işlərini başa çatdırırıq. Aprelin 5-dən gec olmayaraq onların hamısı hazır olacaq," - Bulqakov deyib.

Bulqakov, həmçinin Rusiyanın müdafiə naziri Sergey Şoyqunun qərarı ilə Dağlıq Qarabağda rusiyalı hərbçilər üçün səyyar hospitalın tikildiyini də qeyd edib. Həmin hospital aprel ayının sonunadək hazır olmalıdır.

Ötən il noyabrın 10-da, 44 günlük müharibədən sonra Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanan atəşkəs razılaşması əsasında Rusiya bölgəyə öz sülhməramlılarını göndərib. Rus sülhməramlılarının sayı bu razılaşmaya görə 2 minə yaxındır.

Rusiya Müdafiə Nazirliyinin yaydığı xəritəyə əsasən, Şuşa rus sülhməramlıların müşahidə-nəzarət trayektoriyasında göstərilməyib.

Azərbaycan rəsmiləri hələ ki, rus sülhməramlıları üçün Şuşada şəhərcik tikiləcəyi ilə bağlı Rusiya Müdafiə Nazirliyinin məlumatını şərh etməyib.

Paşinyan erkən seçkiyə Seçki Məsəlləsini dəyişməklə başlayır

Pashinyan

Şəklin mənbəyi, Reuters

Ermənistan Milli Məclisi cümə axşamı günü növbədənkənar iclasında Seçki Məcəlləsində dəyişiklik və əlavələr etmək haqqında qanun layihəsini qəbul edib. Dəyişikliklər namizədlərin yerli fərdi siyahıları üzrə seçkilərdə iştirak etməsini təmin edən reytinq seçki sisteminin ləğv edilməsini nəzərdə tutur.

Qanun layihəsinin lehinə 82 millət vəkili: "Mənim addımım" iqtidar fraksiyası üzvləri və bir qrup müstəqil deputat səs verib. Müxalif Firavan Ermənistan və Zəkalı Ermənistan fraksiyaları səsvermədə iştirak etməyiblər.

Beləliklə, seçicilər tək proporsional sistem üzrə - konkret siyasi qüvvəyə səs verməlidirlər.

İqtidar hesab edir ki, yeniləşdirilmiş Seçki Məcəlləsi seçki prosesini müəyyən qeyri-siyasi ünsürlərin, sırf öz mənfəətini güdən şəxslərin qanunverici orqana müdaxilə etmək, kriminal ünsürlərə, yerli "nüfuzlara" hər hansı siyasi qüvvə üçün səslər təmin etməsi və seçki prosesində rüşvətçilik əlaqələrinin aradan qaldırılmasına xidmət etməlidir. Və beləliklə, seçki prosesində maddi və ya başqa resursların deyil, siyasi ideya və ideologiyaların rəqabəti üçün zəmin yaradılar.

Seçki gününə 2-3 ay qalmış seçki qaydalarının dəyişməsi iyunun 20-nə təyin olunmuş seçkilərin legitimliyini şübhə altına qoyur, çünki tək parlamentin iqtidar çoxluğu tərəfindən və müxalif fraksiyalar iştirak etmədən qəbul olunub, Zəkalı Ermənistan fraksiyasının lideri Edmon Marukyan bəyan edib.

"Səsvermə gününə 2-3 ay qalmış edilən bu islahat seçki qanunvericiliyin yaxşılaşdırılması deyil, iqtidar üçün daha sərfəli oyun qaydalarını yaratmaq məqsədi güdür", - o deyib.

Müxalif medianın iddiasına görə, "Mənin addımım" iqtidar fraksiyasının bölgələrdə az-çox tanınmış namizədi yoxdur, ötən seçkilərdə isə bu hərəkata o zaman sırf Nikol Paşinyanın şəxsi populyarlığı üstünlük gətirib.

Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda bağçalar bağlanır

bağçalar aprelin 5-də bağlanır

Şəklin mənbəyi, Getty Images

Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən bağçalar bağlanır, Trend agentliyi Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən yazır.

Xəbərə görə, mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, aprelin 5-dən etibarən qeyd olunan ərazilərdə yerləşən məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti dayandırılır.

Cümə axşamı günü Operativ Qərargah aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun məktəblərində əyani tədrisin dayandırılacağını açıqlayıb.

Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

Bu həftə Azərbaycanda koronavirus diaqnozu ilə ölənlərin sayı 100-ü ötüb.

Artak Davtyandan aprel və "İskender" haqqında

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Artak Davtyan

Şəklin mənbəyi, News.am

Şəklin alt yazısı, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Artak Davtyan

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Artak Davtyan erməni tərəfin 2016-cı ildə Dağlıq Qarabağda dörd gün davam edən döyüşlərdə "Dağlıq Qarabağın tamamilə itirilməsi" təhlükəsi yarandığını bildirib.

"Dördgünlük aprel müharibəsindən ibrət almasaydıq, 44 günlük şücaətli döyüş başqa müddətə və başqa cür bitərdi," - Artak Davtyan Yerevanda "Yerablur" hərbi panteonunda jurnalistlərə deyib.

Onun sözlərinə görə, erməni tərəfi Qarabağı tamamilə itirərdi və bu, 15-20 günə baş verərdi.

Baş Qərargah rəisi Ermənistanın 2020-ci il Qarabağ müharibəsində "İsgəndər" raket kompleksindən istifadə etməsinə dair suala cavab verməkdən imtina edib.

Report

Şəklin mənbəyi, Report

"İsgəndər" raketləri "70-80 metr ara ilə Şuşanın iki yerində aşkarlanıb"

Bu gün Bakıda Ikinci Qarabağ Müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi "İskəndər" raketlərinin qalıqları nümayiş olunur.

Bu barədə Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Operativ Qərargahının rəisi İdris İsmayılov BBC News Azərbaycancaya məlumat verib.

O bildirib ki, nümayiş etdirilən qalıqlar Şuşa şəhəri istiqamətində 70-80 metr ara ilə iki ərazidə aşkarlanıb".

"Mütəxəssislər tərəfindən ərazidə raket qalıqlarına baxış zamanı "9M723" raketi - hansı ki, onun kod adının "İsgəndər" olduğu müəyyən olunub. Raketin uzunluğu 7 metr 23 sm, diametri isə 920 millimetrdir. Bildiyiniz kimi, bu raketin bir neçə növü var. Raket qalıqlarının üzərində modelini dəqiqləşdirəcək yazıya rast gəlinməyib".

Onun sözlərinə görə, hazırda bu raketin hansı növə aid olması istiqamətində və Şuşa şəhərində düşdüyü ərazidə ANAMA-nın əməkdaşları tərəfindən araşdırmalar aparılır.

"Raket tam olaraq partlayıb, onun içərisində heç bir partlayıcı maddə yoxdur. Onun qalıqları tam şəkildə aşkarlanıb," qurum rəsmisi deyib.

İdris İsmayılov həmçinin bildirib ki, bu günədək Şuşada 100-dən artıq partlamamış hərbi sursat aşkar olunub.

"İskəndər" raketlərinin qalıqları "Azərlandşaft" Açıq Səhmdar Cəmiyyətinin ərazisində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri tərəfindən nümayiş olunur.

Putin və Peskov

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Vladimir Putin və onun mətbuat katibi Dmitri Peskov

Kreml rəsmisi "xəbərsizdir"

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qarabağda Azərbaycan hərbçilərinin İskəndər raketlərinin parçalarının tapması barədə Rusiya Müdafiə Nazirliyinin Prezident Putinə məruzə edib-etməməsindən xəbərdar olmadığını bildirib.

"Xeyr, anladığım qədər bu, yeni bir məlumatdır," - Peskov deyib.

"Bizim hərbçilərimizdə bu məsələyə dair hansısa təfsilatlı məlumatın olub-olmadığı, hərbçilər tərəfindən məruzə edilib-edilmədiyi mənə məlum deyil. Bu, əlbəttə ki, daha çox onların səlahiyyətlərinə aiddir," - Kreml rəsmisi vurğulayıb.

TASS qeyd edib ki, Peskov 2020-ci ilin payızında "Dağlıq Qarabağda münaqişənin kəskinləşməsi zamanı İskəndər raketlərindən istifadə olunmadığını xatırladıb".

"Bu [raketlərdən istifadə olunmaması] təsdiqlənib," - TASS Dmitri Peskovun sözlərini iqtibas edib.

Peskov deyib ki, Azərbaycan tərəfinin aşkar etdiyi raket qırıntılarının nə yolla orada peyda olmasından Kreml "xəbərsizdir."

Keçmiş deputat Rafael Cəbrayılov barəsində həbs qətimkan tədbiri seçilib

Şəklin mənbəyi, Azertac

Deputat dələduzluqda günahlandırılır

Milli Məclisin III, IV və V çağırış deputatı olmuş Rafael Cəbrayılov barəsində həbs qətimkan tədbiri seçilib, məlumatı Azərbaycan Baş Prokurorluğu yayıb.

Qurum Rafael Cəbrayılovu deputat olarkən "öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməkdə" ittiham edir.

"Ona Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir," - məlumatda deyilir.

Hazırda Rafael Cəbrayılovun "törətmiş olduğu cinayət əməllərinin tam dairəsinin, o cümlədən vətəndaşlara vurduğu ziyanın məbləğinin müəyyənləşdirilməklə zərərin ödətdirilməsi istiqamətində intensiv istintaq aparılır," - Baş Prokurorluq bildirib.

Məsələ ilə bağlı Rafael Cəbrayılovun ona verilən ittihama münasibəti bəlli deyil.

Nə baş verib?

2019-cu ildə Rafael Cəbrayılovun külli miqdarda borc alması müqabilində deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərləri yayılıb.

2019-cu ilin oktyabr ayında payız sessiyasına başlayan Milli Məclisdə Rafael Cəbrayılovun istefa verdiyi məlum olub.

Həmin vaxt Milli Məclisin İntizam Komissiyasının üzvü Hikmət Babaoğlu BBC News Azərbaycancaya bildirmişdi ki, Rafael Cəbrayılov deputat mandatından imtina ilə əlaqədar müraciət edib.

1958-ci il təvəllüdlü Rafael Cəbrayılov 46 saylı Şirvan seçki dairəsindən deputat seçilib, bitərəf olub. Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü olub.

Azərbaycan Müdafiə Nazirliyi aprel döyüşləri

Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

Bu gün 2016-cı ildə baş vermiş aprel döyüşlərindən 5 il ötür

Bu gün Azərbaycan və Ermənistan arasında 2016-cı ildə baş vermiş aprel döyüşlərinin 5-ci ildönümüdür.

2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin "təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib", - Azərtac agentliyi yazıb.

Həmin vaxt Azərbaycan Müdafiə Nazirliyi döyüşlər nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklərin, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyinin və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndinin və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelərin düşməndən azad olunduğunu açıqlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında 4 günlük aprel döyüşlərinin Erməni tərəfinin bir neçə ildir ki, davam etmiş "təxribatlarına cavab olduğunu" bəyan edib.

"Azərbaycan Ordusu öz doğma torpaqlarını müdafiə edərək, uğurlu əks-hücum əməliyyatı keçirmiş və düşmənə sarsıdıcı zərbələr endirmişdir," - Prezident 2017-ci ildə bir qrup Azərbaycan hərbçisi ilə görüşündə açıqlayıb.

Azərbaycan Müdafiə Nazirliyinin 2018-ci ildə yaydığı məlumata görə, döyüşlər zamanı "320-dən artıq erməni hərbçi qulluqçusu ölüb və 500-dən çoxu yaralanıb".

"Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu, Madagiz yaşayış məntəqəsinə yerləşən qərargahı və əsas hərbi hissələri sıradan çıxarıldı. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi," - qurum bəyan edib.

"Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb," - TRT Azərbaycan yazıb.

Azərbaycanla Ermənistan arasında 4 günlük döyüşlər aprelin 2-də başlayıb, 5-də başa çatıb.